Azərbaycan kuir kinosunun sənədli pionerləri

Azərbaycanda LGBTQİ+ hüquqlarının pozulması, ayrı-seçkilik və nifrət cinayətlərinə dair hallar həm yerli, həm də beynəlxalq hesabatlarda tez-tez vurğulanır. Dövlət rəsmiləri tərəfindən nifrət nitqinin artmasına paralel olaraq, Azərbaycan uzun illərdir ki, “ILGA-Europe”un “Göy qurşağı xəritəsi” reytinqində ən aşağı sıralarda yer alır. Bu sistemli marjinallaşma incəsənətə, xüsusilə də kinoya sirayət edir.

Son illərdə məhdud imkanlarla çəkilən qısa filmlər LGBTQİ+ mövzularına müraciət etməyə başlayıb. Bu filmlər şəxsi hekayələr vasitəsilə kuir həyatları yaxından təsvir edir. Miqyasca kiçik, amma mövcudluğu baxımından radikal olan bu qısa filmlər uzun illər görünməz edilmiş həyatları sənədləşdirir və beləliklə, Azərbaycanda kuir kino tarixinin ilk səhifələrini yazmağa başlayır.

Sənədləşdirilmiş ilk hekayələr: “Bütün vəhşilər insandır”

2017-ci ildə Azərbaycan Çeçenistan, İndoneziya və Misir kimi ölkələrin sırasına qoşularaq LGBTQİ+ların zorakılıqla təqib edildiyi bir siyahıya daxil oldu. Həmin ilin sentyabr ayında polis Azərbaycanda kuir vətəndaşları kütləvi şəkildə həbs etmiş, işgəncə və saxta ittihamlara məruz qoymuşdu. Bu hadisəyə beynəlxalq diqqət qısa zaman ərzində azaldıqca böhran da sükuta qərq oldu. Britaniyalı rejissorlar Hyu Deyvis və Helen Spunerin “Bütün vəhşilər insandır” filmi məhz bu sükutdan yarandı. Film üç queer azərbaycanlının – Roma, Lady Cat və Liza – həyatını sənədləşdirir. Onların həyatı Bakı və İstanbul arasında keçir; İstanbul təhlükəsizlik və rahat həyat axtarışı ilə Azərbaycandan çıxan trans qadınlar üçün əsas varma nöqtələrindən biridir.

Müsahibələr və animasiyanı birləşdirən bu hibrid film ifadəsi çətin olan travmaları vizual şəkildə təqdim edir. Animasiya seqmentləri dözülməz xatirələri yumşaldır, ağrının görünməsini təmin edir, amma vuayerizm yaratmır. Nəticədə, film xarici rejissorlar tərəfindən çəkilsə də, sensasiyaya qapılmadan həssas və emosional bir iş ortaya qoyur. Rejissorların “qərbli baxışı” subyektləri obyektləşdirmir; əksinə, sistemli zorakılığa qarşı onların səsini və ləyaqətini gücləndirir.

Roma cinsi zorakılıq və polis təzyiqlərindən sağ çıxma təcrübəsini danışır. Lady Cat isə seks işçiliyi ilə məşğuldur – bu onun üçün həm dolanışıq və yaşamaq vasitəsidir, həm də cəmiyyət içində görünməməyin bir formasıdır. Filmin ən təsirli səhnələrindən birində İstanbulda öldürülmüş trans qadın Kristinanın xatirəsi anasının dilindən yenidən qurulur. Rejissorlar Kristinanın anasından müsahibə almaq üçün Azərbaycana səfər edirlər və ananın şəfqəti ilə cəmiyyətin qəddarlığı arasındakı dözülməz ziddiyyəti ortaya qoyurlar: bir zamanlar atası tərəfindən zəncirlənmiş Kristina anasının xatirələrində “əlindəki son tikəni də bölüşməyə hazır” olan bir insan kimi yadda qalır.

