BMT binası. Mənbə: www.un.org Fotoqraf: Jean-Marc Ferré

BMT müzakirələri və onun LGBTQİ+ haqlarına təsiri

Universal Dövri İcmal (Universal Periodic Review, UPR) Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasının təşəbbüsü ilə yaranıb. Universal Dövri İcmal BMT üzvü olan 193 dövlətin insan hüquqlarına dair qeydlərin vaxtaşırı nəzərdən keçirilməsini ehtiva edir. Bu icmal bütün üzv dövlətlərə öz ölkələrində insan haqlarının vəziyyətini yaxşılaşdırmaq üçün hansı addımları atdıqlarını bəyan etməyə, həmçinin insan haqları üzrə ən yaxşı təcrübələri bölüşməyə imkan verir.

Universal Dövri İcmal (UDİ) harada baş verməsindən asılı olmayaraq, insan haqları üzrə pozuntuların qiymətləndirilməsini və onlara xüsusi diqqət yetirilməsini həyata keçirir. Yarandığı vaxtdan (mart, 2006) bu günə qədər (dekabr, 2023)UDİ-nin hər beş ildən bir 2008 – 2012; 2012 – 2017; 2017 – 2022 illərini əhatə edən üç dövri görüşü keçirilib. 

UDİ baxış-məruzələri BMT İnsan Haqları Şurasının 47 üzv dövlətlərindən ibarət UDİ İşçi Qrupu tərəfindən həyata keçirirlir, lakin hər bir BMT üzvu dövlət də icmalı həyata keçirilən dövlətlərlə diskussiyalarda iştirak edə bilər. 

Sonuncu dəfə Azərbaycan hökuməti 2018-ci ilin may ayında keçirilən Universal Dövri İcmalın üçüncü dövrü ərzində təqdim edilən 259 tövsiyəni nəzərdən keçirib. Hökumət təklif olunan tövsiyələrin bir çoxunu qəbul edib (supported), digərlərini isə qeydə alıb (noted). Tövsiyənin qəbul edilməsi o deməkdir ki, həmin tövsiyə artıq icra edilir, hazırda həyata keçirilməkdədir və ya həyata keçirilə bilər. Tövsiyənin qeydə alınması isə onunla bağlı əlavə araşdırmaların aparılacağını bildirir.

Azərbaycan Universal Dövri İcmalın üçüncü dövrü ərzində təqdim edilən tövsiyələr içərisində seksual oriyentasiya və gender kimliyi ilə bağlı 9 tövsiyənin demək olar ki, hamısını qeydə alıb almışdır. Əfsuslar olsun ki, bu dövr ərzində LGBTQİ+ haqları ilə bağlı tövsiyələrin heç biri qəbul edilməyib, yəni “supported” statusu almayıb, bu da o deməkdir ki, həmin tövsiyələrin bu dövr ərzində həyata keçirilə biləcəyi imkanları sıfıra bərabər olub.

105 ÖLKƏNİN AZƏRBAYCANA TÖVSİYƏSİ

İnteraktiv dialoq zamanı 105 ölkə arasından Azərbaycan üçün seksual orientasiya və gender kimliyi üzrə səsləndirilən tövsiyələr aşağıdakılardır:

