Hip-hop niyə kuirfobdur

Elşad Xosenin 2005-ci ildə buraxılmış “İxlas” adlı albomundakı treklərdən – “Mavi” adlı parçanın girişi kuirfobiya ilə başlayır:

“Bura Azərbaycandır, Amsterdam deyil. Çıxdığınız səhnədir, hamam deyil”.

Azərbaycan dilində yazılmış ən kuirfob replərdən biri olan “Mavi” müğənni Aygün Kazımova, reperlər Elşad Xose və “Dəyirman” qrupunun duetidir. Bu ilk misrada yaradıcı heyət Niderland Krallığının paytaxtı Amsterdama işarə edir, Avropanın gey paytaxtı ilə Azərbaycanı qarışdırmamağa çağırırlar.

Azərbaycanda LGBTİQ+ hüquqları ilə bağlı mənfi vəziyyət azərbaycanlı reperlərin kuirlərə olan münasibətinə təsirsiz ötüşmür. Yaxud da tərsinə, geniş auditoriyaya malik kuirfob reperlərin LGBTİQ+lara qarşı nifrət nitqinin qafiyəli şəkildə yayılmasına təkan verdiyini demək olar. Azərbaycanda heteronormativ mədəniyyət arxaik cinsi təcrübə və inanclara əsaslandığı üçün bu standarta uyğun görülməyənlər demonizasiyaya və özgələşdirməyə məruz qalırlar.

Azərbaycanda rep daha çox ənənəvi televiziya kanalları vasitəsilə inkişaf etməyə başlayıb. Belə ifaçılar içərisində ən məşhurlardan biri Elşad Xose və onun daimi “silahdaşları” olan “Dəyirman” qrupudur. Bir zamanlar məşhurluğu ilə seçilən “Dəyirman” ifaçıları sadəcə hip-hop auditoriyasına deyil, eyni zamanda, bütün ölkəyə müraciət edəcək qədər fanat bazasına sahib idilər.

“Mavi” treki LGBTİQ+u hədəf almaqla ayrıseçkilik, nifrət nitqi və bir qrup vətəndaşın gender kimliyinə görə alçaldılmasını ehtiva edən məşhur performanslardandır. Məsələn, ABD Malikin hissəsində olan kuirfob ifadələrdən biri mahnının introsunda olan “göstər barmaq ilə səhnədə olan maviyə” misrasıdır. İfaçı daha sonra “üzdən kişi, arxadan qadın. Üzümüzə baxın, kişiyəm mən deməyin”, “pozğun, ədəbsiz küçüklər, fahişələr də sizə taydırlar” – kimi cümlələrlə hissəsinə davam edir. Bu misralar Azərbaycan cəmiyyətində gender rollarının yalnız sishetero “kişi” və “qadın” olaraq qəbul edilməsi və bütün digər kimliklərin legitim olaraq görülməməsi kimi ümumi yanaşmanın əsasını təşkil edir.

Populyar incəsənətdə bu cür qeyri-sağlam leksikon kuirfob mesajların sürətlə yayılmasına yol açır, alçaldıcı ifadələrdən istifadəni və LGBTİQ+ə qarşı fobiyanı normallaşdırır.

“Dəyirman” qrupunun, xüsusilə ABD Malikin və Miri Yusifin ifa etdikləri mahnıların “ghostwriter”i (rep ifaçıları üçün söz yazan və adını çox vaxt anonim saxlayan şəxs; “Dəyirman”ın nümunəsində bu, prodüser Emin Efendi və digərləri idi) olub. Lakin mətnin başqası tərəfindən yazılması o demək deyil ki, ifaçıların kuirlərə şəxsi münasibəti səsləndirdikləri sözlərdən fərqlidir. “Mavi”də Elşad Xose öz hissəsində “səsi yaxın kişiyə, özü yaxın dişiyə” sözləri ilə davam edir. Sonradan ifaçı translara olan münasibətini “geyin dar cins, amma dəyişmə cinsini, əlacım olsa, söyərəm ölüsünü, dirisini” kimi təcrübəli reperə yaraşan “möhtəşəm qafiyələrlə” ifadə etdiyi mətndə göstərir. Ümumiyyətlə, Elşad Xose digər replərində də əksər halda kuirlərdən və kuir kimliklərdən təhqir vasitəsi kimi istifadə edir. Bunu hətta sadəcə mahnılarında yox, ötən il sosial şəbəkələrdən birində olan canlı yayımda da ifadə edib. Repçi verilişlərə çıxmama səbəblərindən biri kimi isə işçilərin “petux” olmasını göstərib.