Lağlağıdan özünütəmsilə doğru

Azərbaycan kinosunda ilk homoseksual obraz – filmdə mərkəzi yer tutan obraz olaraq – 2014-cü ildə ortaya çıxıb. Rejissor Emin Abdullayevin özəl maliyyə ilə çəkdiyi “My Name is İntiqam” filmi komediya janrındadır. Azərbaycanda post-sovet dövründə ərsəyə gələn filmlərin çoxunda olduğu kimi, burda da LGBTQİ+ motivi yalnız karikatura kimi, ironiya, lağlağı və ya qorxu vasitəsi olaraq təqdim olunur. Onilliklər boyunca meynstrim filmlər heteronormativ ideologiyanı gücləndirərək kuir obrazları zarafat predmetinə çevirib və kuirlərin tamhüquqlu insan subyektləri kimi görünməsinə imkan verməyib.

Hətta bu gün də Azərbaycan kinosunda LGBTQİ+ həyatını müsbət işıqlandıran nə kommersiya, nə də müəllif kinosu mövcuddur. Beynəlxalq kuir kino nümunələri isə hələ də yerli kinoteatr və televiziya ekranlarında nümayiş etdirilmir. Buna baxmayaraq, dünya kinosunda kuir mövzuların “yayılması” ilə bağlı Azərbaycan kino ictimaiyyəti arasında müəyyən narahatlıqlar vaxtaşırı müşahidə olunur.

“Son bir neçə ildə dünya kinolarında homoseksuallığın və cinsi azlıqların təbliğatı çox qabardılır və şəxsən məni bu problem uzun müddətdir narahat edir”, – deyə əməkdar incəsənət xadimi və kinorejissor Ayaz Salayev yerli mediaya müsahibəsində qeyd edib. O vurğulayıb ki, “əgər Azərbaycan kinosu Qərb yolu ilə getsə və mükafatlardan ötrü tələb olunan qaydalara uyğun filmlər təqdim etsə, bu, milli kinoya böyük zərbə vura bilər”.

Kinotənqidçi Sevda Sultanova isə “Yeni Müsavat”da dərc olunmuş “Dünyada homoseksual kino sənayesi formalaşmağa başlayıb – Məqsəd nədir?” başlıqlı məqalə üçün verdiyi müsahibədə iddia edib ki, Qərbin gender bərabərliyi uğrunda mübarizəsi akademik azadlıq və debat imkanlarını məhdudlaşdırır. “Berlin kinofestivalının təşkilatçıları cinsiyyət prinsipini – ən yaxşı qadın və ən yaxşı kişi rolları üzrə nominasiyaları ləğv etdilər. Əvəzində ‘Ən yaxşı baş rola görə’ və ‘İkinci planda ən yaxşı rola görə’ mükafatlar təsis olundu. Beləliklə, dünyanın ən nüfuzlu festivallarından biri seksual azlıqların və onların tərəfdarlarının təzyiqi altında neytral gender statusuna keçməklə aktyor və aktrisa hüquqlarını pozdu və festival özünü liberal manipulyasiyaya təslim etdi”, – deyə o bildirib.

Bütün bu müzakirələrin fonunda öz hekayələrini danışan qeyri-binar və trans müəlliflərin ortaya çıxması göstərir ki, LGBTQİ+ artıq yalnız baxılan obyekt olmaqdan çıxır və baxan subyekt mövqeyinə keçir. Bu rejissorların çoxu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur və onlar kinonu özünüifadə və müqavimət məkanı kimi rekonstruksiya edirlər. Əsasən simvolik büdcələrlə çəkdikləri qısa filmlər texniki estetik cilalanmadan daha çox ekranda mövcud olmaq cəsarətini ifadə edir.

Düzdür, son on ildə ictimai fəallar tərəfindən hazırlanmış və incəsənət nümunəsindən çox maarifləndirmə, sosial çarx xarakteri daşıyan tək-tük işlər də mövcuddur. Məsələn, LGBTQİ+ aktivisti Səməd İsmayılovun “Sebastian” (2017) filmi bir trans kişinin həyatını işıqlandıran vacib nümunələrdəndir. Lakin yeni nəsil yaradıcılar artıq daha davamlı bir filmoqrafiya yaradır. Bu müəlliflər “kuir nəzər” (queer gaze) adlandırıla biləcək bir xətti inkişaf etdirirlər – bu baxış normativ təmsillərə meydan oxuyur, LGBTQİ+u subyekt olaraq ön plana çıxarır və kommersiya mədəniyyətinin rədd etdiyi təcrübələri ifadə etmək üçün alternativ vizual dil yaradır.