  • Lezbiyan, gey, biseksual, transgender və interseks şəxslərə qarşı stiqmatizasiya kimi zorakılıq və ayrı-seçkilik hallarının qarşısının alınması üçün zəruri tədbirlər görmək və bu halların araşdırılmasını və üzə çıxarılmasını təmin etmək üçün görülən tədbirləri intensivləşdirmək (Argentina);
  • Lezbiyan, gey, biseksual, transgender və interseks şəxslərin həm qanunla, həm də həyatda ayrı-seçkilik və zorakılığın bütün növlərinə qarşı müdafiə olunmasını təmin etmək (Kanada);
  • Seksual oriyentasiya və gender kimliyinə görə ayrı-seçkiliyə qarşı geniş hüquqi baza formalaşdırmaq (Çili);
  • Seksual oriyentasiya və gender kimliyi də daxil olmaqla, hər hansı səbəbə görə ayrı-seçkiliyin aradan qaldırılması və qarşısının alınması üçün qüvvədə olan qanunvericiliyi öz öhdəlikləri ilə müqayisədə hərtərəfli şəkildə nəzərdən keçirmək (Honduras);
  • Ayrı-seçkiliyə qarşı mövcud hüquqi bazanın cinsi oriyentasiya və gender kimliyinə görə ayrı-seçkiliyi açıq-aşkar şəkildə qadağan etdiyini təmin etmək (İslandiya);
  • Ayrı-seçkiliyin bütün növlərinə qarşı mübarizənin intensivləşdirilməsi üçün beynəlxalq öhdəliklərə müvafiq şəkildə tədbirlər görmək (İtaliya);
  • Mövcud hüquqi bazaya cinsi oriyentasiya və gender kimliyinə görə ayrı-seçkiliyin qadağan olunması ilə bağlı müddəalar daxil etmək (Meksika);
  • Mövcud gender stereotiplərinin aradan qaldırılması üzrə hərtərəfli maarifləndirmə kampaniyası həyata keçirmək (Çernoqoriya);
  • Cinsi oriyentasiya və gender kimliyi də daxil olmaqla, şəxsi mülahizələrinə görə qanunsuz həbslər və pis rəftarla üzləşən şəxsləri müdafiə edərək onların cəmiyyətə tam şəkildə inteqrasiyasını təmin etmək (İspaniya);

Universal Dövri İcmal prosesi əsasən 3 sənəd əsasında həyata keçirilir ki, bunlar 1) nəzərdən keçirilən dövlət tərəfindən “milli hesabat” formasında təqdim edilən sənəd; 2) Xüsusi Prosedurlar, insan hüquqlarına dair qurumlar və digər BMT qurumları kimi tanınan müstəqil insan haqları ekspertləri və qruplarının hesabatlarında yer alan məlumatlar; 3) milli insan hüquqları institutları və qeyri-hökumət təşkilatları da daxil olmaqla, digər maraqlı tərəflər tərəfindən hazırlanmış məlumatlardır. 

2023-cü ilin 14 noyabr tarixində Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasında Universal Dövri İcmalın dördüncü dövrü üçün Azərbaycanda insan hüquqlarının vəziyyəti növbəti dəfə araşdırıldı. Bundan əvvəlki UDİ-də iştirak edən 105 dövlət Azərbaycan üçün müxtəlif insan hüquq və azadlıqları barəsində çatışmayan və təkmilləşdirilməsi vacib olan tövsiyələri irəli sürmüşdülər. Sözügedən baxışa qədər yerli vətəndaş cəmiyyəti nümayəndələri və beynəlxalq insan haqları təşkilatları də daxil olmaqla, müxtəlif maraqlı tərəflər əvvəlki Universal Dövri İcmalda qeyd edilmiş tövsiyyələrin nə dərəcədə həyata keçirildiyi və Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı cari Universal Dövri İcmal üçün təqdimatlar hazırlayıb təqdim etmişdilər. Bu təqdimatlar əsasən Birgə Bəyanatlar şəklində həyata keçirilir. 

İnsan azadlıqları və hüquqlarını nəzərdən keçirərkən qadın və LGBTQİ+ haqları üzrə maraqlı tərəflər, o cümlədən ifadə azadlığı hüquqları, gender əsaslı ayrı-seçkilik və zorakılıq, qadınların hüquqları, hökuməti tənqid edənlərə qarşı saxta və siyasi motivli ittihamlarla bağlı narahatlıqlar, ölkədə LGBTQİ+ şəxslərin hüquqları ilə bağlı bir sıra məsələlərin qiymətləndirməsini apararaq birgə bəyanatları hazırlamışlar.