“Qonağın petux, aparıcın petux, prodüserin petux, stilistin petux, parixmaxerin petux. Nə bilim e, hamı petux. Kimlə gəlib oturasan? Kimlə gəlib söhbət edəsən? Kiminlə verilişə çıxasan? Nə haqda danışasan?” – Xose deyib.

Mənbə: juxtapoz.com

Hər şeyə qarşı “yeni” köhnə AzRep

2006-2007-ci illərdə rep səhnəsində olan uzunmüddətli sükutdan sonra yeni simalar peyda olmağa başladı.

Onların içərisində klassik çoxüzvlü kollektivlər də var idi. Bu sıraya Uran, köhnə “Anbar Klan”ın heyəti və prodüser Master T-nin rebrendinqi olan “Dastreetz” komandası və H.O.S.T. Alyansı aid etmək olar. Hər iki komanda bir-birlərindən stil baxımından fərqli idilər. “Dastreetz” klassik repi, anderqraundu təmsil edirdisə, H.O.S.T. daha çox siyasi, sosial şərh və yaxın mövzulara üz tuturdu.

Həmin dövrdə H.O.S.T. qədər Azərbaycan rep səhnəsində bu stildə işləyən və populyar olan demək olar ki, heç kim olmadığına görə bu qrup mətn və ideologiya adı ilə istənilən “kaşa”nı dinləyiciyə yedizdirə bilirdi. Eyni mahnıda həm Hitlerdən (Avstriyalı rəssam), həm Fidel Kastrodan, həm millətçilikdən danışa, sonra isə insanları kommunizmə dəvət edə, yaxud “bütün fahişələri yandıraq” kimi orta əsr xristianlığına xas tələblər ortaya qoya bilirdilər. H.O.S.T.-un mahnılarında da bir çox hallarda kuirfob ifadələrə rast gəlinirdi. Bu ifadələr daha çox qrupun lideri Qaraqan tərəfdən qələmə alınıb. 

“Fahişələr, mavilər və təzəcə çıxmış lezbiyanlar

Dünən russko-yazıçılar bu gün olublar anqliçanlar

Yaxşı, bizik protestanlar, siz də olun anqlikanlar

Sətirlərim batalyonlar, qafiyələr partizanlar”

2008-ci ildə yayımlanan “Qarada Qırmızı” albomunun hissəsi olan bu parça açıq-aydın təhqir səsləndirir, mövcud stereotipləri təkrar edir və ayrıseçkilik xarakterli narrativlərə öz töhfəsini verir. Tipik H.O.S.T. mətni olaraq, 4 cümlədə 7 sosial qrupdan razı olmadığını ifaçı belə qeyd edir. Qaraqan düşünür ki, lezbiyanlar geylərlə müqayisədə daha sonra yaranmış sosial qrupdur. Mətnlərinə nəzər saldıqda dünyagörüşünün “çoxşaxəliliyindən” xəbərdar ola bilsək də, hərdən ifaçı tərəfindən irəli sürülən müəyyən “faktlar” şok effekti yarada bilir.

Məsələn, ondan bir il öncə yayımlanan H.O.S.T.-un “İstəmirəm” adlı parçasında Qaraqan belə deyir:

“İstəmirəm demokratiya, istəmirəm restavrasiya

İstəmirəm azad seçki, dünyaya inteqrasiya

İstəmirəm Qərb mədəniyyəti, Avropasayağı toy

İstəmirəm oğlum bir gün desin “ata, oldum qoluboy”.

