Trans kimliklər nə üçün xəstəliklə assosiasiya olunur?

Xeberci.az saytının bir trans qadınla müsahibəsi yerli media tərəfindən yenidən gündəmə gəlib və 10-a yaxın saytda 16.08.2022 tarixində yenidən dərc edilib. Materialda sadəcə müsahibin cavablarından seçmələr verilib. Yəni material sual-cavab formatında yazılmadığı üçün müəllifin sualları necə formalaşdırdığına dair bir fikir deyə bilməyəcəyik. Müsahibənin girişində isə redaksiyanın transfobik siyasətini açıq-aşkar bəyan etməyi unutmayıblar.

Müsahibə daha sonra Azinform.az. Azxeber.az, Aqreqator.az, Saglamheyat.az, Shownews.az, Realpress.az, Baku.Ws, Interpress.Az, Qlobal.net, Mynews.az, Demokratik.az, Azadqadin.az, Women.az, Popstar.az kimi qalmaqal və sensasiya xarakterli xəbərləri tirajlayan, LGBTİQ+ mövzularına münasibətdə “sarı mətbuat” davranışı sərgiləyən qurumlarda təkrar dərc edilib.

Azərbaycan mediasında transfobiyanın müxtəlif təzahürlərindən bəhs etmişik, bu dəfə isə trans subyektlərin xəstəliklə assosiasiya olunmasından danışmalı olacağıq.

Sözügedən müsahibənin əvvəlində redaksiya öz mövqeyini belə açıqlayır:

“… Lakin bu bir reallıqdır ki, cinsi azlıq problemi həmişə olub, lakin son illər sanki bilərəkdən daha çox qabardılır. Bəli, həqiqətən də bu bir xəstəlikdir. İnsanın belə olması bir xəstəliyin nəticəsidir. Lakin indi Avropanın təsiri ilə bu, xəstəliklər siyahısından çıxarılıb. Deyirlər ki, yox, bu xəstəlik deyil, insanın öz istəyinin nəticəsidir. Onlar özləri də özlərini əsla “xəstə” adlandırmırlar”.


Trans kimlik haqqında xəstəlik mifi

İlk olaraq ondan başlayaq ki, belə bir təqdimat insanların etibarından sui-istifadə edərək onları müsahibəyə razılaşdırmaq, müsahibəni alıb daha sonra müsahibi alçaltmaqdır, oxucunu isə manipulyasiya etməkdir. Belə bir yanaşmanın yolverilməz olması professional jurnalistika ilə məşğul olan hər kəsə aydındır. Məhz bu cür manipulyativ jurnalistlər və media qurumları sayəsində LGBTİQ+in mediaya etimadı qalmır, müsahibə verməkdən, jurnalistlərlə üz-üzə gəlməkdən çəkinirlər. 

Translığın xəstəlik olmasına dair gəzən miflər tibb sahəsində heteroseksizm təməlli təsnifatlaşdırma tarixi ilə bağlı olub. Çünki tibbin əsas hədəfi produktivliyin kontrolu olub və buna əsasən də seksuallıq praktikasına yönələn tibb heteroseksuallığı sağlam hesab etdiyi üçün bunu da “təbii” hesab edilib. Həkimlər seksuallıqla ilk dəfə 19-cu əsrin sonlarında maraqlanmağa başlayıb. Bunun səbəbi o idi ki, həmin dövrdə gənc qadınların nikahdan əvvəl sekslə məşğul olması geniş yayılmağa başlamışdı. Sekslə azad formada məşğul olan qadınların əqli sağlamlığından şübhə etdikləri üçün onlar psixoloji dispanserə yatırılırdı.

Heteroseksist tibb homoseksuallığı və translığı psixi pozuntu siyahısından çıxarmağa da xeyli gecikib. Məsələn, Amerika Psixiatriya Dərnəyi hələ 1973-cü ildə homoseksual terminini psixi pozuntu siyahısından çıxarıb. 2018-ci ildə isə Ümumdünya Səhiyyə Təşkilatı Xəstəliklərin Beynəlxalq Təsnifatında (Bu təsnifat Hökumətlər və səhiyyə təşkilatları tərəfindən xəstəliklərin diaqnostikası və müalicəsi üçün istifadə olunur) translığı psixoloji pozuntular bölməsindən çıxarıb.

Bununla belə, translığın xəstəlik olduğuna dair mifi təkzib etmək çox çətin, keşməkeşli olub. 2018-ci ildə Xəstəliklərin Beynəlxalq Təsnifatında aparılmış korreksiyaya əsasən, “gender kimliyi pozuntusu” ifadəsi, nəhayət çıxarılıb, əvəzində “Cinsi sağlamlıq bölməsi”nə “gender uyğunsuzluğu” ifadəsi əlavə edilib. Bu irəliləyiş Stop Trans Patologization (Transları Patolojiləşdiməni Dayandırın) adlı beynəlxalq kampaniyanın illərlə apardığı mübarizə nəticəsində əldə edilib. Beləliklə, bu qərar ilə patolojiləşmə, “müalicə/düzəltmə” və sterilizasiyanın biabırçı tarixi sona çatıb. STP bu barədə açıqlamasında bildirmişdi ki, bu nailiyyət qeyri-kafidir və hələ görüləsi çox şey var:

“Genderin hüquqi tanınması və tranzisiya dövründə sağlamlıq hüququna tam çıxış və ölkələr səviyyəsində trans kimlikləri “xəstəlik” kimi təyin edən bütün təcrübələrin aradan qaldırılması üçün hər zamankindən daha çox xüsusi və mütəşəkkil təbliğata ehtiyacımız var. Dünyada bir çox insan patologiyalaşdırmanın zərərli təsirlərinə məruz qalıb. Digər insan hüquqları pozuntularında olduğu kimi, bu prosesdə də zərər çəkən insanların reabilitasiya və kompensasiya hüququ təmin edilməlidir”.

 

Miflər hardan çıxır?

Əhalinin bütün kateqoriyaları kimi translar da psixoloji problemlər yaşaya bilirlər. Tədqiqatlar göstərir ki, transların daha çox psixoloji problemlər yaşaması onların siyasi, sosial hüquqlarını tanımayan cisheteronormativ sistem və transfobik diskursla əlaqəlidir.

Trans subyektlər arasında rast gəlinən stress və psixoloji travma ilk növbədə onların mütəmadi olaraq qarşılaşdıqları ayrı-seçkilik, stiqma, qəbul edilməmə və istismar kimi sosial-siyasi problemlərə cavab olaraq yaranır.

Məsələn:

  • Translara xidmət göstərməkdən imtina etmək kimi ayrı-seçkilik;
  • Sisgender subyektlərə göstərilən rəftar və ya yaradılan imkanların trans subyektlərə aid edilməməsi;
  • Alçaldıcı söz və ifadələr;
  • Kiminsə zehni və ya fiziki sağlamlıq problemlərinin səbəbini genderi ilə əlaqələndirmək
  • VƏ S.