2018-ci ildə keçirilmiş ən son Universal Dövri İcmaldan sonrakı dövrdə də Azərbaycanın insan hüquqları ilə bağlı ciddi narahatlıq doğuran trendlər müşahidə edilir. Hakimiyyəti ciddi şəkildə tənqid edənlərin, eləcə də jurnalistlərin və digər müxalif və tənqidi səslərin təqibi davam edir. “ILGA Avropa”nın hesabatlarına görə, Azərbaycan ardıcıl altı ildir ki, LGBTQİ+ hüquqlarının müdafiəsi baxımından Avropa ölkələri arasında ən son yerdə qərarlaşıb. Buna əsasən 2017-ci ildə LGBTQİ+ şəxslərə qarşı keçirilmiş genişmiqyaslı polis reydləri və 2019-cu ildə təkrar baş verən həbslərin, hüquq mühafizə orqanları tərəfindən onlara qarşı pis rəftarlar və s. kimi ölkə üzrə LGBTQİ+ların necə və hansı formada hüquqların pozulması ilə bağlı faktlar səbəb olub.. 

Ölkədə LGBTQİ+ haqqları üzrə mövcud vəziyyətin dəyişdirilməsində etinasızlıq və hökumət tərəfindən qaralayıcı münasibət bu şəxslərin günü-gündən daha çox təqib olunmasına, psixi və fiziki sağlamlıqlarının daima risk altında qalmasına, hüquq mühafizə orqanları tərəfindən zorakılıqla üzləşməsinə, təhqirlərə və ləyaqətlərinin alçaldılmasına və hüquqlarının məhkəmələrdə müdafiəsiz qalmasına, sosial iqtisadi dəstək metodlarından yararlana bilməməsinə, düzgün psixoloji və sağlamlıq yardımları almamasına, təhsildə və iş yerlərində qərəzli, ayrı-seçkilik nümayiş etdirən və zorakı davranışlara məruz qalmasına səbəb olur.

BİRGƏ BƏYANATLAR

Azərbaycanda LGBTQİ+ hüquqlarına qarşı mövcud fobik və diskriminativ vəziyyəti nəzərə alaraq vətəndaş cəmiyətini təmsil edən yerli qadın və LGBTQİ+ təşkilatlarırının da əlavə olaraq hazırladıqları bir sıra Birgə Bəyanatlar Universal Dövri İcmalın 4-cü dövrü üçün təqdim olunub. Aşağıda qeyd olunan Birgə Bəyanatlar formasında ifadə edilmiş LGBTQİ+ haqları üzrə spesifik narahatlıq və tövsiyələr öz əksini tapmışdır.

Birgə bəyənat 15 LGBTQİ+ icmasının seksual oriyentasiya və gender kimliyinə görə tez-tez hüquq-mühafizə orqanları tərəfindən işgəncə və ləyaqəti alçaldan və özbaşına həbslər də daxil olmaqla, pis rəftara məruz qaldığını narahatlıqla qeyd edir və bu cür pis rəftarlara döymək, təhqir etmək, alçaltmaq, saç qırxmaq və s. halların da aid edildiyini diqqətə çatdırır. 

Universal Dövri icmalın üçüncü dövrü zamanı LGBTQİ+ təqiblərinin davam etdiyi ölkədə LGBTQİ+ üzrə hadisələri işıqlandıran mənbələrdə öz əksini tapmışdır. 2017-ci ildə Azərbaycanda LGBTQİ+ şəxslərin əsassız həbsləri, məcburi tibbi müayinə, pis rəftar və işgəncə halları haqda narahatlığını bildirərkən BMT ekspertləri  Azərbaycanı “onlara qarşı törədilən zorakılığın və ayrı-seçkiliyin əsas səbəblərini aradan qaldırmaq üçün insanların seksual oriyentasiyasına və ya gender kimliyinə görə dərin kök salmış mənfi sosial qavrayışlara, yanlış təsəvvürlərə və qərəzli düşüncələrə qarşı mübarizə uğrunda təhsil siyasəti və ictimai siyasət vasitəsilə konkret addımlar atmağa çağırıb”.

