Oktyabrın 9-da futbolçu İker Kasilyasın homoseksual olduğu haqqında Twitter hesabından atdığı və bir saat sonra sildiyi tvit mediada homoseksual idmançılar haqqında fobik dildə yazılan xəbərləri gündəmə gətirdi. Ondan başlayaq ki, Kasilyasın ispanca “Soy gay” deyə atdığı tvitin tərcüməsi Azərbaycanda bəzi saytlarda “Mən maviyəm” kimi – heteroseksist təfəkkürdə geyləri aşağılamaq üçün istifadə olunan arqo – tərcümə olunub.
İngiltərəli siyasətçi Lynne Featherstone 2011-ci ildə “Futbolda gey haqları” müqaviləsi imzalanarkən “İdman sənin nə edə bildiyinlə əlaqəlidir, kim olduğunla yox” demişdi. Müxtəlif dövrlərdə homoseksual idmançıların homofobiyaya məruz qalmaması ilə əlaqəli fərqli təkliflər və sanksiyalar irəli sürülsə də, nə idman sahəsində, nə də homoseksual idmançılar haqqında xəbər hazırlayarkən media LGBTIQ+fobiyasını azaltmayıb.
Xəbərlərdə idmançıların performansları və fəaliyyətlərinin qarşısına onların cinsi oriyentasiya və cinsi kimliklərini əlavə edən media nümayəndələri, “qeyri-ənənəvi oriyentasiya”, “etiraf etdi”, “oriyentasiya dəyişdi” kimi ifadələrdən istifadə edərək oxucu toplamaq üçün LGBTIQ+fobik kontent tirajlayır.
“Məşhur idmançı xanım homoseksual olduğunu etiraf edib”, “Olimpiada ŞOKU: – 44 idmançı “gey” və “lezbiyan” çıxdı”, “İdmançı gey 3 çeçeni xəstəxanalıq etdi – DAVA (FOTO)”, “Azərbaycanlı idmançı həmçinsi ilə nişanlanıb?” – bu başlıqlar yerli mediadan götürülmüş nümunələrdir.
Yerli mətbuatın bu mövzuda hazırladığı materiallarda 4 nüans özünü göstərir:
- İdmançıların kaminq aut məsələsinə sensasiya, qalmaqal hadisəsi kimi yanaşma;
- Azərbaycan vətəndaşı olan idmançıların gender kimliyi və ya seksual oriyentasiyası barədə xüsusi həssaslıq nümayiş etdirmə;
- Paparazzi üsulu ilə idmançıların şəxsi həyatlarını güdmə, oriyentasiyaya dair ehtimallar irəli sürmə;
- Homoseksual kimi kaminq-aut etmiş idmançının keçmiş evliliklərini, yaxud uşaqlarını xəbərin sonunda xatırlatma; Belə ki, idmançıların keçmişi haqqında “X ilə evli idi”, “2 uşağı var” kimi vurğularla hetero əxlaq və dəyərlərlə mühakimə edib homofobiyaya məruz buraxılır.
Təlimatlarımızda 3 ildir vurğuladığımız məsələləri təkrar etməliyik:
- Homoseksuallıq və translıq qeyri-ənənəvi seksual oriyentasiya deyil, homoseksuallıq və ya translıq etiraf edilməli olan və ya etiraf edilən neqativ hal deyil.
- Oriyentasiya maye halındadır; bəli, dəyişkəndir, lakin insanları “oriyentasiya dəyişdi” vurğusu ilə homofobiyaya məruz buraxmaq həm də peşə etikasına ziddir.
- Homoseksual olaraq kaminq-aut edən idmançının neçə uşağı olub-olmadığının, keçmişdə kiminlə münasibəti olub-olmadığının onun fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Necə ki oriyentasiyasının fəaliyyəti ilə əlaqəsi yoxdur.
- LGBTİQ+ idmançıların idman üçün əhəmiyyətini başa düşmək inkluzivlik baxımından vacibdir, lakin LGBTİQ+ idmançılar ilk növbədə idmançılardır. Onların sadəcə gender kimliyinə dair təcrübəsini vurğulamaqla idmançı performansına, peşəkar fəaliyyətinə, komandasına məhəl qoymamaq səhvinə yol verməyin.
- Jurnalistikanın gözətçi funksiyasını rəhbər tutaraq, LGBTİQ+ə qarşı diskriminativ açıqlamalar, qanun və siyasətlərin idman sferasında necə təzahür etdiyinə diqqət yetirin. Araşdırılmalı olan məsələ idman sahəsində LGBTİQ+ə qarşı ayrı-seçkiliyin olub-olmamasıdır.
- Heteronormativzm əsaslı media baxışını inkluziv media prinsipləri ilə dəyişmək lazımdır.