Seks işçiləri haqda necə yazmalı?

Kütləvi informasiya vasitələrində (KİV) nifrət nitqi və stiqma ilə təqdim olunan mövzulardan biri də seks işçiləri ilə bağlı xəbərlərdir. “Seks işi” ödəniş qarşılığında cinsi xidmət göstərən insanları əhatə edir. Azərbaycanda seks işi qeyri-qanunidir, bu fəaliyətlə məşğul olmaq inzibati xəta sayılır və cərimə tətbiq olunur. Lakin təcrübə göstərir ki, qanun tərəfindən seks işçilərinin qorunmaması müvafiq güc strukturları tərəfindən təzyiq, həbs, şantaj və s. kimi sui-istifadə hallarına gətirib çıxarır. 

Media nümayəndələri seks işçilərinin gündəlik üzləşdiyi bu zorakılıq, ayrı-seçkilik, hüquqi təzyiq və digər insan hüquqları pozuntulara qarşı nəinki özünü görməzliyə vurur, bu cür vəziyyəti qızışdırmaqda meydan rolunu oynayır. İnternetdə “əxlaqsızlıq yuvası” ifadəsini axtarışa vermək kifayətdir ki, jurnalistlərin seks işçilərinə qarşı alçaldıcı, qınayıcı, damğalayıcı münasibəti ortaya çıxsın. Azərbaycan mediasına bu ənənəni ilk özəl televiziya olan ANS televiziyası gətirib. Bu telekanalın seçdiyi terminologiya, polislə birlikdə seks xidməti göstərilən məkanlara basqın edərək kameranı qadınların üzlərinə tuşlaması, mikrofon uzadıb müstəntiq rolunda suallar verməsi digər media qurumlarına da “nümunə” olub.

Azərbaycanda KİV-in bu damğalama siyasətinə gələcək araşdırmalarımızda ayrıca baxacağıq. İndi Beynəlxalq Jurnalistlər Şəbəkəsinin hazırladığı təlimatı – seks işçiləri barədə yazarkən nələrə diqqət edilməsinə dair vacib tövsiyələri qısaca təqdim edirik.

 

Seks işini “fahişəlik” kimi təsvir etməkdən çəkinin

Seks işi ilə məşğul olan şəxslər haqqında xəbər materialı hazırlayarkən “qurban” və ya “fahişə” kimi ifadələr istifadə etməyin. Media işçisi kimi vəzifəniz cəmiyyətin diskriminativ dəyərlərini gücləndirmək yox, neytral və obyektiv xəbər hazırlamaqdır. Bu səbəbdən istifadəsi geniş və cəmiyyət tərəfindən təhqir kimi istifadə edilən “fahişəlik” sözü istifadə edilməməlidir. Bu, seks işçilərinin daha da diskriminasiyaya məruz qalması üçün mövcud stiqmaları gücləndirir.

“Umbrella Lane” təşkilatının təsisçisi doktor Anastasia Rayan qeyd edir: Qlobal miqyasda işlədiyim və əlaqə qurduğum seks işinə cəlb olunan insanların çoxu özlərini “seks işçisi” adlandırır. Müəyyən bir icmanın təqdimatla bağlı nəyə üstünlük verdiyinə əmin deyilsinizsə, “cinsi xidmət satan şəxslər” və ya “seks işi ilə məşğul olan insanlar” kimi ifadələri istifadə edə bilərsiniz.

 

Seks işçilərinin səsini çatdırın

Müsahiblərdən alınan sitatları məqalədə necə istifadə etməyə dair jurnalistlərə mütəmadi təlimlər keçirilir. Bununla belə, söhbət seks işinə gəldikdə, jurnalistlər seks işçiləri ilə əlaqə saxlamazdan əvvəl digər ictimai fiqurların (siyasilər və s.) fikrini prioritet tutmağa meyllidirlər. Bu isə seks işçilərinin təmsil olunmasına zərər vurur və səslərinin eşidilməsinin qarşısını alır.

Seks sənayesi haqqında məlumat verərkən, faktiki işçinin müsahibəsi və ya şərhi olmadan hekayəni tamamlanmış hesab etməyin.

Müsahibə üçün müraciət etdiyiniz zaman bunu məsuliyyətlə edin. Doktor Rayan deyir: Seks işçiləri deyirlər ki, jurnalistlərin material hazırlamaq üçün çox vaxt seks işçisi roluna girirlər. Müştəri rəyləri ilə bağlı saytlara daxil olurlar, sitat gətirirlər və şəxslə danışmadan sadəcə materialı hazırlayırlar.