Birgə Bəyanat 2 təlim-tədris prosesində hərtərəfli cinsi təhsilin olmamasından və inkluziv təhsil sisteminə ehtiyac duyulduğunu vurğulayaraq, təlim-tədris mühitlərində bərabərlik, sülh və qeyri-zorakılığı təşviq etmək və seksuallıq və genderlə bağlı geniş yayılmış sosial və mədəni nümunələrlə mübarizə aparmaq üçün inklüziv kurrikulumun olmaması lezbiyan, biseksual, transgender və interseks uşaqları həm təhsil mühitində, həm də təhsil mühitindən kənarda mobbing, zorakılıq və təqib kimi fiziki və emosional zorakılığın kəsişən formalarına qarşı həssas edir. Məktəblərdə seksual orientasiyasına və gender kimliyinə görə müəllim və şagirdlər tərəfindən aşağılanan və bullinqlə üzləşən LGBTQİ+ şagirdlərin şikayətlərinə vaxtında baxılmır və onlara qarşı törədilən zorakılıq halları araşdırılmır. 2019-cu ildə baş verən məktəbli Elina Hacıyeva intiharı ilə nəticələnən bullinq hadisəsi buna bariz nümunədir. Bundan başqa, 2021-ci ildə məktəbli Əli Məlikovun üzləşdiyi bullinq və psixi zorakılıq üçün məktəbini boykot etməsi, lakin məsələ yalnız ictimailəşəndən sonra onun xüsusi orqanlara etdiyi müraciətə əsasən zəng gəlməsi, yenə də onun təhlükəsizliyi üçün heç bir addım atılmamasıı onu göstərir ki, məktəblərdə və təhsil idarələrində seksual oriyentasiya və gender ifadəsi ilə bağlı fobik və etinasız davranışlar mövcuddur.

Azərbaycandakı sığınacaqlar əsasən qadınlara və uşaqlara xidmət göstərmək üçün nəzərdə tutulub. Bir çox hallarda sığınacaqlar lezbiyan və trans şəxsləri onların seksual oriyentasiya və gender ifadəsi fərqlərinə görə qəbul etməkdən imtina edir. Bu problemi nəzərə çatdırmaq üçün Birgə Bəyənat 2 lezbiyan, biseksual və trans şəxslərin həm məişət zorakılığı ilə, həm də sistematik və queerfob zorakılıqla üzləşdiklərini diqqətə çatdıraraq, ölkədə lezbiyan, biseksual və transgender qadınların məişət zorakılığı hallarına fiziki zorakılıq və ev həbsi, konversiya terapiyası, islah məqsədi ilə məcburi nikah və namus cinayətlərinin də daxil olduğunu qeyd edir. Azərbaycanda məişət zorakılığı üzrə hazırlanmış bir sıra hesabatlar göstərir ki, hökumət məişət zorakılığı epidemiyasının effektiv həllinə nail ola bilmir və qadınları zorakılıqla üzləşməkdən və öldürülməkdən qoruya bilmədiyi kimi, məişət zorakılığından xilas olmuş şəxslərin reabilitasiyası da effektiv və inkluziv şəkildə aparılmır. 

Buna görə də qadın haqları ilə bağlı UDİ baxışı üçün əvvəlcədən hazırlanmış Birgə Bəyanat 4-ün tövsiyəsində Azərbaycanda gender əsaslı zorakılıqla bağlı spesifik problemləri, o cümlədən məişət zorakılığından xilas olmuş şəxslər üçün dəstək xidmətləri, meditasiya və zorakılıq törədənlə barışdırma halları və hüquqi yardımın çatışmazlığı, habelə mühafizə qərarlarının səmərəsizliyi qeyd edilir. Tövsiyələrdə məişət zorakılğından xilas olan şəxslər üçün sığınacaqların sayının artırılması, onların həm də həssas əhali qrupları, xüsusilə də LGBTQİ+, yaşlı insanlar, əlillər və narkomaniyadan əziyyət çəkənlər üçün inkluziv olmasını təmin etmək kimi hallar da vurğulanır.

