Trans subyektlər, xüsusilə trans qadınlar, nifrət əsaslı zorakılığa ən çox hədəf olan qruplardandır. Onlar haqqında yayımlanan xəbərlərdə yanlış adlandırma, genderin inkarı, stereotiplər, sensasiyalaşdırma və məlumatın təhrif edilməsi kimi hallara tez-tez rast gəlinir. Bu isə həm zərərçəkəni yenidən travmaya məruz qoyur, həm də cəmiyyətdəki transfobiyanı gücləndirir.
Jurnalistin işi zərərçəkəni alçaltmaq deyil, faktı dəqiq, insanı ləyaqətlə təqdim etməkdir.
Media işçiləri üçün bu qısa bələdçi beynəlxalq standartlar (GLAAD və s.) əsasında hazırlanıb və Azərbaycanın media kontekstinə uyğunlaşdırılıb.
- Terminlərə düzgün yanaşma
Trans doğum zamanı təyin olunan cinsdən fərqli genderə sahib olan insandır.
- Trans olmaq üçün cərrahi əməliyyat, hormon terapiyası və ya tibbi prosedurlar şərt deyil. Bunlar kimliyi müəyyən etmir.
- Trans qadın doğulanda “kişi” kimi qeyd edilib, amma qadındır.
- Trans kişi doğulanda “qadın” kimi qeyd edilib, amma kişidir.
- Trans kimlik seksual oriyentasiya deyil. Translar hetero, gey, lezbiyan, biseksual və s. ola bilərlər.
- Ad və əvəzliklər: Hörmətin əsas ölçüsü
İnsanların özlərinə seçdikləri ad həmişə real addır.
Trans subyektin seçdiyi adın hüquqi sənədlərdə olub-olmaması fərq etmir.
Düzgün:
✔️ “Rəhilə Məmmədova 27 yaşında idi”.
Səhv:
❌ “Anar Məmmədov, ‘Rəhilə’ adından istifadə edən…”
❌ Adı dırnaq içində yazmaq hörmətsizlikdir.
Doğum adını yazmaq transın kimliyini inkar edir (deadnaming). Bu praktika təhqiramiz və zərərvericidir. Məcbur olmadıqca doğum adını yazmayın.
Cinsə görə əvəzliyin dəyişdiyi dillərdə (ingilis, rus və s.) düzgün əvəzlik işlədilməlidir. Ən sadə yol bu sualı şəxsə verib dəqiqləşdirməkdir: “Hansı əvəzlikdən istifadə edim?”
- Genderin düzgün təqdimatı
Jurnalist zərərçəkənin hansı genderlə yaşadığını bilirsə, həmin genderlə yazmalıdır.
Düzgün:
✔️ “Zərərçəkən trans qadın idi və hadisə evinin yaxınlığında baş verib”.
Səhv:
❌ “Kişi cinsində olan zərərçəkən…”
Yeganə məlumat polis sənədindəki doğum adı olduqda belə:
✔️ “Polisin A.A kimi təqdim etdiyi zərərçəkən trans qadın idi”.
- Tibbi prosedurlar barədə yazmayın
Trans vətəndaşların tibbi prosedurları:
- şəxsi məlumatdır,
- xəbərə dəyər qatmaz,
- çox vaxt sensasiya məqsədilə istifadə olunur.
Buna görə də:
❌ genitaliya, hormonlar, əməliyyatlar haqqında yazmaq olmaz.
❌ “əməliyyatdan əvvəl/sonra” ifadələrindən istifadə etməyin.
❌ “cinsiyyət dəyişmə əməliyyatı” yoxdur.
Düzgün terminlər:
- adaptasiya prosesi,
- adaptasiya əməliyyatı,
- tranzisiya prosesi.
- Mənbə yanlış gender işlədərsə, nə etməli?
Ailə, polis və şahidlər köhnə və yanlış məlumat verə bilərlər. Jurnalist iki düzgün yoldan birini seçə bilər:
✔️ 1. Sitatı parafraz etmək
Yanlış hissələri düzəldərək faktı doğru verin.
✔️ 2. Sitatı olduğu kimi saxlamaq
Amma xəbərin özündə transın doğru adı və genderi istifadə edilməlidir.
- Çəkinilməli dil və yanaşmalar
❌ Kimliyi şübhə altına alan ifadələr
- “Əsl adı…”
“Kişi kimi doğulmuşdu, qadın kimi geyinirdi…” - “Əslində kişi idi…”
❌ Sensasiyalaşdırma
Zərərçəkənin geyimi, makiyajı, şəxsi əşyaları xəbərin mahiyyəti üçün vacib deyil və transfob çalar yaradır.
❌ Əvvəl/sonra şəkilləri
Bu, ən yayılmış transfob praktikadır. Qəti şəkildə çəkinin.
- Konteksti düzgün verin
Trans vətəndaşlar Azərbaycanda çox vaxt:
- iş yerlərində diskriminasiya,
- evdən qovulma,
- sənəd dəyişməkdə çətinlik,
- yoxsulluq və küçə iqtisadiyyatına məcburetmə (seks işçiliyi daxil) kimi risklərlə üzləşirlər.
Bu məlumatlar hadisəni dramatikləşdirmək üçün deyil, kök salmış problemləri göstərmək üçün vacibdir. Zərərçəkəni ittiham edən ton qəbulolunmazdır.
- Transların və LGBTİQ+ fəalların sözünə yer verin
Trans subyektlər haqqında material hazırlayarkən yalnız trans olmayan ekspertlərlə kifayətlənməyin. Transların təcrübəsini, aktivistlərin fikirlərini və tövsiyələrini daxil edin.
Translar öz həyatlarının ən yaxşı ekspertləridir.
- Transları yalnız zorakılıq kontekstində göstərməyin
Trans vətəndaşlar incəsənət, idman, elm, texnologiya, media, valideynlik və digər sahələrdə fəaliyyət göstərirlər. Media onları yalnız transfob zorakılıq xəbərlərində göstərməməlidir.
Qeyd: Söz və ifadələrin dəyişkən təbiəti
Onu da vurğulamaq istəyirik ki, LGBTİQ+ aktivizminin davamlı inkişafı nəticəsində bu sahəyə dair termin və ifadələr daim dəyişir və yenilənir. Oxuduğunuz müddətdə bu bələdçidə işlədilən terminlərin gələcəkdə queer aktivizm prosesində dəyişə biləcəyini nəzərə almağınızı xahiş edirik.
Əgər gender, queer mövzuları və LGBTIQ+ haqqında mütəmadi yazırsınızsa, dilə dair yenilikləri izləmək, tövsiyələrimizi yenidən nəzərdən keçirmək, eləcə də illik hesabatlarımızı, sosial media paylaşımlarımızı və veb-saytımızı mütəmadi yoxlamaq bu sahədə daha etibarlı və inklüziv informasiya əldə etməyinizə kömək edəcək.
Tövsiyə etdiyimiz resurslar
- ILGA-Europe – Avropa və Qafqaz üzrə LGBTIQ+ hüquqları, illik hesabatlar
- TGEU – Trans Murder Monitoring – transların təhlükəsizliyi barədə qlobal məlumatlar
- QueeRadar, “Minority Azərbaycan”, Qiyvaar – Azərbaycan üzrə araşdırmalar, yerli icmaya dair məlumatları, təhlillər