İfaçı istəmədiyi şeylər haqqında danışarkən məlum olur ki, onun istədiyi şeylər barədə də qərar verməklə bağlı problemləri var. Yuxarıda qeyd etdiyim məsələdə olduğu kimi, ifaçı burada da hər şeyə qarşıdır. Nəyə qarşı olmadığı və yaxud nəyi dəstəklədiyi barədə konkret fikri yoxdur. Repin bu hissəsi sıravi, anti-qlobalist rus deputatın çıxışını xatırladır və əsas hədəflərdən biri yenə də kuirlərdir.

“Dastreetz” komandasının tərkibində həm də 6 nəfərdən ibarət qrup olan “Rap Out Clan” var idi. Bu qrup daha çox yerli auditoriyada “Bakı stili” adlanan, bir mahnıda həm rus, həm Azərbaycan dilindən istifadə edən və “Dastreetz” stilinə sadiq qalaraq, anderqraund yanaşma ortaya qoyan qrup idi. Qrupun ən məşhur ifaçısı Okaber 2011-ci ildə ifa etdiyi “Etirazımız” adlı parçasında “bizə qoşulmaq istəsən, başını keçəl qırx” deyir.

Ümumilikdə “Rap Out Clan”ın köhnə rəsmləri, yaxud çıxışlarına baxsaq, kənardan ultra-sağ futbol fanatlarını xatırladır. Məncə, bu, sadəcə görünüş üçün deyildi, həm də ideoloji baxışları ilə əlaqəli idi. Okaber sonradan AzRepdə sağ-millətçi repin əsasını qoyur. Albom qapaqlarında nasist simvolikadan istifadə edir, bəzi hallarda nasist liderlərdən sitatlar gətirir və H.O.S.T. stilini xatırladaraq bir mahnıda özünü həm Hitler, həm də bacıları və ailəsi nasistlər tərəfindən öldürülmüş Frans Kafka adlandırır. Millətçi pafos, vətənpərvər şüarlar, autentik sempllar və s., görünür ki, rep auditoriyasının həmin vaxta olan bütün tələblərini ödəyir. Təbii olaraq, Okaber nəinki sadəcə reper olaraq, həm də sıravi türk millətçisi olaraq kuirlərə münasibətdə radikal mövqedədir. Məsələn, o, 2011-ci ildə yayımlanan “Başlıqsız sətirlər” adlı parçasında belə deyir:

“Yazmadınız fahişələrdən, yazmadınız peysərlərdən,

Yazmadınız mavilərdən, arvadın satan ərlərdən!

Siz yazmadınız Spid virusu tutmuş məsum körpələrdən,

Yazmadınız uçurumlarda tikilmiş körpülərdən”

Əvvəldə qeyd etdiyim kimi, klassik AzRep kuirləri birbaşa hədəfə çevirməklə məşğul idisə, sonrakı nümayəndələr kuirləri digər qarşı olduqları sosial qruplara və peşə sahiblərinə yapışdıraraq ümumi nifrət yaymaqla məşğul olublar. Bu nifrətin haradan qaynaqlandığını, bəlkə, heç özləri də bilmir. Pafos və hər şeyə qarşı olmaq kult obraza çevrildiyi üçün nəyəsə qarşı olmaq xətrinə qarşı olmaq bu nümunələrə daha xarakterikdir, nəinki institusional kuirfob olmaq və s.

Hip-hop necə hipermaskulin janra çevrildi?