NİFRƏT NİTQLƏRİ

LGBTQİ+ şəxslərə qarşı cəmiyyətdə psixoloji və fiziki şiddətin artmasına səbəb olan nifrət nitqi və nifrət çağırışlarına hüquqi çərçivədə qiymət vermək üçün xüsusi bir qanunun çatışmaması bu gün Azərbaycanda nifrət nitqi səsləndirən şəxslərin çəkinmədən və hətta böyük əhali kütləsinə istinadən asanlıqla nifrət çağırışlarını etməsinə və buna görə də cəzasız qalmalarına səbəb olur. Nifrət nitqi üzrə “QueeRadar”ın hazırladığı hesabatda sosial media fenomeni olan Sevinc Hüseynova tərəfindən birbaşa hədəfə alınan kuir aktivist Əvəz Hafizli 2022-ci ilin fevral ayında qətlə yetirildiyi vurğulanır. Buna görə də Birgə Bəyanat 2 LGBTQİ+ icmasına qarşı nifrət nitqinin əhəmiyyətli dərəcədə artmasından narahatlığını ifadə edib. Bu bəyanatla həm də Azərbaycanda seksual oriyentasiya, gender kimliyi, gender ifadəsi və cinsi xüsusiyyətləri əsasında nifrət nitqinə, o cümlədən sosial mediada şəxsin şərəf və ləyaqətinin qəsdən alçaldılmasına qarşı mübarizə məqsədilə Cinayət Məcəlləsinə dəyişiklik edilməsini tövsiyə edib. Birgə Bəyınat 14 həmçinin Azərbaycana LGBTQİ+ şəxslərə qarşı nifrət nitqinin qarşısının alınması və onunla mübarizə üçün monitorinq mexanizminin yaradılması, sanksiya mexanizmlərinin təkmilləşdirilməsi, nifrət nitqinin təqibini asanlaşdırmaq üçün hüquq-mühafizə orqanları arasında daha geniş əməkdaşlığı təmin edən hərtərəfli strategiya hazırlamağı tövsiyə edib.

AZƏRBAYCAN QANUNLARINDA LGBTQİ+ HÜQUQLARI

Azərbaycanda 2000-ci ildə anti-sodomiya qanununu ləğv edib, lakin LGBTQİ+ insanlara qarşı seksual oriyentasiya və gender kimliyinə görə diskriminasiyaya məruz qalmasını hazırkı qanunvericilik qadağa etmir. O cümlədən də eynicinsli evliliklər və partnyorluğun vətəndaş nikahları və s. kimi digər formlaları rəsmi olaraq qeydə alınmır və qanun tərəfindən də bu partnyorluqlar tanınmır. Buna görə də UDİ üçün hazırlanan tövsiyələrin arasında LGBTQİ+ insanların partnyorluğunun leqal çərçivələrinə ehtiyac önə çəkilib. Birgə Bəyanat 2 Azərbaycan qanunvericiliyində eynicinsli cütlüklərin vətəndaş nkgahı və ya qeydiyyatdan keçmiş partnyorluq kimi hüquqi tanınmasının heç bir formasının nəzərdə tutulmadığını vurğulayıb.

