LGBTİQ+ fəallarının tez-tez ictimailəşdirdiyi qısnama hallarını nəzərə alaraq demək mümkündür ki, Azərbaycanda ictimai nəqliyyatın qapıları kuir vətəndaşların, xüsusilə trans qadınların üzünə qapalıdır. İctimai nəqliyyatdan istifadə etmək trans sərnişinləri daim onlara zillənmiş transfob baxışlara, təqiblərə və ya zorakılıq təhlükəsinə məruz qoyur.
19 yaşlı Karmen 2022-ci ilin avqust ayında Bakı metrosunda seksual qısnamaya məruz qalıb. Qatara mindikdən sonra bir kişi onun qolundan tutaraq cinsiyyət orqanını ona sürtməyə başlayıb. Həmin an psixoloji sarsıntı keçirən Karmen panikaya qapılaraq heç kimdən kömək istəyə bilməyib.
“Növbəti dayanacaqda qapılar açılan kimi özümü platformaya atdım və kişinin üzünə baxmadan oradan uzaqlaşdım”, o, Nəfəs LGBTİ Azərbaycan Alyansına verdiyi müsahibədə deyib.
34 yaşlı Dərya bir neçə il bundan əvvəl ictimai nəqliyyatda fiziki zorakılığa məruz qalıb. O, deyir ki, ətrafda olan heç kim buna reaksiya verməyib. Baş verən hadisə onu qorxutduğu üçün heç bir quruma da şikayət etməyib.
“Elə bil belə də lazımdır. Həmin zamanlar görünüşümü tam dəyişməmişdim, daha çox gey kimi görünürdüm və sadəcə sırğa taxdığım üçün bunları yaşadım”, o, “Global Voices” saytına verdiyi müsahibəsində deyir.
Trans qadınlar təhlükəsizliyə görə çox zaman avtobus və ya metrodan nəqliyyat vasitəsi kimi istifadə etməməyə üstünlük verirlər və əvəzində taksilərə etibar edirlər.
Məsələn, Dərya iş və yaxud başqa məcburiyyət olmadıqca nə evdən çölə çıxır, nə də ictimai nəqliyyatdan istifadə edir. Ehtiyac yarandıqda isə daha çox taksiyə üstünlük verir.
Onun sözlərinə görə, taksi sürücüləri trans qadınların tez-tez taksilərə və eyni taksi sürücülərinə üstünlük verdiklərini bilirlər. Hətta buna görə trans qadınlar normal gedişhaqqının bir neçə qat artığını da ödəyirlər.
“Bu səbəbdən taksi sürücüləri də bizimlə işləməyə üstünlük verir. Mənə də bir neçə dəfə belə təkliflər gəlib, lakin onları gözləmək mənim üçün vaxt itkisidir. Ona görə də “Bolt” və “Uber” kimi proqramlardan istifadə edirəm”, Dərya qeyd edir.
23 yaşlı trans qadın Həyat Əlisoy da taksidən istifadəyə üstünlük verənlərdən biridir. “Global Voices”ə verdiyi müsahibədə Həyat deyir ki, “İnsanlar görünüşümlə bağlı nalayiq ifadələrdən istifadə edir, seks təklifləri edirlər və aqressiv reaksiyalar göstərirlər. Mənəvi və fiziki sağlamlığımı qorumaq üçün daha çox taksidən istifadə edirəm”.
Taksi xidməti təhlükəsiz çıxış yolu kimi görünsə də, trans qadınlara qarşı olan qısnamanı hər zaman həll etmir.
Dərya deyir ki, taksi sürücüləri bəzən onların trans qadın olduqlarını gördükdən sonra xoşagəlməz formada müraciət etməyə başlayırlar və etik qaydalara sığmayan “Sən qadın deyilsən? Görüşürsən? Neçəyə görüşürsən?” kimi suallar verirlər.
“Bunlar mənə mənəvi olaraq da ziyan vurur. Belə hadisələr baş verən zaman iki seçimimiz olur: Bəzən susmaq məcburiyyətində qalırıq və heç nə demədən ötüb keçirik. Bəzən isə bu tip hadisələr çox üst-üstə gəldikdə artıq səs çıxarmalı oluruq. Belə olanda da sonu münaqişə ilə bitir”, o qeyd edir.
Bəzi hallarda isə taksi sürücüləri bu kimi hərəkətlər etdikdə onun qarşılığını alırlar.
Bakı şəhərində taksi sürücü kimi fəaliyyət göstərən Tural Yadigar deyir ki, özü trans qadınlarla heç bir problem yaşamasa da, bunu özəl taksi şirkətlərinin birində fəaliyyət göstərən həmkarından eşidib. Həmkarı ona deyib ki, özəl taksi şirkətində işləyən bir sürücü trans qadın müştərini söyərək aparmaqdan imtina edib. Hadisədən sonra həmin trans qadın bununla bağlı şirkətə şikayət edib və eyni zamanda digər taksi proqramlarından da sürücünü bloklayıb. Nəticədə, həmin sürücünün reytinqi aşağı düşüb və artıq öz şirkət hesabından istifadə edə bilmir.
