Translar flört zamanı trans olduqlarını demək məcburiyyətində deyillər. Əksini iddia etmək transfobiyadır.
2014-cu ildə 26 yaşlı flippinli qadın Cenifer Laude (Jeniffer Laude) amerikalı dənizçi ilə sevişdikdən sonra qətlə yetirilib. Şübhəli Cozef Skot Pemberton (Joseph Scott Pemberton) Ceniferi şüurunu itirənə qədər tualetdə boğmağa davam edib.
Nəticədə isə bu cinayət geniş miqyaslı qəzəbə səbəb oldu. Bəziləri cinayətin dəhşətinə hiddətlənirdi, lakin elələri də vardı ki, cinayətin fərqli detalına qəzəbliydi; onların fikrincə, Ceniferin çox böyük qəbahəti vardı – trans qadın olduğunu seks partnyoruna deməmişdi. “Əksər natranslar/sis-heteroseksuallar (1) hesab edir ki, Cenifer trans olduğunu əvvəlcədən bildirsəydi, indi sağ olardı”. CNN-nin Facebook səhifəsində bu xəbərə gələn şərhlərdən belə qənaətə gəlmək olur.
Trans şəxs kimi bu yanaşma ilə həmişə qarşılaşıram. Sisheteroların fikrincə, əgər trans şəxs flörtləşdiyi şəxsə trans olduğunu demirsə, bu, həmin transın yalançı olduğunu göstərir – sisheterseksuallar ciddi-cəhdlə bu fikri müdafiə edir. Laude Pembertona trans olduğunu demədiyi üçün Pemberton cinsi zorakılığa (zorlanma) məruz qaldığını iddia edirdi. Hətta özünü translarla “müttəfiq” hesab edən sisheteroseksuallar da eyni şeyi fikirləşirdi. Arqumentləri isə budur ki, əgər sisheteroseksual şəxs üçün trans şəxs romantik, yaxud cinsi mənada cəlbedici deyilsə, trans şəxslə flört etməyə başlamadan əvvəl bunu bilməlidirlər. Bu, onların ən təbii haqqıdır. Bu şəxslər translığı sadəcə cinsi və romantik mənada maraqlı, cəlbedici hesab etmədikləri fiziki bir xüsusiyyət kimi görürlər. Buradakı məntiq xətası isə odur ki, sözügedən sishetero şəxsin translara açıq-aşkar marağı (cinsi və ya romantik istəyi) var, əks halda təsadüfən kiminləsə flört etməkdən narahat olmazdı. Beləliklə, bu şəxslər hər hansı fiziki xüsusiyyətə görə translara qarşı istək hiss etmədiklərini demirlər, sadəcə olaraq translıq fikrindən iyrəndikləri üçün translar onları cəlb etmir.
Translar barədə neqativ fikirlər hamımızın içinə hələ uşaqlıqdan təlqin edilir. İkili cinsiyyət sistemi (binary) Avropa cəmiyyətlərinin əsasını təşkil edir. Bu ikili sistemə görə, ancaq qadın və kişilər mövcuddur, hər birinin də öz rolu var. Cəmiyyətdə hakim fikrə çevrilməsi üçün ikili cinsiyyət sistemi sərt və sarsılmaz olmalıdır. Elə buna görə də doğulduğumuz gündən etibarən bizə təlqin edilir ki, gender normalarının dəyişməz və kəskin xətləri olduğuna inanaq. Yəni penisimiz varsa, kişi olduğumuz deyilir, vaginamız varsa, qadın. Translar belə bir cinsiyyət anlayışını alt-üst edən, bu sistemi dağıdan canlı sübutlardır. Mövcudiyyətimiz isə bu ikili cinsiyyət sisteminin təməlini sarsıtmaq təhlükəsi daşıdığı üçün daim canavarlaşdırılırıq. Məsələn, xüsusilə ağdərili olmayan trans qadınlar trans olduqları üçün öldürülürlər.
