LGBTİQ+ və senzuralı incəsənət

LGBTİQ+lara qarşı ayrı-seçkilik və hüquqlarının pozulmasına görə illərdir ki, Azərbaycanın beynəlxalq hesabat və statistikalarda yeri dəyişmir.

Senzura və stereotiplərlə zəngin sahə olan incəsənətlə məşğul olmaq istəyən kuirlər üçün isə bu daha da çətinləşir. Kuir sənətkarlar tez-tez müxtəlif çətinliklərlə üzləşirlər. Nəticədə ya onlara qoyulan çərçivədə fəaliyyət göstərməyə çalışır, ya da senzura olmayan ölkələrə köçmək barədə düşünürlər.

Yaradıcılığa yeni başlayan Nəcəf Öztürk təhlükəsizlik üçün özünə bu adı seçib. Atdığı yeni addımlara baxmayaraq, o artıq kuir məzmunlu işlərinin senzuraya məruz qalması ilə üzləşib. 

O deyir ki, məsələn, ilk kuir məzmunlu işi olan “Yanan mən oldum” adlı video-instalasiyasında üzərinə yapışmış ənənələrlə çirklənmiş bədənini təmizlənməyə çalışan insanın obrazı canlandırılır. Elə bu obrazı da çılpaq bədəni ilə 21 yaşlı Nəcəf özü canlandırır. 

Lakin qrup sərgisindən əvvəl ondan video-instalasiyasının dəyişdirilməsi tələb olunub və deyilib ki, o, paltardan istifadə etməlidir.

“Kuratorum isə sərgi məkanının hara olmasından asılı olmayaraq, əsərin elə bu şəkildə də qalacağında təkid etdi, məni cəsarətləndirərək bir kurator kimi sonadək dəstəkçim olduğunu dedi”, o qeyd edir.

Nəcəf Öztürk, “Yanan mən oldum”, video-instalyasiya, fraqment

Lakin Nəcəfin üzləşdiyi senzura bununla bitməyib.

Onun qadın alt paltarlarından istifadə edərək hazırladığı və gender, bakirəlik tabularını hədəf alan “Müqəddəs” adlı ikinci əsəri də eyni problemlərlə üzləşib. 

“Əsər qadın alt paltarlarından istifadə edilərək hazırlandığı üçün təşkilatçılar mənə izləyicilər narahat olmasın deyə, ətəklə əvəz edilməsini təklif etdilər. Mən isə dedim ki, diqqət çəkdiyim məqamlardan biri elə qadın alt paltarlarının tabu hesab edilməsi, dolayı yolla qadın və ona məxsus spesifikliklərin də cəmiyyətdə tabu kisayılması, diskriminasiyaya məruz qalmasıdır” – kuir sənətçi deyir. Onun sözlərinə görə, tədbir günü performansına başlasa da, tamaşaçılardan performans əsnasında yetərli diqqəti ala bilməyib. 

Nəcəf Öztürk, “Müqqədəs”, performans.

“Performansımı icra etsəm də, heç kəs görmədi, ancaq əsərin predmetləri otaqda sərgilənməyə davam etdi. Sonra tamaşaçılar mənə performansı görmədiklərini dedilər, bəzilərinə özüm fərdi şəkildə izah etdim. Sonrakı günlərdə təşkilatçıların nəşr etdirdiyi sərgidəki əsərlərin olduğu topluda mənim əsərimə yer verilmədiyini gördüm. Bu, məni hədsiz məyus etsə də,  baş verənləri analiz edib həvəsdən düşməməli olduğumu anladım”, Nəcəf bildirir.

 

Digər kuir sənətçi 24 yaşlı rejissor Nigar Səfərova isə deyir ki, özünü heç yerdə kifayət qədər rahat hiss etmir, çünki ölkədəki sistem LGBTIQ+nin əleyhinədir. O, kuir məzmunlu foto və video işlərin müəllifidir, eyni zamanda DJ kimi də fəaliyyət göstərir. Nigar keçən ilə qədər həm özünə, həm də digər kuir sənətçi dostlarına müxtəlif imkanlar yaratmaq üçün kirayə götürdüyü studiyanı bağlamaq məcburiyyətində qalıb. Onun sözlərinə görə, ev sahibi qısa müddətdə onu narahat etməyə başlayıb və təhlükəsiz mühit olmadığını görən sənətçi studiyasını bağlayaraq oradan çıxmaq qərarına gəlib. “O, mən və digər kuir sənətçi dostlarım kimi insanları evində görmək istəmədiyini deyir, məni görməyə gələn anama məni nəzarət altına almalı olduğunu tövsiyə edirdi”, – deyə Nigar əlavə edir ki, ev sahibi məkandan çıxmayacağı halda onu polisə şikayət edəcəyi ilə hədələyib və nəticədə Nigar da oranı tərk edib.

