Son bir il ərzində Azərbaycanın sosial media məkanı LGBTİQ+ istifadəçilər üçün getdikcə daha aqressiv və təhlükəli bir mühitə çevrilib. “Facebook” və “Instagram” kimi platformalarda kuir kimlikləri hədəf alan nifrət nitqi daha açıq və sərt formada yayılmağa başlayıb. Monitorinq zamanı müşahidə etdik ki, kuirfob istifadəçilər nifrət dolu fikirlərini əvvəlkindən daha rahat şəkildə ifadə edirlər. Rəqəmsal mühitdə yayılan bu nifrət isə real həyatda da ciddi nəticələr doğurur: Azərbaycanda kuir vətəndaşlara qarşı törədilmiş zorakı hücumlar və qətllər onlayn nifrətin birbaşa təhlükə yaratdığını artıq çoxdan sübut edib.
“Meta” şirkətinə məxsus platformalar Azərbaycan kontekstində ziddiyyətli bir rol oynayır. Bir tərəfdən, bu platformalar özünüifadə, həmrəylik və icma quruculuğu üçün mühüm virtual məkanlardır; digər tərəfdən isə təhqir, təzyiq və linç üçün əlverişli mühit yaradır. 2024-cü ildə “Meta”nın nifrət nitqi siyasətində etdiyi dəyişikliklər bu ziddiyyəti daha da dərinləşdirib. Yeni qaydalara əsasən, LGBTİQ+ subyektləri “ruhi xəstə” kimi təqdim edən və ya patologiyalaşdıran paylaşımlar “siyasi diskurs” çərçivəsində qiymətləndirilərək platformada saxlanıla bilər. GLAAD və “All Out” kimi beynəlxalq insan haqları təşkilatları bu dəyişikliklərin diskriminativ narrativləri legitimləşdirdiyini və zorakılıq ritorikasını normallaşdırdığını açıq şəkildə bəyan ediblər.
Bu dəyişikliklər azərbaycanlı kuirlər üçün xüsusilə risklidir. Çünki yerli kontekstdə aktivistlər və təşəbbüs qrupları “Meta” platformalarından qarşılıqlı dəstək və əlaqə qurmaq üçün əsas vasitə kimi istifadə edirlər. “Facebook” və “Instagram” uzun müddətdir ki, LGBTİQ+ mövzularında informasiya mübadiləsi aparanlar, sosial və psixoloji dəstək axtaranlar üçün ortaq görüş məkanına çevrilib. Ənənəvi mediada görünməyən, ya da dehumanizə olunan kuir sənətçilər, müəlliflər və bloqerlər üçün sosial şəbəkələr azad ifadə tribunasına çevrilmişdi. İndi isə “Meta”nın inklüzivliyi nəzərə almayaraq qaydalarını dəyişməsi təhqiri və təqibi təşviq edir, fikir azadlığı ilə zorakılığa çağırış arasındakı sərhədləri bulanıqlaşdırır. Əvvəllər “Facebook” və “Instagram”da şikayət edilə bilən məzmun bu gün “fikir azadlığı” adı altında qorunur.
Məhz bu kontekstdə biz “Nifrətə yaşıl işıq” adlı mini-tədqiqatı həyata keçirdik. Monitorinq 2025-ci ilin yanvar–iyul ayları arasında “Facebook” və “Instagram”ın Azərbaycan seqmentində ictimaiyyətə açıq şəkildə paylaşılan məzmunu əhatə edir və LGBTİQ+ subyektləri hədəf alan nifrət nitqinin formalarını, yayılma mexanizmlərini və təsirlərini təhlil edir.
Monitorinq çərçivəsində 100 nifrət nitqi nümunəsi toplanıb. Bu nümunələr açıq zorakılıq çağırışlarından tutmuş alçaldıcı ifadələrə, konspirativ narrativlərə qədər müxtəlif kateqoriyalar üzrə qruplaşdırılıb. Məlumatların daha anlaşılan təqdimatı üçün infoqrafikalar hazırlanıb, həmçinin geniş auditoriyaya çatan və yüksək interaksiya toplayan 10 nifrət dolu paylaşım ayrıca cədvəl şəklində təqdim olunub.
Monitorinq göstərir ki, bu hallar təsadüfi deyil. İnfluenserlər, media qurumlarının səhifələri və yarı-ictimai fiqurlar nifrət narrativlərinin formalaşmasında və yayılmasında aktiv və məqsədyönlü iştirak edirlər. Rəqəmsal mühitdə normallaşan bu düşmənçilik real həyatda riskləri artırır, kuirləri zorakılığa, ictimai təcridə və susdurulmaya daha açıq vəziyyətə gətirir.
“Nifrətə yaşıl işıq” hesabatının tam versiyasını aşağıdakı PDF faylını yükləməklə oxuya bilərsiniz. Hesabatda 2025-ci ilin ilk altı ayında Azərbaycanın sosial media məkanında kuirlər üçün hansı tendensiyaların formalaşdığı və bunun nə üçün təkcə LGBTİQ+u deyil, cəmiyyətin bütün qruplarını narahat etməli olduğu ətraflı şəkildə izah olunur.