“Bərabərlik və ayrı-seçkilik” üzrə Birgə Bəyanat 15-də tövsiyə olunur ki, Azərbaycanda seksual oriyentasiya və gender kimliyinə əsaslanan ayrı-seçkiliyə qarşı hərtərəfli hüquqi baza qəbul edilsin. Azərbaycanda seksual oriyentasiya və gender kimliyi və ifadəsinə qarşı münasibətdə anti-diskriminasiya qanununun hazırlanmasına ciddi ehtiyac vardır. 2006-ci ildə ilk dəfə Azərbaycanda gender bərabərliyi ilə bağlı gender əsaslı diskriminasiyanın bütün növlərini məhv etməklə və kişilər və qadınlar üçün siyasi, iqtisadi, sosial, mədəni və ictimai həyatın digər sferalarında bərabər imkanlar yaratmaqla gender bərabərliyini təmin etməyi qarşısına məqsəd qoyan qanun qəbul edildi. Lakin bu qanunda seksual oriyentasiya və gender kimliyi ilə bağlı heç bir bənd öz əksini tapmayıb. Məsələn, seksual oriyentasiya işdən çıxarılmaya görə əsas ola bilər və transgender məsələləri haqqında – onların iş tapma problemi, sənəd dəyişmə və sağlamlıqla bağlı çatımlılıqları barədə qanunda heç nə yazılmayıb. Azərbaycanda ayrı-seçkilik qadağası Konstitusiyanın 25-ci maddəsi ilə tənzimlənir, lakin bu maddədə LGBTQİ+ ilə bağlı heç bir söz və ya ifadə yoxdur. 

Anti-diskriminasiya qanunlarının yoxluğu LGBTQİ+ insanlar üçün mental və fiziki sağlamlıq problemlərinə qarşı həssaslığın və LGBTQİ+ stiqmasının daha da artmasına səbəb olur, buna görə də Azərbaycan bu tövsiyə ilə bağlı fəal addımlar atmalı və hər bir vətəndaşının rifaha çatması üçün anti-diskriminasiya qanununu qəbul etməlidir. Hazırda LGBTQİ+ insanlara qarşı təhsil müəsisələri, iş yerləri və sığınacaqlarda zorakılıq və institusional diskriminasiya reallıq olaraq qalır.

Transgender şəxslərə qarşı törədilən zorakılıq halları ən geniş yayılmış və ən çox psixi və fiziki zorakılıqla müşahidə olunan aktlardır. 2017-ci ilin polis reydlərində tutulanların ən çoxu trans şəxslər idi və onlar ən aşağılayıcı və məcburi tibbi yoxlanışa məruz qoyularaq bir çox hüquq pozuntusu ilə eyni vaxta rastlaşmışdılar. Transgender şəxslər ən qəddar zorakılığa məruz qoyulduqda və hətta öldürüldükdə belə, məhkəmələrdə cinayətin mühakiməsi yetərincə aparılmır və zorakılıq törədənə verilən cəzalar yüngül olur və ya cəzasızlıq müşahidə edilir. Eyni hal Əvəz Hafizlinin məktəməsində də baş vermişdi, zərər törədən şəxsə qarşı ittihamlarda xüsusi amansızlığa və cinayətin digər aşağılayıcı detallarına hüquqi qiymət verilməmişdi. 