Nigar Səfərova, “Onlar” filmdən fraqment

O, eyni zamanda DJ kimi səhnəyə çıxdığı məkanlarda da narahatedici baxışlar və sözlərə məruz qalır. “Halbuki mən bu yerlərdə bir sənətçi olaraq yaradıcılığımla məşğul olmaq istəyirəm. Çünki sənətlərini icra edərək pul qazana biləcəkləri bir çox yerə insanları kuir olduqları üçün ya qəbul etmirlər, ya da qısa müddətdə işçi hüquqlarını qorumadan rahatlıqla qovurlar, təzminat və əməkhaqqı ödəmirlər. Mən və digər sənətçi dostlarım da dəfələrlə bənzər hallarla qarşılaşmışıq”, o bildirir. 

Nigarın sözlərinə görə, kuir şəxslərə, sənətçilərə qarşı bu kimi qanunsuzluqlar digər siravi insanlara nisbətən daha asan tətbiq edilir, çünki ölkədə hər kəs, hər iş yeri sahibi bilir ki, Azərbaycan hüquq-mühafizə orqanları kuir şəxslərin hüquqlarını qorumur.  “Məsələ ictimailəşəndə isə ictimaiyyət kuir şəxslərə qarşı baş verən istənilən haqsızlığa haqq qazandırır, onlara daha ağır bəlalar diləyirlər”.

Yerli və beynəlxalq hesabatlar göstərir ki, illərdir Azərbaycanda LGBTİQ+ hüquqları ilə bağlı vəziyyət dəyişməz və problemli olaraq qalır. Hökumət tərəfindən 2000-ci ildə homoseksuallıq dekriminallaşdırılsa da, LGBTİQ+lar  üçün ayrı-seçkilik, təqib, hücumlar və həbslər adi xarakter daşıyır. ILGA-Avropa təşkilatının 2023-ci ilin may ayında dərc etdiyi “Göy Qurşağı” xəritəsində Azərbaycan qonşu Türkiyə ilə birlikdə “İnsan hüquqlarının kobud şəkildə pozulması, ayrı-seçkilik” meyarlarına görə yenə də ən sonuncu yerdə qərarlaşıb.

Hökumətyönlü televiziya kanalları LGBTİQ+lara qarşı hücumlarda ayrıca yer tutur. Məsələn, hələ bu il azərbaycanlı jurnalist Sevgi İsmayılbəyli tərəfindən kuirlərin ölkədə məruz qaldığı qanunsuzluqlar, hüquq və azadlıqların pozulmasına dair “Dövlətlə üz-üzə, polis bölmələri və LGBT-lər” adlı sənədli film yerli televiziya kanallardan birinin diqqətini çəkib. “Qərbin kəkilli vəkilləri – Amerikanın səsinə səs verən növcavanların fobiyaları” başlıqlı süjet hazırlayan Real TV sənədli filmdə yer alan kuir qəhrəmanlar barədə homofob ifadələr səsləndirərək xalqı nifrətə səsləyib.

“Qərbə gözəl məlumdur ki, Azərbaycanda ailə dəyərləri və institutu həssas nöqtədir, sarı simdir. Günbatanda oturanlar 44 günlük müharibədə bizim qələbə qazanmaq səbəblərimizi zərrəsinə qədər araşdırıblar, onların ən çox qorxduğu məqam da Qarabağı görmədən azad edən gənclərin temperamentidir. LGBT maraqlarını müdafiə edənlərin bəhanəsi insan haqları olsa da, bu layihənin məqsədləri daha mənfur və rəzildir. Məsələ təkcə demoqrafik vəziyyəti idarə etmək deyil, Qərbin siyasətinin Azərbaycanda cücərməsi üçün milli prinsiplərin çürüməsi əsas şərtdir”.

Elnur Musayev

“Salaam Cinema” komanda üzvü, aktyor Elnur Musayev eyni zamanda müstəqil və kollektiv performanslarda da iştirak edir. 25 yaşlı kuir sənətçinin sözlərinə görə, geniş tamaşaçı münasibətindən əmin olmadıqları üçün çox vaxt kuir sənətçilərə məxsus tamaşa və performanslar qapalı tədbirlərdə baş tutur.