Bir çox seks işçisinin şəxsi və ya peşəkar səbəblərə görə sosial hesabları var. Onlarla birbaşa sosial media vasitəsilə əlaqə saxlamaq istəsəniz də, mümkün qədər bundan çəkinməyiniz daha yaxşıdır. Çünki bununla siz həm də şəxsin təhlükəsizliyini və məxfilik istəyini və haqqını pozmuş ola bilərsiniz.

 

Müsahiblərinizin təhlükəsizliyinə üstünlük verin

Yuxarıda qeyd etdiyimiz kimi, seks işi ilə məşğul olan insanlar mütəmadi olaraq təkcə müştərilər tərəfindən deyil, həm də polis tərəfindən ayrı-seçkilik və zorakılıqla üzləşirlər. Bu səbəbdən reportyorlar müsahiblərinin kimliyini qorumalıdırlar.

“Biz məxfiliyi və anonimliyi təmin etmək üçün jurnalistlərlə işləməyə çalışırıq”, deyir Doktor Rayan. “Biz həmçinin seks işçisinə bir daha bildiririk ki, rəsmi adı, ünvanı və ya buna bənzər hər hansı şəxsi təfərrüatları (döymələr, üzüklər və bədəndəki xüsusi izlər) verməsinlər”.

Müsahiblərinizin təhlükəsizliyi haqqındakı narahatlıqlarını nəzərə alın və mümkün qədər materialın son halını dərc etməzdən əvvəl şəxsin özünə göstərin.

 

Sensasiyadan çəkinin

Jurnalistlər seks işçiləri haqqında qütbləşdirici xəbərlərdən çəkinməlidirlər. Media tez-tez seks işini ya qurbanların faciəvi reallığı, ya da sadəcə seksdən həzz alan insanların fəaliyyət kimi təsvir edir. Amma reallıq birmənalı deyil. 

“Umbrella Lane” təşkilatında seks işçisi deyir: Seks işçiləri yüksək intellektli, mərhəmətli və mətanətli insanlar kimi göstərilməlidir. Mənim tanış olduğum seks işçiləri belə olub.

Başqa bir işçi əlavə edir: Jurnalistlərin seks işi haqqında “gəlirli iş” kimi danışmasına nifrət edirəm. Özümüzü müştərilərimizə belə təqdim etdiyimiz zaman belə, bu, həmişə real deyil. Həmçinin hamı üçün keçərli fikir deyil.

 

Hamını təmsil etməyə çalışın

Mövzu ilə bağlı reportajların əksəriyyətində belə bir qənaət yaradılır ki, sanki seks işi ilə məşğul olan insanlar ancaq qadınlardır. Halbuki bu sahədə kimliklər müxtəlifdir.

“Jurnalistlərin seks işçiliyini yalnız qadınlar üzərindən müzakirə etməsinə nifrət edirəm”, “Umbrella Lane” təşkilatının üzvü deyir ki, kişi və trans seks işçiləri tamamilə yox sayılır

 

Görüntülərə diqqət edin

Vizual məlumat ictimai yaddaşın formalaşmasında mühüm rol oynayır. Seks işçilərini nəsnələşdirib hansısa əşyalarla assosiasiya etməyin. Gecə avtomobilin yanında, hündür ayaqqabıda kiminsə ayaqlarının təsvirləri kimi ümumi görüntülər qeyri-professionaldır və oxucularda seks sənayesinin yalnız qadınlardan ibarət olduğuna dair stiqmaları qoruyur.

Fotolardan istifadə ilə bağlı təşkilatlardan və müsahibələrdən fikirlərini soruşun, yaxud məsləhət alın. Mövzuya uyğun neytral çəkilişlərə üstünlük verin. 

 

Statistik məlumatları sorğulayın

Bir çox ölkədə seks işi qanunsuzdur və damğalanır. Bu səbəbdən statistik məlumatların toplanması olduqca çətin görünür. Təcrübə göstərir ki, media tərəfindən geniş istifadə edilən bəzi statistik məlumatlar və faktlar əslində yanlış və qərəzli təqdim olunub.

İstinad edilən hesabatların, sorğuların seks işçilərinin səslərini ehtiva etdiyinə əmin olmaq üçün xəbərə əlavə edilən statistik məlumatları yoxlamaq olduqca vacibdir. Şübhəli nəsə varsa, seks işçiləri ilə əlaqədar olan təşkilatlarla əlaqə saxlayın, onlardan öz təcrübələrinə dair tədqiqatlar aparmış ola bilərlər.