Kuir kinonun yeni səsləri

“Dovşan getmək qərarına gəlir” filmində rejissor Vüsalə Hacıyeva öz həyat hekayəsini əks etdirir, Azərbaycanda trans qadın olaraq üzləşdiyi təzyiqləri və nəticədə onu Gürcüstana köçməyə məcbur edən vəziyyəti göstərir. Film dünya premyerasını Oslo Fusion Beynəlxalq Film Festivalında edib və təxminən 20 beynəlxalq festivalda nümayiş olunaraq geniş tamaşaçı diqqəti çəkib. Hacıyeva həmçinin 2017-ci il LGBTQİ+ repressiyasını işıqlandıran “A və digər 24 nəfər” (2022), eləcə də “İstanbuldan gələn var?” (2024) və “O səhvi et, otaqdan çıx” (2024) qısa filmlərinin rejissorudur.

“Filmi çəkməkdə məqsədim ilk növbədə baş verənləri şəxsi zəmində özüm üçün analiz etmək və tranzisiyadan sonrakı illərimə kənardan baxa bilmək idi”, – deyə Vüsalə Hacıyeva qeyd edir. Filmində şəxsi arxivdən, fotolardan və əl kamerası ilə çəkilmiş səmimi görüntülərdən istifadə edən rejissor xatirələrinin bulanıq olduğunu bildirsə də, anasının geyimlərini gizlincə geyinməsi və dayısı qızları ilə gəlinciklərlə oynaması kimi uşaqlıq xatirələrini özünükəşf prosesinin bir parçası kimi canlandırır. Tənhalıq və izolyasiya hissləri xaotik ailə süfrəsindən minimalist, tənha masaya keçidlə göstərilir. “Ev həmişə komfort zonası olmur. Bəzən ev əsl cəhənnəmə çevrilə bilir”, – o deyir.

Onun üçün iki güc mənbəyi var: sevgilisi və rep musiqisi. Dovşan motivi də bu münasibətdən yaranır. Belə ki, Vüsalənin anasından aldığı ilk hədiyyə oyuncaq dovşan olub, sevgilisi isə uşaqlıqda sevdiyi real dovşanını itirib. Bu ortaq xatirəyə çevrilmiş dovşan xaraktercə kövrəkdir və təhlükəsizliyi üçün daim qaçmalıdır – Vüsalə kimi. Onun ikinci sığınacağı isə rep musiqisidir: etiraz, özünüifadə və yaşamaq ritmi. Uşaqlığından sevdiyi, öz siyasi baxışlarını ifadə etdiyi repi disforiya və qorxu hisslərinə görə qısa müddətə tərk etsə də, evinə edilən hücum cəhdindən sonra yenidən ona qayıdıb. Qohumlardan gələn təhdidkar zənglər və insanların qınayıcı baxışları Vüsaləni gecə ilə Tbilisiyə getməyə məcbur edib. “Əgər qaldığın məkan, doğma şəhərin və ətrafdakı hər şey sənə diskomfort yaradırsa və həyatın fiziki təhlükədədirsə, yeganə alternativ qaçmaq olur”.

İdeal olmasa da, Tbilisi onun üçün daha təhlükəsiz və azad bir məkana çevrilir. Film ümidverici bir notla bitir: balaca bir qız Bakıda özünəinamlı addımlarla gəzir, ətrafdakı baxışlara məhəl qoymur və irəliyə, yeni həyata doğru addımlayır.

LGBTQİ+ hekayələrinə işıq tutmaq

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan Miray Dəniz LGBTQİ+ təcrübələrini ardıcıl şəkildə ön plana çıxaran müəlliflərdən biridir. Onun əvvəlki filmi “Bədənimə Günəş” lezbiyan cütlüyü, ailə axtaran trans qadını və münasibət çətinlikləri yaşayan gey yeniyetməni təsvir edirdi.

