Azərbaycan kinosunda LGBTİQ+

Yüz ildən çox yaşı olan Azərbaycan kinosunda ilk homoseksual obraz – filmdə mərkəzi yer tutan obraz olaraq – 2014-cü ildə peyda olub. O, “My name is İntiqam” filminin qəhrəmanlarından biri Syomadır. Rejissor Emin Abdullayevin müstəqil maliyyə ilə çəkdiyi bu film komediya janrındadır. Təəccüblü deyil, LGBTİQ+ motivinə Azərbaycan kinosunda əsasən komediya filmlərində rast gəlinir. Onda da ancaq ironiya, gülüş, lağlağı hədəfi kimi…

Kino və sosiologiya tədqiqatçısı Toğrul Abbasovun sözlərinə görə, Azərbaycan kinosunda LGBTİQ+lara olan mövqe sadəcə görməzdən gəlməkdir.

“Yəni demək olar ki, LGBTİQ+ Azərbaycan kinosunda təmsil olunmayıb. Sadəcə bəzi kinokomediyalarda gülüş vasitəsi kimi istifadə olunub. Vasitə sözünü xüsusilə vurğulayıram, çünki vasitə olmaq təmsil olunmaq deyil, əksinədir”, – o qeyd edir.

“My name is İntiqam”dan təxminən bir il sonra istehsal olunmuş “Toy-2” komediyası da homoseksual münasibətləri yad edib. Filmin özündə və reklam materiallarında “mavi o zamanlar sadəcə bir rəng idi”, “mavi ləkə”, “namus və qeyrət şübhə altındadır” kimi ifadələr yer alır.

Aktivistlər filmdə homoseksuallara yönəlik təhqiramiz ifadə və yanaşmaya görə Facebookda “Toy 2 filmini qınayıram” adlı kampaniya başladaraq etiraz ediblər. 

Kampaniya təşkilatçılarından biri, LGBTİQ+ haqları müdafiəçisi Cavid Nəbiyev deyir ki, onların əsas məqsədi ictimai qınaq yaratmaq, eyni zamanda filmdə personajın təqdimat formasının nə dərəcədə zərərli olması barədə ictimai müzakirə təşkil etmək idi.

“Çünki indiyədək hər dəfə təhqir formasında, alçaldıcı formada LGBTİQ+lar film, reklam bazarında gülüş obyektinə çevrilib. Zarafatı edən və zarafatın edildiyi kontekst önəmlidir. Azərbaycanda bu cür filmlərdə ucuz, itici, hansısa stereotipi neqativ mənada körükləyən zarafatlardır. Təbii ki, bu, problematikdir. Bu [kampaniya], bir növ zaman idi ki, artıq bəsdir, kifayətdir”, – Nəbiyev bildirir.

Tənqidlərə cavab olaraq filmin rejissoru Həsən Əliyevin ünvanladığı açıq məktubda “Mən o qədər “müasir”  adam deyiləm ki, homoseksuallar haqda film çəkim. Bəli, mən homofobam”, – deyib.

Azərbaycanda LGBTİQ+ların hüquqlarının pozulması, ayrı-seçkilik və nifrət cinayətləri tez-tez həm yerli, həm də beynəlxalq hesabatlarda işıqlandırılıb. Dövlət rəsmilərinin LGBTİQ+lara qarşı nifrət nitqlərinin sayının artması ilə yanaşı, illərdir ki, Azərbaycan ILGA-Europe – Beynəlxalq Lesbian, Gey, Biseksual, Trans və İnterseks Dərnəyinin Avropa filialının hazırladığı Göyqurşağı xəritəsində də ən aşağı pillələrin birində qərarlaşır.

“LGBTİQ+lar hər yerdədir. Bütün iş sahələrində, ictimai proseslərdə və s. Əgər bu insanlar hər yerdə mövcuddursa, niyə hər serialda da mövcud olmalı deyillər?” – deyə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi, rejissor Vüsalə Hacıyeva sual verir.