Bundan başqa, transgender şəxslərin sənəd dəyişmə prosesində mütləq mənada “bütün” adaptasiya əməliyyatının keçirilməsinin tələb edilməsi trans şəxslərin fiziki və maliyyə cəhətdən əlverişsiz vəziyyətdə qoyan məcburi adaptasiya əməliyyatlarına getməsi ilə üz-üzə qoyur. Səhiyyə sistemində insan hüquqlarına əsaslanan tibbi protokolların tətbiq edilməməsi ayrı-ayrı tibb işçilərinin trans şəxslərə münasibətdə fobik və onların ehtiyaclarını yox sayan davranışlarının geniş yayılmasına və heç bir tənbeh metodları ilə üzləşmə ehtimalı olmadan trans şəxslərə qarşı sistematik zorakılıqlarına səbəb olur. LGBTQİ+ haqları üzrə çalışan vətəndaş cəmiyyəti fəalları trans* məsələləri barədə ciddi narahatlıqlarını ifadə edərək xüsusilə də trans*  tibbi sağlamlığı mövzusunda heç bir təlimatın olmadığına diqqət çəkərək aşağıdakı spesifik tövsiyələri təqdim etmişdilər. Birgə Bəyənat 2 həmçinin LGBTQİ+ icmasının, xüsusən də trans qadınların homofobiya və transfobiya səbəbindən tibb müəssisələrində ayrı-seçkiliklə üzləşdiyini qeyd edib. Transgender sağlamlığı üzrə biliklərə malik olan təminatçılar yoxdur və ya çox azdır, çünki bu, tibbi kurikulumlarda tədris olunmur. Tibb işçilərinin davranış qaydaları ilə bağlı təlimatlar da yoxdur. Birgə bəyənat 14 Azərbaycana səhiyyə işçiləri üçün hüquqlara əsaslanan səhiyyə protokollarının dövlət xəstəxanaları və özəl tibb işçilərin LGBTQİ+ benefisiarları üzərində konversiya prosedurlarını həyata keçirməsini qadağan edən elmi əsaslı müasir qaydalar hazırlamağı tövsiyə edib.

Azərbaycanda vətəndaş cəmiyyəti resurs çatışmazlığı, ciddi nəzarət və məhdudiyyətlər altında öz fəaliyyətlərini davam etdirir. Bir çox azad insan haqları təşkilatları, o cümlədən qadın və LGBTQİ+ haqları üzrə çalışan təşkilatlarınin qeydiyyatından dəfələrlə imtina edilir ki, bu da onların legitimliyinin və müxtəlif imkanlara çıxışının qarşısını alır. Bu tövsiyələrin universal dövri icmalda diqqətə alınması, onlara qarşı etinasızlıq Azərbaycanda yaşayan LGBTQİ+ insanlar üçün bir çox hüquq və azadlıqlarının qorunmasına dair hər hansı bir addımın atılacağını yubandırır və ya zəruri saymır. Nəticədə LGBTQİ+ insanlar davamlı olaraq psixoloji, fiziki zorakılıqla və diskriminasiyanın hər forması ilə üz-üzə qalırlar.

Cari dövrdə Universal Dövri İcmal ilə bağlı fəaliyyətlərin həyata keçirilməsi davam edir. UDİ ilə bağlı növbəti mərhələ 2024-cü ilin mart ayında interaktiv dialoqların xülasəsi, suallara və tövsiyələrə dövlət tərəfindən aidiyyatı cavablar və digər dövlətlər tərəfindən irəli sürülmüş tövsiyələrin tam siyahısını özündə əks etdirən UDİ üzrə yekun hesabatla nəticələnəcək. Bu yekun hesabat dördüncü dövr ərzində və beşinci dövr yekun icmalına qədər, yəni 2027-ci ilin iyul ayına qədər ölkədə insan haqları vəziyyətini yaxşılaşdırmaq üçün sadalanan tövsiyələri qəbul edib icra etməyə çağırır. Biz ümid edirik ki, Azərbaycan LGBTQİ+ üzrə digər dövlətlər tərəfindən irəli sürülən tövsiyələri dəyərincə qiymətləndirəcək və yerli vətəndaş cəmiyyəti və beynəlxalq hüquq müdafisəi təşkilatların LGBTQİ+ üzrə ciddi narahatlıqlarını ifadə edən birgə bəyanatlara dair cavab mexanizmi hazırlamaq üçün səy göstərəcək. Bunun üçün Azərbaycan hökumətini LGBTQİ+ haqları və rifahı üzrə tövsiyələri qəbul etməyə və növbəti 5 il ərzində bu tövsiyələrin icrasını həyata keçirməyə çağırırıq.

BMT İnsan Hüquqları Şurasının Universal Dövri İcmalı üçün “Queerdian”ın hazırladığı hesabatdan. Redaktə “Queerdian”a məxsusdur.