Cəmiyyətdən təcrid, seks işçiliyi, təhdidlər…

Cəmiyyətdən təcrid, seks işçiliyi, təhdidlər…

Adım Aysudur, trans qadınam, həm də məcburi seks işçisi. 

Bəli, məcburi.

Ölkədə trans qadınlara iş imkanı tanınmır. Məhz ona görə də, həyatda qala bilmək, çox adi yaşayış ehtiyaclarımı qarşılaya bilmək üçün seks işçisi oldum. Bəzi insanlar düşünə bilər ki, translar çox rahat yaşayırlar və yaxşı pul qazanırlar. Reallıq elə deyil.

Seks işi sahəsinə ayaq qoyandan bəri itirdiklərim qazandıqlarımı üstələyib. Əvvəl ailəmi, sonra qismən azadlığımı itirdim, cəmiyyətdən təcrid olunmağa başladım, uzaqlaşdırılmağa başladım. Küçəyə çıxanda insanların gözündəki nifrət və aqressiyanı yaxından hiss edirəm.

Siz bu transfobiyanı və nifrəti görə bilmirsinizsə, açın xəbərlərə baxın. Bakıda son illərdə LGBTİQ+a qarşı nifrət cinayətlərinin sayı artıb. Elə bir il olmur ki, trans qadınlar qətl edilməsin. Xüsusən də seks işçiliyi edən trans qadınların başı üstündə daima ölüm təhlükəsi var. Bu gündən sabaha sağ çıxıb-çıxmamaq bir təsadüfdür sadəcə. Bu səbəbdən artıq yaşadığım mənzilə müştəri qəbul etməyə də qorxuram. Əvvəldən bilmək olmur ki, gələn kimdir, yaxud məqsədi nədir. Çünki seks işçisi kimi yanımıza hər cür insan gəlir: narkoman, içki aludəçisi və s. Biz də bu cür insanlarla ünsiyyət və cinsi əlaqədə olmağa məcbur oluruq. 

Şəxsən tanıdığım Aysun adında trans qadın bir neçə ay əvvəl öz evində müştərisi tərəfindən 6 dəfə bıçaqlanaraq öldürüldü: sırf trans qadın olması səbəbilə.

Ona görə də, ölkədə trans qadın olaraq yaşamağın nə qədər çətin və dözülməz olduğunu izah etmək üçün bu bloqu yazıram. 

Jurnalist və LGBTİQ+ fəalı Əvəz Hafizlinin qətli ilə əlaqədar keçirilən məhkəmə qarşısında etiraz sloqanı. 4 iyul, 2022-ci il. Fotonun müəllifi: Ülviyyə Quliyeva, VOA.

Başlanğıc

Mən rayonlardan birində doğulub-böyümüşəm. Bakıya ilk dəfə 2013-cü ildə Bakı Dövlət Universitetinə daxil olaraq gəldim. Çox çəkmədi ki, universitetdə cinsi oriyentasiyamı öyrəndilər və haqsız rəftarlarla üzləşməyə başladım. Qrup yoldaşlarım, fiziki olmasa da, mənə psixoloji zorakılıq göstərirdilər, müəllimlər isə bu məsələyə səssiz qalırdılar.

Bəzi müəllimlər hətta tələbələrlə mənim arxamca danışıb ələ salırdılar. Üzləşdiklərim, üstəgəl maddi problemlər səbəbindən il yarım sonra universiteti yarıda saxladım. 

Bir mağazada işçi axtarırdılar, orada bir neçə ay satıcı olaraq işləməyə başladım. Lakin yenə da eyni münasibət – təhqir və bullinqlə üzləşdim, nəticədə işdən ayrılmaq məcburiyyətində qaldım. 

Növbəti dayanacağım bir özəl poçt şirkətində kuryer işi oldu, orada da cəmi 4 işləyə bildim. Bir gün poçt müdiri məni çağıraraq “Sənin işindən razıyıq, amma gey olduğunu bilirik (o zaman özümü gey olaraq təqdim edirdim), bu da işçilər arasında birmənalı qarşılanmır. Bir çoxu sənin üzdəniraq və murdar bir insan olduğunu deyir və işdən çıxmağını istəyirlər”, dedi və işdən çıxardı.

Sonralar başqa iş yerlərinə müraciət etsəm də, qəbul edilmədim. 

Artıq ailəm də sosial şəbəkə hesablarımdakı şəkillər vasitəsi ilə cinsi oriyentasiyamı öyrənmişdilər. Valideynlərim Bakıya gələrək məcburi şəkildə məni doğulduğum kəndə geri apardılar və 4 ay evə həbs etdilər, evdən çölə çıxmağa qəti icazə vermədilər. Atam isə məni bir yandan məcburi evləndirməyə çalışırdı.

Dözməyərək atamla dalaşdım və bir gün hamı işdə olan zaman evdən qaçaraq Bakıya üz tutdum. Heç bir iş tapa bilməyəyəcəyim aydın idi, ona görə məcbur olub seks işçiliyi etməyə başladım, bu da ailəmlə münasibətimin daha da pisləşməsinə səbəb oldu. Bir il ərzində nə valideynlərim, nə də qardaşım mənimlə danışdı. Bir ildən sonra isə ancaq anam mənimlə barışdı, digərləri isə məni heç qəbul etmədi. 

