İyulun 13-də yazıçı Xalid Hüseyni rəsmi Facebook hesabında övladlarından biri – Haris Hüseyni haqqında yazıb, onun “kaminq-aut”u və gender adaptasiya prosesi barədə qısa qeydini paylaşıb.
Məşhur yazıçının bu yazısı günlərlə dünya mediasının, eləcə də Azərbaycan jurnalistləri və ictimaiyyətinin gündəmində yer tutdu.
Hüseyni aşağıdakı qeydi yazmışdı:
“Dünən qızım Haris trans olaraq kaminq-aut etdi. Keçən ildən Harisin içində olduğu proses haqqında məlumatlıyam və onun çox bəzi çətin dövrlərdən necə keçdiyini müşahidə etmişəm. Keçid emosional, fiziki, sosial, psixoloji cəhətdən çox mürəkkəb bir işdir, lakin Haris hər bir çətinliyi lütf, səbir və müdrikliklə qarşıladı.
Mən bir ata kimi onunla heç vaxt bu qədər fəxr etməmişəm. İndi bir yox, iki gözəl qızım olduğu üçün xoşbəxtəm. Ən çox da Harisin qorxmazlığından, özünün həqiqi kimliyini dünya ilə bölüşmək cəsarətindən ilham alıram. O, mənə və ailəmizə cəsarət haqqında, həqiqət haqqında çox şey öyrətdi. Özünəməxsus yaşamağın nə demək olduğu haqqında. Bilirəm ki, bu proses onun üçün ağrı, kədər və narahatlıqla dolu idi. O, transların hər gün məruz qaldığı qəddarlığa həssasdır. Ancaq o, güclü və qorxmazdır”.
Xalid Hüseyninin bu açıqlamasının Azərbaycan mediasındakı əks-sədası tamamilə transfobik olub. İnternet axtarışının ekran görüntüsündən məlum olduğu kimi, media qurumları “Xalid Hüseyninin oğlu” və “cinsiyyət dəyişdirmə” kimi ifadələr ilə xəbəri “satmağa” çalışıblar. Baxmayaraq ki, Xalid Hüseyni öz paylaşımında qızından bəhs edir və onun adaptasiya prosesini cinsiyyət dəyişdirmə kimi təqdim etmir, mətbuat xəbərdə təhrifə yol verməklə transfobiya nümayiş etdirməkdən çəkinməyib.
Bu, əlbəttə ki, medianın transfobiyasını sevə-sevə büruzə verdiyi yeganə hal deyil. Yerli media tarixi boyunca israrla trans vətəndaşların reallığını görməzdən gələrək, təhrif edərək onları diskriminasiyaya məruz qoyub.
QueeRadarın 3 ildir apardığı monitorinq göstərir ki, yerli media trans insanların adaptasiya/tranzisiya prosesi ilə bağlı istifadə edilən anlayışları bilmir, eləcə də öyrənmək istəmir, beləliklə, yüksək transfobiya hökm sürən Azərbaycan cəmiyyətində nifrət cinayətlərinə gətirib çıxaran xəbərlər istehsal edirlər.
Vəziyyət məcbur edir ki, yenidən termin və ifadələrə qayıdaq. Translarla bağlı xəbərlər yazarkən, tərcümə edərkən və onlarla müsahibəyə hazırlaşarkən aşağıdakı fundamental məsələlərə diqqət etmək lazımdır.
Trans kimdir?
Cinsiyyəti doğuş zamanı təyin edilən cinsiyyətlə eyni olmayan şəxslərə trans deyilir. İnsanlara doğulanda təyin olunan cins bir çox hallarda düzgün olmaya bilər, çünki bu, təyinatdır və əslində insanın öz iradəsini və həyatını əks etdirmir. Doğuş zamanı “kişi” cinsi təyin edilən, lakin qadın olan şəxslərə trans qadın, “qadın” cinsi təyin olunan, lakin kişi olan şəxslərə trans kişi deyilir.
Trans çətir termindir və geniş spektri əhatə edir. Bu termin oriyentasiya yox, cinsiyyət kimliyi ilə əlaqəlidir. Trans insanların heteroseksual, homoseksual və ya biseksual oriyentasiyaları ola bilər və ya bu cinsi oriyentasiyaların onlar üçün kifayət etmədiyini və ya uyğun olmadığını düşünə bilər.
Adaptasiya prosesi
Adaptasiya tibbi, psixoloji, sosial, iqtisadi və hüquqi aspektləri özündə əks etdirən geniş bir prosesdir və müxtəlif sahələrin qarşılıqlı əlaqəsindən irəli gələn prosesləri ifadə edən anlayışdır.
Bu prosesi təsvir edən konsepsiya üzərində müzakirələr hələ də davam edir, ona görə də bu sahədən yazan jurnalistlər diqqətli olmalı və mövzunu daim izləməlidirlər.
Hər trans vətəndaşın təcrübəsi və istəkləri özünəməxsusdur. Ona görə də bu proseslərə ümumiləşdirilmiş yanaşma bütün translar üçün keçərli deyil.
Trans olmaq heç bir cərrahi əməliyyat tələb etmir, lakin bir çox trans insan adaptasiya/uyğunlaşma və ya yaxud keçid prosesini həyata keçirə, müxtəlif tibbi və cərrahi proseslərdən keçmək istəyə bilər.
Əvvəllər işlədilən “cinsiyyətin dəyişdirilməsi” və bu ifadənin daşıdığı mənaları özündə əks etdirən ifadələr işlətmək olmaz. Bu prosesdən bəhs edərkən hazırda adaptasiya, uyğunlaşma və tranzisiya/keçid kimi ifadələr məqbul sayılır. “Cinsi dəyişmək” ifadəsi doğru deyil, çünki o, trans qadınların və trans kişilərin cinsini “həqiqi olmayan” kimi təqdim edir, ancaq və ancaq təyin olunmuş cinsiyyəti əsl cinsiyyət kimi təlqin edir və prosesi “dəyişən” kimi göstərir.
Trans olmaq müəyyən bədən hissələrinə sahib olmaq (və ya olmamaq) deyil. Trans subyektlərin bəziləri üçün adaptasiya əməliyyatı onların kimliyinin vacib hissəsi ola bilər, bəziləri üçünsə yox.
Transların adaptasiya əməliyyatı keçirtmək məcburiyyəti olmadığı kimi, kimliyi haqqındakı bəyanının da əsasını adaptasiya əməliyyatı müəyyənləşdirmir. Cərrahi müdaxilə adaptasiya prosesinin yalnız kiçik bir hissəsini təşkil edir.
İnsanların bədəni, tibbi tarixçələri ilə bağlı məsələləri başqalarının şərhinə açıq deyil. Cisgender insanlar barədə ağlınıza gəlməyən sualları translara da verməməlisiniz.
Kiməsə münasibətdə “əməliyyatdan əvvəl” və ya “əməliyyatdan sonra” sözləri işlədilməməlidir.
Ümumiyyətlə, jurnalistlər cərrahi əməliyyatların adaptasiya prosesində rolunu vurğulamaqdan və bu prosesi sensasiyalaşdırmaqdan çəkinməlidirlər.