LGBTİQ+lar həkim müayinəsindən necə keçir?

LGBTİQ+lar həkim müayinəsindən necə keçir?

27 yaşlı Arzuman Süleymanov 2021-ci ilin mart ayında aldığı xəsarətə görə paytaxtda yerləşən dövlət xəstəxanalarından birinə müraciət edib. Lakin növbə ona çatanda həkim onun cinsi oriyentasiyasını biləndən sonra müayinə etməyəcəyini deyərək otaqdan çıxmasını tələb edib. Bundan sonra o üzləşdiyi vəziyyətlə əlaqədar Səhiyyə Nazirliyinə şikayət etsə də, nəticəsiz qalıb.

Həmin gün baş həkimin qəbuluna düşüb şikayət etmək istəsəm də, onu yerində tapa bilmədiyim üçün heç bir xidmət almadan xəstəxananı tərk etdim. Bundan sonra Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng vurub həkimdən şikayət etdim. Bildirdilər ki, araşdırılıb məlumat veriləcək, amma araşdırılmadı, məlumat da verilmədi.

Azərbaycanda həkim tapmaq LGBTİQ+ların üzləşdiyi əsas problemlərdəndir.

İndi Arzuman məcbur qalmadıqca həkimə getmir, yalnız çox çətin vəziyyətə düşdükdə özəl fəaliyyət göstərən psixoloquna müraciət etdiyini söyləyir. Bununla belə, o deyir ki, dövlət xəstəxanalarında tanış olduğu homofobik olmayan, yaxşı həkimlər də var. Köməyə ehtiyacı olanda onlarla əlaqəyə keçir. O düşünür ki, xəstəxanada normal münasibət görmək üçün ya pulu olmalıdır, ya da oriyentasiyanı gizlətməlidir.

Lakin bu Arzumanın ilk dəfə qarşılaşdığı vəziyyət də deyil. Bir neçə il bundan əvvəl dövlət xəstəxanaların birində oriyentasiyasını öyrənən həkim ona “niyə belə yaşayırsan, xəstəsən, get özünü müalicə elə” deyib.

Eyni vəziyyətlə üzləşən digər LGBTİQ+ 24 yaşlı Dennisdir. O, 3 il əvvəl işi ilə əlaqədar sağlamlıq haqqında Sabunçu rayonu 7 saylı xəstəxanasından arayış alarkən cərrah həkiminin məcburi şəkildə onun cinsiyyət orqanlarını yoxladığını qeyd edir.

“Şəxsiyyət vəsiqəmə baxdıqdan sonra hansısa əməliyyat keçirib-keçirmədiyimi soruşdu. Əməliyyat etdirmədiyimi dediyim halda, otağı dəyişib sinə və adaptasiya əməliyyatı olub-olmadığımı yoxlamaq üçün bədənimin bəzi hissələrini göstərməyi tələb etdi” – deyə, Dennis əlavə edir ki, onsuz da fiziki görünüşündən əziyyət çəkən birinə bunu etmək ağır zərbədir.

MÜALİCƏYƏ GİRMƏK ÜÇÜN İNTİHARA CƏHD

Şamplena da məhz trans qadın olduğu üçün müxtəlif dövlət xəstəxanalarında dəfələrlə eyni problemlərlə üzləşdiyini deyir. Onun sözlərinə görə, bir dəfə damarlarını kəsdiyi üçün qapıya çağırılan təcili yardım onu qəbul etmək istəməyib, daha sonra xəstəxanaya çatdırılsa da, tibb bacıları və həkimlər onu məsxərəyə qoyub.

O zaman məcbur qalıb 3-cü mərtəbəyə çıxdım, baxmayacaqları təqdirdə özümü aşağı atmaqla hədələdim. Xəstəxanın mühafizəçiləri müdaxilə etdikdən sonra məni cərahiyyə şöbəsinə qəbul etdilər.

Şamplena deyir ki, 2020-ci ildə bir neçə nəfər tərəfindən döyüldüyü üçün onun yolu yenə Sabunçu xəstəxanasından düşüb:

Xəstəxanaya aparılanda özümdə deyildim: qabırğam, qolum, ayağım əzilmişdi. Həkim trans olduğumu bildikdə “mənlik deyil, bunlara baxmıram” dedi. Dostlarım işə qarışdıqdan sonra mənə yaxın durdular.

O, həmin gün 12-ci polis bölməsinə şikayət etsə də, məsələnin araşdırılıb-araşdırılmadığını öyrənə bilməyib.

“Nəfəs” LGBTİ+ Alyansının nümayəndəsi, gender fəalı Gülnara Mehdiyeva LGBTİQ+lar üçün həkim tapmağın olduqca çətin olduğunu vurğulayır və dövlət xəstəxanalarında bu halların yaşandığını qeyd edir:

“İmtina halları daha çox “Respublikanski” xəstəxanasında baş verir. Məsələn, orada qan içində olan trans vətəndaşı bayıra çıxarıb, problem olmadığını demişdilər” – deyə, Mehdiyeva xatırlayır ki, 2019-cu ildə digər dövlət xəstəxanasında həkimlər Mərdəkan çimərliyində döyülən translara kobudluq göstəriblər. “Lakin aktivist və polisin müdaxiləsindən sonra həkimlər normal davranmağa başlayıblar”.