Onun “Kuir tale: Əvəz Hafizli” filmi isə 23 yaşlı bloqer və LGBTQİ+ hüquq müdafiəçisi Əvəz Hafizlinin həyatına və onun ölümündən geriyə qalanlara fokuslanır. Hafizli 22 fevral 2022-ci ildə öz əmisioğlu tərəfindən “nəslinin adını batırdığı” bəhanəsilə qətlə yetirilib. Əvəzin dəfn mərasimi və məhkəmə prosesi Azərbaycanda homofobiyanın nə qədər dərin olduğunu ortaya qoyub. Belə ki, onun dostlarının məhkəməyə girməsinə icazə verilməyib, cinayətin nifrət motivi nəzərə alınmayıb. Əvəz Hafizlinin anası qatilə ən ağır cəzanın verilməsini tələb etsə də, qardaşı məhkəmədə onu bağışladığını açıqlayıb. Filmdə qeyd olunduğu kimi, dostları aktivistlərin davamlı təzyiqlər və kampaniyaları qatilin 9 il 6 aylıq həbs cəzası almasında təkan rolu oynayıb.

QueerRadar”ın araşdırmasına görə, 2013–2023-cü illər arasında Azərbaycanda ən azı 15 LGBTQİ+ vətəndaş silah və kəsici alətlərlə hücuma məruz qalıb, 12 nəfər öldürülüb. Lakin düzgün araşdırma aparılmaması və yerli qanunlarda nifrət cinayəti kateqoriyasının olmaması səbəbindən bu rəqəmlərin real vəziyyəti əks etdirmədiyi ehtimal olunur.

Miray Dəniz Əvəz Hafizlinin hekayəsini anası, dostları və həmkarları ilə müsahibələr və arxiv görüntüləri vasitəsilə yenidən qurur. Daim aksiyalarda, etirazlarda ön sıralarda olması və trans qadınların öldürülməsini sənədləşdirməyə çalışması ilə o, Azərbaycanda kuir mübarizənin mərkəzində yer alır.

Film göstərir ki, nifrət nitqi zorakılığı qidalandırır və insan həyatını təhlükəyə atır. Hafizli sosial mediada aldığı təhdidləri dəfələrlə bildirsə də, rəsmi qurumlar onun müraciətlərinə məhəl qoymayıb. Filmdə qeyd edildiyi kimi, onun intihar cəhdi kuir azərbaycanlıların qarşılaşdığı psixoloji yükü vurğulayır; həmçinin 2014-cü ildə aktivist İsa Şahmarlinin göy qurşağı bayrağı ilə intiharını xatırladır.

Hətta ölümündən sonra da Hafizlinin hekayəsi diskriminasiya məruz qalmağa davam edib: Ona layiqli dəfn və məzar daşı verilməyib. Jurnalist Nurlan Libre filmdə qeyd edir ki, bəzi ailə üzvləri məzarın tezliklə “itib-batmasını” istəyirlər. Bu məqamda Cudit Batlerin “grievability” (yası tutula bilən həyat) anlayışı ortaya çıxır: cəmiyyət bəzi ölümləri yas tutmağa layiq görmür.

Ev axtarışında

Uzun müddət fotojurnalistika və fotoqrafiya təcrübəsinə malik olan Mehriban Kərimova trans qadınlara qarşı qərəz və ayrı-seçkilik mövzusuna “Daxildəki ev” filmində toxunur. Film Norveçdə Oslo Fusion Beynəlxalq Film Festivalında və Azərbaycanda Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalında nümayiş olunub. Film “Queer Art Festival Baku” çərçivəsində çəkilib.

Rejissor filmdə “ev” anlayışını həm fiziki, həm də mənəvi məkan kimi araşdırır. Filmin qəhrəmanı dostunun mənzilində yaşayan 20 yaşlı tələbə Karmendir. Yataqxanada yaşadığı dövrdə tranzisiyaya başlayan Karmen üçün ev təhlükəsizlik, doğmalıq və rahatlıq deməkdir, bu hissləri yaşaya bilmədiyi məkan isə artıq “ev” sayılmır. O, özünü həqiqətən evdə hiss etdiyi yeganə yerin nənəsinin evi olduğunu xatırlayır — tərk etmək istəmədiyi ilk sığınacaq kimi.

