2021-ci ildə baş vermiş hadisənin arxa planı haqqında heç bir məlumat verilmədən A.T. adlı trans qadının Nigar İbrahimovanın gözəllik salonunu dağıtmasına dair xəbərlər tirajlanıb. 2 həftə əvvəl – iyulun 28-də A.T.-nin azadlığa buraxılmasıyla əlaqəli yayılan xəbərlə birlikdə, Azərbaycan mediası (daha dəqiq: Moderator.az, Olay.az, Milli.az, Axsam.az, Musavat.com, Big.az, Azxeber.com, Nocomment.az) transfobik başlıq və kontentlə xəbər materialı dərc edib. Xəbər materialı tamamilə qərəzli, tərəfli və transfobiyadan ibarətdir. “Bakıda məşhur salona basqın edən cinsi azlıq azadlığa çıxdı” – demək olar ki, əksər xəbərlər bu başlığı təkrar edib və ya cümlənin mübtəda-xəbərinə əl gəzdirməklə mahiyyəti eyni saxlayıb.
YADDA SAXLAYIN: “Cinsi azlıq” FOBİK ifadədir. İnsanlar azlıqlar kimi təqdim edilməməlidirlər. LGBTİQ+ azlıq deyil və onların azlıq olub-olmamasını müəyyən etmək qeyri-mümkündür. LGBTIQ+un azlıq kimi təqdim olunması LGBTIQ+ subyektlərə qarşı mövcud zorakılığın davamiyyətini qoruyur, artırır və queer subyektlərin səsini görünməz edir. Biz hər hansı bir şəxsin oriyentasiyasını və ya cinsi mənsubiyyətini müəyyən edə bilmərik və bu məsələdə LGBTİQ+i “azlıq” kimi təsvir edə bilmərik. Bu, birbaşa olaraq şəxsin özünün açıqlamasından asılıdır. “Azlıq çoxluğa tabedir” fikri iyerarxik düşüncə tərzinə xasdır və nəzərə alsaq ki, bizim kimi cəmiyyətlər öz gücünü patriarxal və heteronormativ siyasətdən alır, LGBTİQ+un azlıq kimi təqdim edilməsi onları ictimai yaddaşa əzilən, qurban kimi həkk edir.
Bundan əlavə, sözügedən xəbərdə A.T.-nin “deadname”i (“ölü ad”, doğuş zamanı ona təyin edilmiş şəxsiyyət vəsiqəsindəki adı) istifadə olunub. Azərbaycan mediası translar haqqında xəbərlərdə şəxsin özü üçün seçdiyi addan deyil, onların şəxsiyyət vəsiqəsindəki adlarından istifadə edərək israrla “deadnaming” tətbiq edir.
YADDA SAXLAYIN: Kiminsə adını səhv salanda üzr istəyib düzəliş etməklə məsələ yekunlaşsa da, trans subyektlərə qarşı bu çox stresli və travmatik bir təcrübə ola bilər. Çünki “deadnaming” ilə onun içində xoşbəxt olduğu reallığı yox sayırsınız, onun kimliyini etibarsızlaşdırırsınız. “Deadnaming” FOBİK aktdır.
A.T. xuliqanlıq və narkotik maddələrin saxlanmasında ittiham olunaraq həbs edilib. Bu qəbildən ittihamla saxlanılan və həbs edilən heteroseksual vətəndaşlara/subyektlərə dair hər gün xəbər oxuya bilərsiniz, bəs hansısa xəbər “Bakıda məşhur salona basqın edən heteroseksual azadlığa çıxdı” deyə təqdim olunubmu? XEYR. Səbəb nədir? Çünki onun heteroseksual olub-olmaması irili-xırdalı hansısa cinayəti törətməsi ilə əlaqələndirilmir. Bəs nə üçün LGBTİQ+ vətəndaşlar hansısa hüquq pozuntusuna bulaşdıqda cinsi oriyentasiya və ya gender kimliyi vurğulanır və qabardılır? Səbəb LGBTİQ+fobik siyasət və diskriminasiyadır. Bu, LGBTİQ+larla bağlı bir neçə kriminal hadisəni əsas götürərək bir qrup vətəndaşı kriminallaşdırmaq cəhdləridir.
YADDA SAXLAYIN: Hüquqi pozuntu xəbərinin şəxsin cinsi kimliyinin vurğulanaraq verilməsi cəmiyyətdəki transfobik steorotipləri daha da qəlibləşdirir. Xəbərlə heç bir əlaqəsi olmayan detalları verərək cinsi kimlik və ya cinsi orientasiyanın vurğulanması LGBTİQ fobiyadır və LGBTİQ+i hədəf göstərməkdir.
Rəsmi məlumatda A.T.-nin bəraət alma səbəbləri barədə bunlar qeyd olunur:
Bakı Apellyasiya Məhkəməsində yenidən araşdırılan iş üzrə ittihamedici hökm tamamilə ləğv edilib. Məhkəmə heyəti cinayət işinin birinci instansiya məhkəməsində düzgün tədqiq edilmədiyi qənaətinə gəlib. Məhkəmənin qərarı ilə A.T. bəraət alaraq məhkəmə zalından azadlığa buraxılıb.
Məhkəmənin A.T-ə bəraət verməsini fobik müstəvidə təqdim etmək Azərbaycan mediasına kifayət etməyib, trans vətəndaşı kriminal gündəmdən asanlıqla çıxarmaq istəməyiblər. Belə ki, bu xəbər yayılar-yayılmaz media nümayəndələri gözəllik salonu sahibinə zəng edərək soruşublar ki, “məhkəmə A.T.-ni azadlığa buraxıb, siz nə düşünürsünüz?”
Bu xəbər “Nigar İbrahimovadan azadlığa buraxılan cinsi azlıq nümayəndəsinə: “Yenidən şikayət edəcəm – VİDEO” başlığı ilə dərc olunub.
Beləliklə, xəbər zərərçəkən qismində tanınan şəxsin sözləri əsasında təktərəfli yazılıb. Əgər jurnalistləri bu kazusda ədalətli qərar verilib-verilməməsi maraqlandırırsa, bunun üçün müvafiq qanunvericilik və hallar üzrə ekspert qismində hüquqşünasa müraciət edə və ondan rəy ala bilərdilər ki, hansı əsasla məhkəmə X şəxsə bəraət verib. Bunu etməyiblər. Beləliklə, şou-biznes sferasında tanınmış vizajistin şikayətini media öz transfobik siyasətinə alət edib, köhnə videonu da paylaşaraq, A.T.-ni ictimai yaddaşa “cinayətkar” şəklində həkk etsinlər. Bununla da, cəmiyyətdə translara qarşı məqsədyönlü şəkildə zorakı profili formalaşdırılır.
YADDA SAXLAYIN: Xəbər istehsalı zamanı mənbə seçimində diqqətli olun. Hadisəni yalnız bir tərəfin nöqteyi nəzərindən təqdim etməyin. Hər hansı bir trans şəxsin polis tərəfindən saxlanması ilə bağlı xəbərlər var? Bu zaman yalnız polis tərəfindən dərc edilmiş press relizə istinad olunmamalıdır. Bu məsələ ilə bağlı müxtəlif tərəfləri dinləmək lazımdır. Müxtəlif mənbələrə müraciət olunmalıdır: LGBTİQ+lar, hüquq müdafiəçiləri, məhkəmə ifadələri və s. Birtərəfli yazılar qərəz və ayrıseçkiliyə yol açır. Yalnız müsahiblərin dediklərinin əsasında material hazırlamaq kifayət deyil. Hadisələrin arxa planı ilə bağlı araşdırma aparılmalıdır.