Sentyabr, 2017-ci il 

2017-ci ilin sentyabr ayının 15, ya da 16 idi. Gecə radələrində rəfiqəmlə aptekdən bir-iki şey alıb qayıdırdıq ki, küçədə polis maşını önümüzü kəsdi. Şəxsiyyət vəsiqəmizin üstümüzdə olub-olmadığını soruşduqda “yoxdur” dedik, o an bizi maşına zorla mindirib bölməyə apardılar. Bizə dedilər ki, kimliyimizi aydınlaşdırandan sonra azad edəcəklər.

Bölməyə çatdıqda isə hər şey dəyişdi. Bu dəfə dedilər ki, bir xarici vətəndaşın evindən translar oğurluq edib. Onlar da bizim o şəxslər olub-olmadığımızı araşdırmaq üçün həmin xarici vətəndaşın bölməyə gəlməyini gözləməyimizi bildirdilər. 

Beləliklə, səhərə kimi “yoldadır, gəlir” deyə-deyə bizi gözlətdilər.

Səhər açılanda isə əslində belə şey olmadığını, Bakıda “cinsi azlıq”lara qarşı kütləvi reyd qərarı olduğunu və bizim məhkəməyə göndəriləcəyimizi dedilər. Bizə zorla izahat yazdırıb qol çəkdirdilər, sonra da yığıb apardılar məhkəməyə. İşıq sürətilə keçən məhkəmədə qərar çıxdı: 21 gün həbs.

Təcridxanadakı təhqirlər, zorakılıq və saçımızın qırxılması heç vaxt yaddan çıxacaq hadisələr deyil. Bizi əslində bir insan kimi görmədiklərinə şahid oldum. Sanki bir əşya və ya heyvanmışıq kimi rəftar edirdilər.

Polis əməkdaşları istədikləri kimi davranaraq bizə müəssisənin tualetlərini və koridorlarını zorla təmizlətdirir və “Siz petuxsuz, siz buna layiqsiz”, “Əlimdə imkan olsa, sizin hamınızı buradaca öldürərəm” deyirdilər. 

Yeməkləri də (əgər yemək demək olarsa) 4-5 litrlik su qablarının içində gətirərək çörəksiz stolun üstə atırdılar və aramızda bölüb yeməyimizi əmr edirdilər.

18-ci günün axşamı soyuq havada hamımız azadlığa buraxıldıq. Oradan çıxdıqdan sonra bir neçə ay Hövsanda yaşayan bir dostumun evində gizlənərək yaşadığım qorxu və stresdən uzaqlaşmağa çalışırdım.

Bir neçə ay sonra isə bir trans dostumun köməyi ilə Türkiyəyə yollandım. Oranın da Azərbaycan kimi olduğunu düşündüyüm üçün iş tapmağa cəhd göstərmədim, azərbaycanlı gey tanışımın evində yaşamağa və seks işçiliyi ilə məşğul olmağa başladım. 

Lakin bir gün tanımadığım şəxs tərəfindən vəhşicəsinə zorakılığa məruz qaldım. Üzərimə silah çəkib onun istədiklərini etməyəcəyim halda, məni öldürəcəyini dedi. Kabus kimi bir gecə yaşadım. 4 saat ərzində yumruq-təpiklə döyülərək işgəncə gördüm və dayanmadan cinsi zorakılığa məruz qaldım. 

Sonda mənə “Siz bunun üçün yaranmısız, bu gün sənə etdiyim hər şeyə layiqsən” deyərək güldü və məni bayıra atdı. 

Bu hadisədən sonra yenidən Bakıya geri qayıtdım. 

Çətinliklər və arzular 

Bakıda seks işçiliyinə davam etmək məni evə qapanmağa məcbur etdi. Çünki evdən çölə çıxanda qonşular bizi görərək polisə şikayət edir.

Mən də evimizi dağıtmasınlar deyə qapalı həyat yaşamağa başladım. 

Bir mənzilə yerləşmək, öz rahat həyatımı qurmaq, bir evimin olması çox uzaq bir xəyaldır. Çox tez-tez ev dəyişmək məcburiyyətində qalıram. Yaşadığım ünvanlarda müştərilərlə gördüşdüyüm üçün binaya və mənim evimə giriş-çıxış çox olur, bu da diqqət çəkir. Qonşular da məni görəndə narahat olurdular ki, bizim binada “petux” qala bilməz, bunları tez buradan çıxarmaq lazımdır. Buna görə də polisə zəng edib mütəmadi olaraq bizdən şikayət edir, evdən qovdururlar.

Dəfələrlə yaşadığım ünvanlara polislər gələrək “qonşular sənin burada qalmağını istəmir” deyərək küçəyə atıblar. 

Başıma gələnlərdən, ailəm və insanlar tərəfindən gender kimliyim səbəbilə gördüyüm münasibətdən bezərək depressiyaya düşmüşəm, 2 dəfə intihara cəhd göstərmişəm.

Hazırda 27 yaşım var, onun 7 ilini məcburi seks işçisi olaraq yaşamışam. Gənclik illərim orda-burda, heç bir yerə aid olmadan, başqalarının evində və dörd divar arasında keçib gedir. 

Bütün bu qorxuların, təhlükələrin, hədələrin, məhrumiyyətlərin yanında, “bir gün öz evim olacaq və həyatımı seks işçiliyindən uzaq, adi bir qadın kimi yaşayacağam” xəyalı ilə həyatda qalmağa davam edirəm.

Məqalə QueeRadarın Mentorluq Proqramı çərçivəsində “Minority Azərbaycan” üçün hazırlanıb.