“Çox vaxt bu tədbirlərə ancaq müstəqil medianın girişinə şərait yaradılır, çünki müstəqil olmayan media kuir sənətçilərin etdiyi hər işi ictimaiyyətə mənfi perspektivdən təqdim edir. Belə olan təqdirdə, cəmiyyətin kuir şəxs və sənətçilərə münasibəti daha da radikallaşır”, – deyə aktyor bildirir ki, o, kuir sənətçi kimi geniş fürsətlərə sahib olmağı və performanslarını daha böyük izləyici kütləsinə çatdırmağı çox istəyir.

Elnurun sözlərinə görə, bir sənədli teatr layihəsi çərçivəsində müxtəlif qruplardan olan insanlardan müsahibələr götürərək onları müxtəlif yerlərdə canlandırıb. Onun da bir hissəsi keçmiş adət-ənənələr və abu-hava üçün darıxan yaşlı bir kişinin indiki nəsildən narahatlıq ifadə etdiyi monoloq olub.

“Metroda qatarların birində səsləndirdim, indiki nəsil filan şeyləri edir, bizim vaxtımızda belə şeylər yox idi. Qatardan düşərkən bir yaşlı qadın “bizim vaxtımızda sırğa taxan, saç uzadan oğlanlar da yox idi” deyərək mənə etirazını bildirdi. Halbuki, səsləndirdiyim mətn onun nəslinin səsi idi, ancaq həmin qadın onları və dəyərlərini müdafiə mətnini səsləndirən məni belə bəyənmədi”, o deyir.

Aktyor onu da qeyd edir ki, sırf kuir sənətçi icması olaraq formalaşmasalar da, müxtəlif təşəbbüs qruplarına məxsus tədbirlərdə bir-birilərini tanımağa çalışırlar. 

“Bəzi kuir sənətçilərin regionlarda yaşaması və Bakı ilə əlaqələrdə çətinlik çəkməsi belə bir sənətçi icmasının yaranmasını daha vacib edir. Bakıda da vəziyyət kifayət qədər ürəkaçan olmasa da, regionlarda özünü tək hiss edən sənətçilərin olması xüsusi narahatedicidir”.

Azərbaycanda senzuralardan yorulan sənətçilər isə çıxış yolunu qonşu ölkə Gürcüstana köçməkdə görürlər. “ChaiKhana” platformasının keçən il hazırladığı video materialda göstərilir ki, Tbilisiyə işləmək və yaradıcılıqla məşğul olmağa təhlükəsiz yer axtaran gənc azərbaycanlı gənclər üçün maqnitə çevrilib və köçənlər arasında kuir sənətçilər də xüsusi yer tutur.

“Təhükəsizlik baxımından vəziyyət qənaətbəxşdir… Xüsusilə burada kafelər, əyləncə mərkəzləri, hansısa klublar və s. kuir-dostu yerlərdir və bunlar hətta “Google Map”da belə qeyd olunur”, LGBTİQ+lara qarşı olan təzyiqdən qurtulmaq üçün Azərbaycanı tərk edərək Tbilisiyə köçən rejissor Vüsalə Hacıyeva bildirib. 

Nəcəf Öztürk isə xarici ölkələrdə bir kuir sənətçi üçün daha yaxşı şərait olduğunu bilsə də, yaxın zamanda ölkədən köçməyi düşünmür.

“Hazırda ölkəmdə həm öz şəxsi kuir kimliyimi dərk etmək, həm də kuir sənətçi olmağın mübarizəsini aparmaq istəyirəm. Düşünürəm ki, kuir məzmunlu əsərlərə burada daha çox ehtiyac var”, o vurğulayır. 

Elnur Musayev isə deyir ki, Gürcüstanda kuir sənətçilərə senzura qoymayan azad sərgilər təşkil edən həm yerli, həm də beynəlxalq müstəqil təşkilatlar və sənət fondları üstünlük təşkil edir. “Xaricdə müxtəlif sənət tədbirlərinə getmək istərdim, hətta Gürcüstanda performansım da baş tutacaq, ancaq daimi olaraq xaricə köçüb orada yaradıcılıqla məşğul olmaq istəmirəm”, o bildirir. “Bir kuir sənətçi olaraq əsərlərimlə bu məsələlərdə immunitet qazanmış ölkələrə nə qata bilərəm ki?”

 

Məqalə “Çağdaşçılar” platforması üçün QueeRadarın Mentorluq Proqramı çərçivəsində hazırlanıb.