“Azərbaycanda çəkilən filmlərin əksəriyyəti dövlət istehsalıdır. Bu, Sovet dövründə də belə idi, müstəqil Azərbaycanda da. Dövlət sifarişi ilə çəkilən filmlər adətən konkret mövzu tələbinə əsasən seçilir: Qarabağ, millət, vətən və s.”, – o bildirir.

Geniş kütlələrə çıxan milli kino nümunələrində LGBTİQ+in real portretinə, təbliğatına rast gəlinməsə də, dünya kinosunun LGBTİQ+ obrazları mərkəzə qoyan filmlərin yerli kinoteatrda nümayişi və telekanallar ilə yayımına təsadüf edilməsə də, kino sənayesinin yerli nümayəndələri narahatdırlar. Narahatdırlar ki, dünya kinosundan vaxtilə çıxdaş edilmiş queer mövzular, obrazlar və yaradıcılar artıq səslərini ucaltmağa və görünməyə başlayıbsa, bu hərəkatın ayaq səsləri Azərbaycanda da eşidilə bilər.

“Son bir neçə ildə dünya kinolarında homoseksuallığın, cinsi azlıqların təbliğatı çox qabardılır və şəxsən məni bu problem çoxdan narahat edir”, – Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev keçən il yerli media qurumlarından birinə verdiyi müsahibəsində deyib və vurğulayıb ki, Azərbaycan kinosu Qərb yolu ilə getsə və mükafatlardan ötrü indiki tələb olunan qaydalara uyğun filmlər təqdim etsə, bu, milli kinoya böyük zərbə ola bilər.

Kinotənqidçi Sevda Sultanova isə Yeni Müsavat onlayn qəzetinə “Dünyada homoseksual kino sənayesi formalaşmağa başlayıb – Məqsəd nədir?” məqaləsi üçün verdiyi müsahibədə Qərbin gender bərabərliyi, seksual azlıqların haqları uğrunda mübarizəsi akademik azadlığın, müzakirə və mübahisə mədəniyyətinin məhdudlaşdırılması, ayrı-ayrı intellektualların ifadə azadlıqlarının pozulması bahasına başa gəldiyini deyib.

“Berlin kinofestivalında təşkilatçılar cinsiyyət prinsipini – ən yaxşı qadın və ən yaxşı kişi rolları üzrə nominasiyaları ləğv etdi. Əvəzində “ən yaxşı baş rola görə” və “ikinci planda ən yaxşı rola görə” mükafatları təsis olundu. Beləliklə, üç ən nüfuzlu festivaldan biri seksual azlıqların, onların tərəfdarlarının basqısı altında neytral gender statusuna keçməklə, aktrisa və aktyorların hüququnu pozdu və festival idbar liberalizmin manipulyasiyasına özünü təslim elədi”, – kinotənqidçi bildirib.

Gender tədqiqatçısı Leyla Həsənova deyir ki, filmlərdə queer ifaçıların yer almasına dair tələb haqlı tələbdir. Onun sözlərinə görə, bütün sahələrdə queerlər olsa və öz təmsiliyyətini özü aparsa, bu zaman xüsusi queer-inkluziv siyasətə ehtiyac qalmazdı.

“Bu zamana qədər queerləri heteroseksuallar bütün sahələrdə, həmçinin film sahəsində təmsil edib. Yeni-yeni güclənən queer, trans aktivizmi sayəsində artıq trans obrazları translar, digər queer obrazları queer sənətkarlar özü təmsil etmək istəyir. Nə üçün queerləri cisheterolar təmsil etməlidir? İstedadlı queer sənətkarlar yoxdurmu?”, Həsənova əlavə edir ki, əgər cəmiyyət LGBTİQ+fobiklərin yaşadığı siyasi-sosial, iqtisadi bərabərliyin olduğu simulyasiyada yaşasaydı, trans, queer aktivizm olmazdı və nəticədə də heç kim təmsiliyyəti üçün mübarizə aparmalı olmazdı.

LGBTİQ+ların yerli kinoda təmsil olunmadığını görən 20 yaşlı Dəniz Miray isə özü film çəkmək qərarına gəlib.

