Milli Şuranın və medianın LGBTIQ+fobik gündəmi

Son 10 gündə Milli Şuranın fobik və faşist iclası LGBTİQ+lərin mediada yada salınmasına bir vasitə oldu. Bəs necə yada saldılar? Qısaca desək, LGBTİQ+fobiyanın daşının üstünə daş qoymaqla.
Daha ətraflı isə bir neçə xəbər nümunəsinə baxaq:

1) Dünya Informasiya Agentliyi LGBTİQ+fobiyası ilə tanınmış Ağ Partiya sədri Tural Abbaslının faşist şərhindən ibarət xəbər yayımlayıb. Abbaslı LGBTİQ+ləri üzdəniraq adlandırır, sayt bu kəlməni dırnaq içində təqdim edir, Abbaslı siyasi rəqabət içində olduğu Milli Şuranı alçaltmaq üçün təklif edir ki, qurum adını dəyişdirib LGBT Şurası qoysun, sayt isə bunu fürsət bilib sərlövhəyə çıxarır.

2) Hökumətyönlü 1news.az Azərbaycanca saytı da fürsəti fövtə verməyib: müxalif düşərgədən kimlərinsə homofobiyası, ksenofobiyası 1news-u riqqətə gətirib və “Gay-qeyt davam edir: Milli Şura indi də Altay Göyüşovu təhqir etdi” adlı imzasız, fobik, nifrət nitqi yayan bir məqalənin ortaya çıxmağına səbəb olub. “Gay-gate” hazırda hökumət portalları tərəfindən ortaya atılmış və bu kontekstdə tirajlanan ifadədir. “-Gate” suffiksi qlobal fenomen olaraq mətbuatda adətən skandal hadisələrin təqdimatı üçün istifadə edilir.
İlk cümlə: “…Milli Şura rəhbərlərinin iştirakı ilə keçirilən onlayn konfransın iştirakçılar tərəfindən qeyri-ənənəvi oriyentasiya nümayəndələrini təhqir etdikləri beş dəqiqəlik nifrətə necə çevrilməsinə dair (bu artıq Gay-qeyt adlanır) material yayımlandı”. OOOPS!
LGBTİQ+ləri xor görmək, onlara qarşı ayrı-seçkilik tətbiq etmək üçün “qeyri-ənənəvi oriyentasiya nümayəndələri” ən “uğurlu” ifadələrdəndir.
Davam edirik: “Gültəkin Hacıyeva keçmiş radio aparıcısı İsmayıl Cəlilovun Milli Şuraya qarşı tənqidinə cavab olaraq onu “qomik” adlandırdı”. Sözügedən videodan qomik deyə bir söz yox idi, qomik rusca qomoseksual sözünün qısaldılmış versiyasıdır və qeyləri ələ salmaq, alçaltmaq üçün istifadə olunur.
Məqalənin ardına nəzər salmağa lüzum görmədən yekunlaşdıraq: 1news.az saytı LGBTİQ+lərə qarşı diskriminasiya və nifrət nitqi yayan platformaların ilk onluğundadır. Bu məqalə isə fobiklərin bir-birinə hücumundan başqa bir şey deyil: tərəflər LGBTIQ+ haqlarını bir-birlərini etibarsızlaşdırmaq üçün sui-istifadə edirlər.

3) Milli Şuradakı LGBTİQ+fobik çıxışlara qarşı etiraz səsləri də az deyildi. İstər LGBTİQ+ fəallar, istərsə də LGBTİQ+ haqq və azadlıqlarına həssaslıq nümayiş etdirən kəsimin səsinin ucadan gəlməyi isə Yeni Musavat Qəzetini təşvişə salıb. Məqalənin başlığına baxın: “Cinsi azlıqları müdafiə edənlər çoxalmasının səbəbi – təhlükə, yoxsa…”. Əvvəla, cinsi azlıq yox, LGBTIQ+lər azlıq deyil; orientasiyasına əsasən kimin azlıq, kimin çoxluq olduğuna dair də heç bir statistik araşdırma yoxdur və ola da bilməz. LGBTIQ+ haqlarını müdafiə etməyin təhlükə olaraq adlandırılması elə başlıqdaca jurnalistin mövqe nümayiş etdirməsidir ki, bu da ciddi etik pozuntudur.
“Azərbaycanın ictimai-siyasi sektorunda, həmçinin müxalif düşərgədə cinsi azlıqları müdafiə edənlər son zamanlar çoxalıb”, “Belə iddialar var ki, Qərbin xoşuna gəlmək üçün bəzi qüvvələr cinsi azlıqları müdafiə edirlər” kimi manipulyativ cümlələrdən sonra 3 nəfərdən aldığı rəyləri ard-arda düzməklə məqaləni yekunlaşdırıb. Müsahiblərdən ikisi – Tural Abbaslı və Sərdar Cəlaloğluna müraciət edilməsi YM-ın LGBTİQ+lərlə bağlı mövqeyində nəyə ağırlıq verdiyini göstərir: hər iki şəxs LGBTİQ+lərə, qadınlara qarşı dəfələrlə diskriminativ mövqe sərgiləmiş şəxslərdir, bu müsahibləri seçərkən necə məzmun ortaya çıxarmaq istədiklərini bilirdilər. Beləliklə, YM öz materialında fobiyanı, diskrminasiyanı yenidən bəslədi və tirajladı. HALBUKİ YM-ı həqiqətən maraqlandıran (təşvişə salan deyil!) məsələ LGBTİQ+lərin səsinin cəmiyyətdə daha çox eşidilməsi, daha çox insanın pro+LGBTİQ+ olması idisə, bunu daha peşəkar qələmə ala bilərdi. Necə? Azərbaycanda LGBTİQ+lərin məruz qaldığı zorakılıq, zorbalıq tarixçəsi və burdan doğan LGBTİQ+ haqları uğrunda mübarizə tarixçəsinə baxmaqla, bu mübarizəni geniş areala yayan, tribunalardan səsləndirən LGBTİ+lərin özlərinə müraciət etməklə, əmin olmadıqları terminlogiyanı gender nəzəriyyəçiləri və fəalları ilə dəqiqləşdirməklə.