Ümumi təhdidlər və qlobal reytinqlər
Ölkədə translara qarşı diskriminasiya və zorakılığın monitorinqini həyata keçirən LGBTİQ+ hüquq müdafiəçisi Vahid Əliyevin sözlərinə görə, ictimai nəqliyyatda transların üzləşdiyi hallar siyahısına gender əsaslı şifahi qısnama, diskriminativ və təhqiredici ifadələr, fiziki zorakılıq, diskriminativ hərəkətlər və xidmət göstərməkdən imtina daxil ola bilər. O, həm də onu qeyd edir ki, qısnamalar hər gün baş versə də, yalnız cüzi bir hissəsi ictimailəşir.
“Təkcə bu il ərzində ictimailəşən 1-2 keys görmək mümkündür. Qısnamalar haqqında spesifik data çox limitlidir, lakin bu problemin olmaması demək deyil və situasiya narahatedicidir”, -deyə Vahid Əliyev əlavə edir ki, ictimai nəqliyyatda translara qarşı pis rəftar düşmənçiliyi artırır, bu da öz növbəsində onların ümumi mental sağlamlığına və fundamental xidmətlərə çıxışlarına mənfi təsir göstərir.
Hüquq müdafiəçisi onu da qeyd edir ki, zorakılıq və qısnama halları ilə qarşılaşan zərərçəkənlər bu hadisələri sənədləşdirməkdən və aidiyyatı qurumlara şikayət etməkdən müxtəlif səbəblərə görə çəkinirlər.
“Trans qadınlar hüquq-mühafizə orqanlarının məsələyə həssaslıqla yanaşacağına inanmır və şikayətlərinin ciddiyə alınmayacağını və ya lazımi qaydada baxılmayacağını düşünür”, o deyir.
Hüquqşünas Səməd Rəhimlinin sözlərinə görə, Azərbaycanda ictimai məkanda qısnama ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulmayıb. Yalnız azyaşlılara qarşı münasibətdə seksual qısnama olarsa, bu zaman cinayət məsuliyyəti daşıyır. İnzibati xəta kimi də qısnama sadəcə əmək münasibətlərinə aid edilib.
Hüquqşünas bildirir ki, qısnamaya məruz qalınan zaman bunu üç prosedurla həll etmək olar. “Birincisi odur ki, onları qısnamaya məruz qoyan şəxsləri məhkəməyə versinlər. İkinci həll yolu kimi əgər qısnama halı ictimai məkanda baş veribsə, bu, xırda xuliqanlıq sayıla və xırda xuliqanlığa görə qısnamaya yol verən şəxslər inzibati xəta məsuliyyətinə cəlb edilə bilərlər. Üçüncü hüquqi prosedur odur ki, zərərçəkən ictimai nəqliyyata nəzarət etməli olan qurumlara (Bakı Nəqliyyat Agentliyi, Bakı Metropoliteni və Azərbaycan Dəmir Yolları) müraciət etsin”, o izah edir.
Bunların da uzun çəkən prosedur olduğunu qeyd edən Rəhimli çıxış yolunu küçə qısnaması ilə ayrıca inzibati xəta və məsuliyyətin nəzərdə tutulmasında görür. “İctimai nəqliyyata nəzarət edən qurumlarda qısnamayla bağlı bələdçi olmalıdır ki, qısnamanın qarşısını alsınlar”.
Vahid Əliyev isə deyir ki, bu problemləri həll etmək və vəziyyəti yaxşılaşdırmaq üçün hərtərəfli maarifləndirmə kampaniyalarının həyata keçirilməsi, anti-diskriminasiya aktının təcili şəkildə qəbul olunması, nəqliyyat işçiləri və hüquq-mühafizə orqanları üçün həssaslıq təliminin keçirilməsi və zəruri hallarda insidentlərin anonim şəkildə ictimailəşdirilməsi çox vacibdir.
“Bundan əlavə, ən əsası isə Azərbaycanda trans icmasının təhlükəsizliyini təmin etmək üçün hüquqi müdafiə gücləndirilməlidir,” o qeyd edir.
Azərbaycandan fərqli olaraq, Avropada London, Berlin, Vyana, Barselona və Köln daxil olmaqla bir sıra iri şəhərlərində ictimai nəqliyyatdan istifadə edən kuirlərə qarşı artan ayrı-seçkilik şəraitində hamı üçün inklüziv ictimai nəqliyyatı təmin etmək üçün müxtəlif tədbirlər həyata keçirilir.
Bunlara aid müxtəlif nümələr çəkmək mümkündür, lakin Azərbaycanda isə bu fərqlidir, LGBTİQ+ların hüquqları və müdafiəsi ilə bağlı vəziyyət acınacaqlı olaraq qalır.
İLGA-Avropa təşkilatının 2023-ci ilin may ayında dərc etdiyi “Göy Qurşağı” xəritəsində Azərbaycan qonşu Türkiyə ilə birlikdə “İnsan hüquqlarının kobud şəkildə pozulması, ayrı-seçkilik” meyarlarına görə yenə də ən sonuncu yerdə qərarlaşıb.
Məqalə QueeRadarın Mentorluq Proqramı çərçivəsində Global Voices saytı üçün hazırlanıb.