Bir lezbiyan cütlüyün, ailə həsrəti çəkən trans qadının və sevgilisi ilə münasibətləri qaydasında olmayan gey oğlanın hekayəsini özündə birləşdirən “Bədənimə Günəş” filmini Dəniz bu il Beynəlxalq Homofobiya, Bifobiya və Transfobiya ilə Mübarizə Günündə izləyicilərə təqdim edib.

“Əgər film həyatın parçasıdırsa, bu həyatda biz də (kuirlər) varıq və rejissor bunu əks etdirməlidir”, – o deyir ki, illərdir televiziya izləyicisi olan insanların heç bir kuir obraz görməməsi ciddi bir problemdir.

“Necə mən sabah ortaya çıxım? Necə özümü bəyan edim? Mən sabah gözümün üstünə rəng vurub çıxanda qorxuram ki, insanlar nə deyəcək? Burada televiziyanın və incəsənətin ciddi rolu var”, – o qeyd edir.

16-17 yaşlarında gender kimliyinin fərqinə varan Dəniz, rayonda böyüdüyü üçün sosial həyat, media və televiziyada trans qadınlarla bağlı heç nə görməyib. Lakin görməsə belə, özünü hiss edib və tapıb, bunun üçün ilk axtarışa çıxdığı yer “Google” olub.

İlk Google-a yazdığım şey “oğlanam, oğlanlardan xoşum gəlir” idi. Oradan başlayaraq axtarmağa və tapmağa başlamışdım ki, mən buyam, hissim budur. Ətrafımda, həyatda, reklamlarda, filmlərdə, musiqidə ancaq heteroseksualları görüb təsirlənməmişəmsə, onda niyə trans qadın görən bir uşaq hiss etdiyi bir şey olmadığı halda bundan təsirlənsin?”, – deyə o bildirir ki, istənilən identifikasiyanı filmdə görmək insanların özlərini sorğulamağa yaxşı təsir edir.

Dəniz Miray deyir ki, LGBTİQ+lar haqqında çəkilən filmlər bir çox kuirlərin xoşuna belə gəlmir, çünki onların həyatı bərbad kimi nümayiş etdirilir və intihara hazır obraz kimi göstərilir.

“Çünki hamısında yazıqlaşdırma, romantikləşdirmə, reallıqdan çıxma, cəmləşdirilmə, pessimistləşdirilmə var. Ya burada çox çəhrayı yanaşılır, sevdi, qovuşa bilmədi, çıxdı getdi, ya da çox rahatdı, pis bir insidentlə qarşılaşmır, ya da ki çox şişirdilir.”, – o əlavə edir ki, filmlərdə ümumiləşdirmələr də yaxşı deyil. 

“Sanki bütün geylər belədi, bütün lezbiyanlar belədir. Halbuki filmdə obraz elə işlənilməlidir ki, insanlar kuirləri qəlibləşdirə bilməsinlər. Çünki hamımızın öz təcrübəmiz var”, – Dəniz qeyd edir.

Kinorejissor Vüsalə Hacıyeva isə düşünür ki, LGBTİQ+ fokuslu filmlərin görünməsi üçün kadrlar yetişdirilməlidir. Məsələn dünya kinosunda proses məhz bu cür başlayıb. 

“LGBTİQ+ mövzulu filmlərin geniş ekranlara çıxması kuir rejissorların əziyyətli mübarizəsindən sonra baş verib”, – deyən kinorejissor əlavə edir ki, Azərbaycanda kuir olaraq kino təhsili almaq belə çətin prosesdir.

“Hazırda kinoyla məşğul olan kuirlər var mən də onlardan biriyəm. Öz filmlərimizi çəkməyə və özümüz danışmağa başlamalıyıq. Ayrı çarəsi yoxdur”.

 

Qeyd: Məqalədə verilən bir neçə sitatda yalnış terminologiya mövcuddur. Sitat təhrif olunmasın deyə, dəyişdirilmədən qeyd olunub.

 

Məqalə QueeRadarın Mentorluq Proqramı çərçivəsində hazırlanıb, Femmekan saytında dərc olunub.