“Gender və Tərəqqi” təşkilatının sədri Kamran Rzayev deyir ki, bu problemi həll etmək üçün şəxsi əlaqələrindən istifadə edirlər. Belə ki, onlar əvvəlcə dövlət xəstəxanalarının baş həkimləri ilə danışıqlar aparır, müayinə edəcək həkim ayrılmasını xahiş edirlər. Baş həkimlə razılaşdıqdan sonra təşkilat müraciət edən LGBTİQ+ları həkimlərlə əlaqələndirirlər.

Daha çox QİÇS Mərkəzi və Dəri-Zöhrəvi Xəstəxanası ilə işlədiklərini deyən Kamran Rzayev bütün prosesi nəzarət altında saxladıqlarını bildirir:

Çalışırıq ki, icma üzvləri dövlət xəstəxanalarının pulsuz xidmətindən yararlana bilsin. 3-4 həkim var ki, illərdir bir yerdə işləyirik. Onlar necə davranmaq, hansı sözləri demək lazımdır bilirlər. Hər ehtimala qarşı işçilərimiz bütün prosesi izləyir, müayinə zamanı xəstənin yanında olurlar. Bu halda onlar diskriminasiyaya məruz qalmırlar.

Rzayev onu da bildirir ki, LGBTİQ+lar ilə işləmək hazırlıq tələb edir; dövlət xəstəxanasında çalışan həkimlərin əksəriyyəti LGBTİQ+ların xəstə, pozğun olması kimi stereotiplərə sahibdirlər.

“Gender və Tərəqqi” təşkilatından fərqli olaraq, Gender Resurs Mərkəzinin təmsilçisi Elnur Musayev dövlət xəstəxanalarında çalışan əksəriyyətin homofobik olması səbəbindən özəl sektorda çalışan həkimlərlə əlaqə saxladıqlarını deyir.

Azərbaycanda LGBTİQ+ların üzləşdikləri problem illərdir ki, beynəlxalq və yerli hesabatlarda öz əksini tapır.

2021-ci ilin noyabrında BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi yekun müşahidələrində Azərbaycanda transgenderlərin gender şəxsiyyətinin hüquqi tanınmasının olmaması onların işə, təhsilə və səhiyyə xidmətlərinə səmərəli çıxışına maneə olduğu göstərilib.

Eyni zamanda, LGBTİQ+lar üçün “hüquqi müdafiənin demək olar ki, yoxluğu”nu əsas tutaraq, “İLGA-Europe” Azərbaycanı 49 ölkə arasında ən son yerdə sıralayıb.

Hüquqşünas Xalid Bağırov LGBTİQ+ların sıradan bir vəkillə müdafiəsini təşkil etməyin asan olmadığı qənaətindədir:

Çünki adi vəkillərin strateji mövzularda həssaslıqları olmur. Adətən bu işi görməyə insan hüquqları ilə məşğul olan vəkillər maraqlıdırlar. Vətəndaş cəmiyyəti və LGBTİQ+lar arasında tam formalaşmamış ikili münasibətlər səbəbindən bu həssas qrupun vəkillərə çıxışında problem var. Eyni zamanda insan hüquq müdafiəçiləri transgenderləri strateji çəkişmələrə cəlb etməkdə problem yaşayırlar.

SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN MAARİFLƏNDİRMƏ PROQRAMI?

Homoseksuallıq 1994-cü ildən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Xəstəliklərin Beynəlxalq Təsnifatından çıxarılıb. Azərbaycanda isə xəstəliklərin beynalxalq təsnifatına onuncu baxış 2005-ci ildə qəbul olunub, yəni 16 ildir ki, homoseksuallıq xəstəlik sayılmır. Ancaq bununla belə sosial mediada vaxtaşırı tibb müəssisələrində həkimlərin LGBTİQ+ları qəbul etməməsi ilə bağlı xəbərlər yayılır.

Nəfəs LGBTİ+ Alyansının nümayəndəsi Gülnara Mehdiyevanın sözlərinə görə, hökümət bu sahədə həkimlərin maariflənməsini təşkil etməkdə maraqlı deyil.

Kiməsə sırf homoseksual olduğu üçün diskriminasiya edən həkimi məsuliyyətə cəlb etmək çətindir. Bu barədə az adam ictimai şəkildə şikayət etdiyindən problem olaraq aktuallığı yoxdur.

Onun sözlərinə görə, ölkədə belə proqramlar nəzərdə tutulmadığı üçün həkimlər öz hesabına Türkiyə, Almaniyaya və s. kimi ölkələrə gedib proqramlardan yararlana bilər.

Mövzu ilə əlaqədar Səhiyyə Nazirliyinə Mikroskop Media tərəfindən göndərilən suallar cavabsız qalıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) onlara ünvanlanan sualları birbaşa cavablamasa da, irqindən, cinsindən, mənşəyindən asılı olmayaraq hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ olduğunu bildirib.

“Gender və Tərəqqi” Təşkilatının rəhbəri Rzayev isə hesab edir ki, yaşlı həkimlərin düşüncə tərzini dəyişdirmək onsuz da çətindir, bu halda çıxış yolu tibb tələbələrini maarifləndirməkdədir.

Onlar leksikondakı köhnə, zərərli qəliblərdən qurtulmalıdır, pasiyenti aşağılayacaq, qıcıqlandırıcı sözlər işlətməməlidir. Həkim bilməlidir ki, “mavi” sözü yoxdur, “travesti” deyil, transgender demək lazımdır.

Məqalə Mikroskop Media və “QueeRadar”ın əməkdaşlığı çərçivəsində hazırlanıb.