Transfobik təzyiq göstərənlərin bəhanəsi translığın təbiətən iyrənc olduğunu iddia etmələridir. Məsələn, “trans vahiməsi” adı altında özünümdafiə taktikası hələ də mövcuddur. Bu özünümüdafiə bundan ibarətdir: bir transı öldürən qatil iddia edir ki, qarşısındaki şəxsin trans olduğunu öyrənəndə vahiməyə düşüb, özünü idarə edə bilməyib və bu əsasla da məhkəmədən cəzanın yumşaldılmasını istəyir. Bu özünümüdafiə Kaliforniya xaric ABŞ-ın bütün ştatlarında hələ də qanunidir.
Bizim mədəniyyətimiz translığın arzu edilməyən, istənməyən bir şey olduğunu durmadan təlqin edir. Məsələn, filmlərdə baş roldakı kişinin “aldadılaraq” trans qadınla yatmağı komediya kimi verilir. Obrazın trans olduğu öyrənildikdən sonra verilən iyrənmə hissi bu komediyanın kulminasiya nöqtəsi kimi istifadə edilir.
Buna görə də insanları sırf trans olması səbəbilə cəlbedici hesab etməmək transfobiyadır. Təbii ki, “hansısa trans şəxsi ya da müəyyən cinsiyyət orqanlarını cəlbedici hesab etməmək transfobiyadır” demirəm, amma bütün transların cəlbedici olmadığını iddia etmək transfobiyadır. Məsələn, kiminləsə penisi olduğu üçün flört etməyəcəyini deməklə, transdırsa flört etməyəcəyini demək arasında fərq var.
Beləliklə, əgər sisheteroseksuallar iddia edirsə ki, transların kiminləsə görüşmədən əvvəl ona trans olduğu ilə əlaqəli məlumat verməlidir, bu, əslində transdan transfobik şəxsin istəyinə uyğun davranmağı tələb etməkdir. Bundan əlavə, transların flört etmədən əvvəl trans olduğunu kiməsə deməyə məcbur olduqlarını iddia etmək həm də transları cəlbedici hesab etməyin normal olmadığı fikrini legitimləşdirir. Amma qeyd etdiyim kimi, transları cəlbedici hesab etməmək translığın iyrənc olduğu fikrini möhkəmləndirir və bu da transfobik təzyiqlərin təməlidir.
“Trans şəxs trans olduğunu deməlidir” fikrini ancaq bu versiyada nəzakətli hesab edirəm: seks partnyorunun cinsiyyət orqanlarının ona cəlbedici gələcəyi haqqında şübhəlidirsə. Bu situasiyada, seks zamanı hər hansı bir uzlaşmazlıqdan qorunmaq üçün trans şəxsin partnyoruna trans olduğunu deməsi nəzakət göstəricisidir, ancaq yenə də buna məcbur deyil və əgər trans şəxs translığı haqqında seks partnyoruna nəsə deməyibsə, onun bu davranışı “yalançı”, yaxud partnyorunu “cinsi zorakılığa” məruz buraxması mənasına gəlmir. Cenifer Laudeun hekayəsinə baxıb bunun hansısa axmağın cinayəti olduğunu demək asandır, amma vəziyyət bu qədər sadə deyil. Pemberton translara qarşı iyrənmə hissini legitim və normal hesab edən bir cəmiyyətin məhsuludur. Ona görə də “səhvən” trans qadınla yatdığını anlayanda Ceniferi öldürdü.
Translardan trans olduqlarını deməyi tələb edən, bu fikri müdafiə edən hər sisheteroseksual Cenifer Laudeun ölümünə səbəb olan sistemi qoruyur və sisheteroseksuallar sistemlə şərik olduğunu qəbul edənə kimi Cenifer Laude kimi ölənlər çox olacaq.
(1) cisheterosexual – trans olmayan, trans olmayan heteroseksuallar.
Tərcümə: QueeRadar