2017-ci ilin sentyabr ayında Azərbaycan polisi LGBTİQ+lara qarşı zorakı reyd keçirərək onları həbs edib və işgəncəyə məruz qoyub. Daxili İşlər Nazirliyi saxlanılanların sayının 83 olduğunu desə də, insan hüquqları üzrə vəkillər bu rəqəmin 200-dən çox olduğunu iddia edir.
“Ov” adlandırılan bu reyddə saxlanılanlar dindirilmə zamanı fiziki və psixoloji təzyiqlərə məruz qalaraq döyülüblər və alçaldılıblar. Baş verənlərin rəsmi izahatı isə cinsi yolla ötürülən xəstəliklərin yayılma təhlükəsi olub.
Azadlığa çıxdıqdan sonra LGBTİQ+ların bəziləri ya gizlənib, ya da ölkəni tərk etməyə məcbur olub.
Onlardan 25-i isə pozulmuş hüquqlarının bərpası üçün Avropa İnsan Hüquqları məhkəməsinə üz tutublar.
Məhkəmə şikayətlərin rəsmi araşdırılmasına 2019-cu ilin fevral ayında başlasa da, müxtəlif səbəblərdən gecikmələr olub və nəticədə bu günə qədər heç bir qərar qəbul edilməyib.
32 yaşlı Darina da 2018-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinə müracət edən ərizəçilərdən biridir. Onun sözlərinə görə, 2017-ci ildə rəfiqəsinin saxlanıldığı xəbərini aldıqdan sonra Nəsimi Rayon Polis İdarəsinə gedib. İçəri daxil olanda polislər “Biri də öz ayağı ilə gəldi” deyərək, onu təhqir ediblər, daha sonra məhkəməyə çıxarıblar. Qərara əsasən, o, 17 gün müddətinə həbs edilib.
“O vaxta qədər heç bir zaman polis bölməsində belə bir şey başıma gəlməmişdi. “Telefonu söndür”, “petux” deyə alçaldırdılar. Başa düşdüm, bizimkiləri həmişə dolayıblar, laqeyd yanaşıblar. Amma polis bölməsində bu qədər heç kimi təhqir etməyiblər”,- deyə o, xatırlayır ki, həbs müddətində onu qanunsuz tibbi müayinəyə aparıblar, narahat ediblər.
“Nə yatmağımız var idi, nə durmağımız. Balaca kamera var idi, deyəsən. Uzanırsan, gəlirlər qapını döyürlər ki, dur, uzanma”.
Darina bildirir ki, həbsdən çıxdıqdan sonra qorxu içində yaşamağa başlayıb və ölkəni tərk edib. Lakin sonra yenidən geri qayıtmalı olub, 2 il ərzində isə baş verənlər onda travma olaraq qalıb.
“Şəhərdə gəzən zaman penitensiar maşın görürdüm, polis görürdüm, əsirdim. Allahın təcili yardım maşınının səsinə belə əsirdim. O qorxu mənim iliyimdə qalmışdı”, o deyir.
Avropa Məhkəməsinə onların ərizə verməsindən 5 il müddət keçir. Prosesin bu qədər ləngiməsinə görə Darina deyir ki, artıq nə baş verdiyinə dair heç bir məlumatı da yoxdur.
Lakin o da digərləri kimi nəticələri gözləyir, onlara qarşı bu qanunsuzluğu törədənlərin cəzalandırılmasını istəyir.
“Amma inanmıram ki, bunu edərlər. Onların pulu ilə nə edəcəm? Milyonlar da versələr, hələ də yadımdan çıxmır olanlar”, o qeyd edir.
Seks işçisi kimi fəaliyyət göstərən 34 yaşlı Era da həmin məhkəmənin qərarını gözləyənlərdən biridir. O deyir ki, artıq hər şeydən əlini üzüb.
“Artıq istəmirəm onların kompensasiyasını, heç nəyini. Hər dəfə yazırıq, pozuruq, məlumat veririk. Bu il qərar çıxır, bu il qərar çıxır, artıq 2022-ci ildir. 2023-cü ilin girməyinə nə qalıb ki?”, o qeyd edir ki, 2017-ci ildə baş verənlərin nəticəsində psixoloji travma alıb.