“Daxili ev”ini yenidən tapmaq üçün Karmen “fiziki ev”indən imtina etməli olub. O, indi dostunun evində özünü rahat hiss etdiyini desə də, bir vaxtlar dostu ilə kirayələdiyi evin sahibi kirayə haqqını azaltmaq qarşılığında ona seks təklif edib. Sonralar oxşar tələblərlə digər insanlar da qarşısına çıxıb. Bundan sonra “ev” onun üçün artıq azadlığı məhdudlaşdıran, şərtlərlə və təhlükə ilə dolu bir məkana çevrilib. Parlaq xarakterə sahib olan Karmenin gözlərindəki işıq neqativ xatirələrin fonunda kölgələnir. Film göstərir ki, küçədə rahat gəzmək kimi ən sadə ehtiyaclar belə kuirlər üçün ciddi bir sınağa çevrilir.

Azərbaycanda konkret olaraq “Yeni Kuir Kino” (New Queer Cinema) hərəkatı formalaşmasa da, müstəqil şəkildə çəkilmiş bu filmlər onilliklər boyu davam edən sükutun yaratdığı boşluğu doldurmağa başlayır. Onlar post-sovet mühafizəkarlığına və heteronormativ kino dilinə qarşı çıxaraq feminist və kuir nəzəriyyəçilərin “kuir nəzər” adlandırdığı perspektivi formalaşdırırlar. Bu baxış eyni zamanda “ev” anlayışını da sorğulayır, onu yalnız fiziki bir məkandan kənara çıxararaq aidiyyət, təhlükəsizlik və kimlik prizmasından araşdırır.

Bu filmləri birləşdirən əsas xətt “ev”in həm sığınacaq, həm də təhlükə məkanı kimi təsvir edilməsidir. Vüsalə Hacıyevanın “Dovşan getmək qərarına gəlir” filmində ev sağ qalmaq üçün tərk edilməli olan bir məkana çevrilir, eyni zamanda yaddaş və emosional bağlılığın daşıyıcısı kimi qalır. “Kuir tale” filmində Əvəz Hafizlinin hekayəsi ailə tərəfindən qorunmadıqda, hətta evin belə necə təhlükəli bir yerə çevrilə bildiyini və bunun ölümcül zorakılıqla nəticələnə biləcəyini göstərir. Mehriban Kərimovanın “Daxildəki ev” filmi isə evi emosional və sosial konstruksiya kimi araşdırır, trans qadınların ən adi məişət məkanlarında belə üzləşdiyi təhlükələri, ayrı-seçkiliyi və nə kimi güzəştlərə məcbur qaldıqlarını üzə çıxarır.

Bu filmlər təhlükəsizlikdən və cəmiyyətə aid olma hissindən məhrum edilmiş bir mühitdə “ev” anlayışını yenidən qurmağa çalışan bir nəslin portretini yaradır. Burada “ev” təkcə bir ünvan deyil, mövcud olma haqqının daim müzakirəyə açıldığı bir məkandır. Müəlliflər şəxsi mübarizələri kollektiv hekayələrə çevirir, həyat, yaddaş və mənsubiyyət axtarışının kuir kino tarixinin formalaşması ilə bir-biri ilə necə sıx bağlı olduğunu göstərir. Həm itirilmiş, həm də xəyali evin konturlarını çəkərək, bu filmlər Azərbaycandakı kuir həyatın kollektiv yaddaşını yaradır, rəsmi tarixçiliyin susduğu yerlərdə yaddaşı canlı saxlayır. 

Bu nəsil sənətkarlar üçün kino təkcə görünmək üçün bir çağırış deyil; bu, sənədləşdirmə, müqavimət və xatırlama aktıdır. Onlar alternativ bir arxiv formalaşdırmağa davam edir, kimliyin gizlədilmədən mövcud ola bildiyi, film çəkməyin isə bir növ sağ qalma praktikasına çevrildiyi bir məkan yaradırlar.

 

Bu məqalə “Global Voices” ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.