Hip-hop janrında nifrət nitqi və anti-LGBTİQ+ fikirlər səsləndirmək, əlbəttə, Azərbaycanla məhdudlaşmır. Hip-hop yarandığı dövrdə rasizm, ksenofobiya və digər problemlərə qarşı olan pasifist və açıq düşüncəli mədəniyyət forması olsa da, sonradan öz formasını və məzmununu dəyişməyə başlayıb. Kuirfobiya dünya rep tarixində daima mövcud olan ən böyük mənfilərdən biridir desək, yanılmarıq. Lakin Qərb repi illər keçdikcə auditoriyanı nəzərə almağa, dinləyici kütləsini, yaxud hansısa sosial qrupları, din, irq və s. təhqir etməməyə çalışır. Qərbdə insanların bu tip diskriminativ ifadələrə reaksiyası olduqca sərt və qətidir. Bu səbəbdən hətta ən məşhur reperlər də hazırda “ağzından çıxana” diqqət etməyə çalışır. Yalnız reputasiya qorxusuna görə yox, həm də əllərində olan gücdən xəbərdar olduqları üçün.

Qanqste rep, yaxud reallıq repi hip-hopun subjanrlarından biri olaraq. 80-ci illərin sonundan formalaşmağa başlayıb. Qanqste repin əsas təmsilçiləri şəhər bandalarının və küçə qarətçilərinin “dəyərlər”ini təbliğ edirdilər. Bu subjanrın vaxtına görə ən məşhur təmsilçiləri Ice-T, N.W.A Tupac Shakur idi. Qanqste rep yarandığı dövrdən etibarən daima kriminalın, qətllərin, narkotika propoqandasında, eləcə də mizoginiya və kuirfobiyada ittiham edilib. İttihamların əsaslı olduğu subjanrın məşhur simalarının mətnlərinə baxarkən aydın sezilir. Lakin propaqanda və sənət özünüifadəsi arasında olan fərq dinləyiciləri fikir ayrılığına gətirib çıxarır. Qanqste rep dinləyiciləri bu subjanrı daha çox sosial ədalətsizliyə, polis qəddarlığına qarşı yüksələn səs olaraq qəbul edirlər. Lakin danılmaz faktlardan biri odur ki, qanqste rep yarandıqdan sonra rep daha çox konflikt və ölümlərə, daha çox kriminala və kriminal həyatın romantikləşdirilməsinə təkan verib. Beləcə, təməli sülh prinsiplərinə bağlı olan mədəniyyətin hissəsi kimi formalaşan janr sonradan hipermaskulin janra çevrilməyə başlayıb. Bunun əsas səbəblərindən biri isə repin digər hip-hop elementlərinə nəzərən daha çox sənayeləşməyə məruz qalması və kapitalistləşməsi olub.

Qərb repində kuirfobiya

Hələ 1982-ci ildə hip-hop “scholar”larından biri olan Grandmaster Flash özünün institusional rasizmə qarşı olan məşhur parçalarından biri – “The Message” parçasında “faggot” ifadəsindən istifadə etmişdi. Hip-hop sənətçilərinin kuirlərə qarşı olan mövqeyi əksərən o dövrdə də birmənalı deyildi. Sonradan NWA və DMX-in parçalarında da bu ifadəyə rast gəlinir. Repin ən məşhur bəyaz siması olan Eminemin kuirlərə mövqeyi isə daima dəyişən olub. Belə ki, ifaçı özünün 2000-ci ildə yayımlananan “The Marshall Mathers LP” albomunda “Hate f**s?/The answer’s yes” deyib. Bu, hərfi mənada kuirlərə nifrətlə əlaqəlidir. Lakin 2001-ci ildə “Grammy” mükafatının təqdimetmə mərasimində o, məşhur gey ulduz Elton Conla birgə performans həyata keçirərək fikrini dəyişdiyini ifadə edib. Sonrakı fəaliyyətində Eminem digər reper Tyler the Creatora olan 2018-ci il “diss”ində yenidən “faggot” ifadəsindən istifadə edir:

“Tyler create nothin’, I see why you called yourself a f****t, bitch.

It’s not just ’cause you lack attention”.

Parça populyarlıq qazandıqdan sonra reper müsahibələrinin birində bu ifadədən istifadənin doğru olmadığını və onun sadəcə konfliktdə olduğu artistə deyil, bir çox insana qarşı münasibətdə səhv olduğunu vurğulayıb.