Darina kimi, Era da polisə müqavimət adı altında günahlandırılaraq 15 gün müddətinə həbs edilib.
“Açığı deyim ki, tutulmamışdan əvvəl rəftar çox pis idi, hətta vururdular, yanımda rəfiqələrimin əlllərinə şapalaq vurdular. Ancaq həbsdən sonra rəftar elə də pis olmamışdı”, o deyir ki, həbsdən çıxdıqdan sonra özünə qapanıb.
“Bir ay, ay yarım belə davam etdi”.
2017-ci sentyabr ayında LGTBİQ+lara qarşı keçirilən reyd yerli və xarici hesabatlarda öz əksini tapıb. 2012-2018-ci illər arasında Avropa Şurası (AŞ) insan haqları komissarı olan Nils Muiznieks o zamankı Daxili İşlər Naziri Ramil Usubova müraciət ünvanlayıb. Həbslər və saxlanılanlar barədə ətraflı məlumat istəyərək, insan hüquqlarının pozulması iddialarının hər tərəfli araşdırılmasını tələb edib.
LGBTİQ+ların hüquqi, sosial vəziyyətinə görə isə Azərbaycan illərdir ki, İLGA-Avropa təşkilatının hesabatlarında Avropanın ən pis ölkəsi kimi sonuncu yerdə qərarlaşır.
Avropa Məhkəməsində LGBTİQ+ların hüquq müdafiəçilərindən biri olan Səməd Rəhimli deyir ki, işin bu qədər ləngiməsinə bir neçə səbəb var.
“2020-ci ildə pandemiya səbəbindən hökumət 1 ilə yaxın bu icraatı uzada bildi, ləngitdi. 2021-ci ildə hökumət cavab verəndən sonra artıq biz növbəti 3-4 ay ərzində öz cavabımızı təqdim edə bildik və bu, işin ləngiməsinə səbəb oldu”, deyən Rəhimli vurğulayır ki, əgər 2020-ci ildə icraat yekunlaşdırılsaydı, artıq indiki mərhələdə qərar qəbul edilə bilərdi.
“Biz sadəcə olaraq uzun müddət gözləməli olduq”, o qeyd edir ki, AİHM-də icraat yekunlaşıb və onlar qərarın çıxmasını gözləyirlər.
Səməd Rəhimlinin sözlərinə görə, 2019-cu ildə AİHM-də icraat başlanandan sonra ərizəçilər Başı Şəhər Baş Polis İdarəsinə “söhbət üçün” dəvət ediliblər.
“Ərizəçilər bu barədə bizi xəbərdar etdilər və biz bundan sonra hüquqşünas Xalid Bağırovla getdik baş polis idarəsinə, orda ictimai təhlükəsizlik idarəsindəki səlahiyyətli şəxslərlə söhbət etdik. Bildirdik ki, ərizəçilərlə danışıq aparma səlahiyyəti Prezident Administrasiyasındadır”, – deyə hüquq müdafiəçisi qeyd edir ki, onların buna heç bir səlahiyyətləri olmadıqlarını qeyd edərək ərizəçilərlə heç bir əlaqəyə keçməmələrini xahiş ediblər. Bundan sonra bu, bir daha baş verməyib.
Bütün bunlara baxmayaraq, prosedur uzandığı üçün ərizəçilərdən biri yorulduğu bildirərək şikayətini geri çəkib.
Səməd Rəhimlinin fikrincə, Avropa Məhkəməsi bəzi məsələlərdə sübut məsələsinə görə istədikləri qərarı verməyə bilər. Lakin ilk növbədə fərdi kompensasiyalar olacaq və ərizəçilər görəcəklər ki, hüquqları pozulduqda fərdi kompensasiya ala bilirlər.
“İnsan hüquqlarına dair strateji məhkəmə işlərinə onların marağı artacaq istər-istəməz və digər şəxslər üçün də bu nümunə təşkil edəcək”.
İllüstrasiyanın müəllifi: Aydan Həsənova
Məqalə Mikroskop Media üçün “QueeRadar”ın mentorluq proqramı çərçivəsində hazırlanıb.