Son illərdə “lyrical rap”in (rep slenqdə bu, parçalarında söz texnikasını səslənmə və təqdimatdan daha üstün hesab edən reperlərin etdiyi stilə deyilir) ən məşhur təmsilçilərindən olan, Pulitzer mükafatına layiq görülmüş reper Kendrick Lamar sonuncu “Mr. Morale & Big Steppers” albomunda “Auntie Diaries” adlı parça ilə böyük repdə ilk dəfə trans kimlik mövzusuna toxunub. Dinləyicilərin və xüsusən də trans, yaxud kuir dinləyicilərin mahnıya mövqeləri birmənalı deyil. Belə ki, bəziləri parçanı transların qəbullanması ilə əlaqəli vacib addım hesab etdiyi halda, digərləri Kendrickin parçada özünüifadə formasından və qeyri-politkorrekt leksikasından məmnun deyillər. Parça, həqiqətən də, politkorrekt deyil və Kendrick mətndə dayısının və qızının ölü adlarından (deadnaming) istifadə edir, “xalam indi kişi olub” kimi ifadə ilə mətnə başlayır və hətta provokativ olaraq ardıcıl “faggot” sözündən istifadə edir.

Daimi dinləyici olaraq və qaradərili icmadakı aqressiv transfobiyanı nəzərə alaraq, Kendrickin bu parçası haqda konkret fikir bildirmək çox çətindir. İfadə forması nə qədər qeyri-politkorrekt olsa da, Kendrick hazırda çox böyük auditoriyaya müraciət etmək iqtidarında olan reperdir. Belə ifaçıların trans mövzuları qaldırmağa başlamasını, bəlkə də, hansısa formada “nailiyyət” hesab etmək də olar.

Ümumiyyətlə, 2000-ci illərdən etibarən qərbli reperlərin kuirlərə münasibəti əvvəlki dövrə nəzərən müəyyən qədər də olsa, dəyişə bilib. Hətta Kanye West, Jay Z kimi məşhur ulduzlar da kuirləri dəstəkləyən çağırışlar edib və əvvəlki yanaşmalarına görə üzr istəyiblər. Lakin istənilən halda, vəziyyət daha da yaxşı olar bilərdi. Bəlkə də olacaq. Çünki hazırda böyük səhnədə olan kuir reperlərin də sayı əvvəlkindən qat-qat çoxdur. Buna misal olaraq Tyler the Creatoru, yaxud repin ən məşhur maskulin lezbiyan siması olan Young M.A -i göstərmək olar.

Young M.A açıq kimlikli ilk lezbiyan qadın reperlərdən biridir və platinum statusa sahibdir. Hazırda industriyanın ən məşhur simaları ilə birgə çalışır və onun haqda olan fikirlər əksər hallarda, müsbət yöndədir. Son dövrlərin ən məşhur simalarından olan Young Thug isə çox vaxt performanslarda və ya kliplərdə “cross-dressing” edir və obraz dəyişdirir. Müsahibələrinin birində bu haqda danışdıqda “mənim aləmimdə sən don geyinərək də qanqster ola bilərsən, çox enli şalvarda da”, – deyib.

Azərbaycanda isə illər keçdikdə nə ümümi olaraq, nə də hip-hopda kuirlərə münasibət dəyişmir, əksinə, daha da pisləşir. Buna görə də təkcə yazdığı, dediyi fikirlərə görə heç bir məsuliyyət daşımaq istəməyən ifaçılar yox, həm də heç bir tələbi olmayan auditoriya günahkardır.

İncildə deyilir ki, əvvəldə ancaq söz var idi. Və tanrı hər şeyi sözdən yaratdı. Sözdən nə yaratdığına söz sənətkarı 100 dəfə fikir verməlidir. Yüz ölçüb bir biçməlidir. Çünki söz ona verilən formaya görə müqəddəs də ola bilər, dəyərsiz də.

 

Məqalə QueeRadarın Mentorluq Proqramı çərçivəsində Femmekan üçün hazırlanıb.