Qətlə yetirilmiş trans aktrisa, dərslikdəki göy qurşağı rəngli alma və Olimpiya boksçusuna qarşı aparılan qarayaxma kampaniyalarının ortaq nöqtəsi nədir?
2024-cü ildə bunların hamısı mətbuatın manşetlərinə çıxıb və Cənubi Qafqaz mediasında kuir həyatların necə sui-istifadə olunduğunu açıq şəkildə göstərib.
Artıq 6-cı buraxılışını təqdim edən QueeRadar Azərbaycan, Ermənistan və Gürcüstanda ümumilikdə 1141-dən çox media materialını təhlil edərək, LGBTİQ+ vətəndaşların mediada necə təqdim olunduğunu, yaxud çox vaxt onların səsinin necə susdurulduğunu üzə çıxarıb.
Niyə media monitorinqi aparırıq?
Kütləvi informasiya vasitələri ictimai rəyi formalaşdıran ən güclü təsir vasitələrindən biridir. Kimə rəğbətlə, kimə şübhə ilə yanaşılacağını, kimin səsinin eşidiləcəyini, kimin isə susdurulacağını məhz media müəyyənləşdirir.
Cənubi Qafqazda kuirlər ictimai həyatda olduqca az görünür və onlar haqqında manipulyativ məlumatlar sürətlə yayılır. Nifrət cinayətlərinin artdığı, seçkilərin yaxınlaşdığı və yeni qanunların kuir mövcudluğunu hədəf aldığı dövrlərdə media çox zaman “gözətçi” rolunu oynamır, əksinə, anti-kuir ritorikanın ruporuna çevrilir.
Bu il nələr gördük?
Azərbaycanda LGBTIQ+ mövzulu xəbərlərin 85%-i yerli həyat hekayələrindən yox, xarici hadisələrdən bəhs edib. Kuirlik, əvvəlki illərdə olduğu kimi, Qərbdən idxal olunmuş “siyasi gündəm” kimi təqdim olunub, siyasi rəqibləri gözdən salmaq və ya dövlət təzyiqlərini əsaslandırmaq üçün istifadə edilib. Təhlil edilən 691 xəbərdən cəmi 7-si (təxminən 1%-i) kuir mövzularını insan hüquqları çərçivəsində işıqlandırıb.
Ermənistanda media azadlığında müsbət irəliləyişlər olsa da, LGBTİQ+ mövzuları hələ də diqqətdən kənarda qalır və çox vaxt qütbləşdirici şəkildə təqdim olunub. Xəbərlərin böyük hissəsi regional hadisələrə reaksiya xarakterli olub, yerli reportajlara və ya icma ehtiyaclarına əsaslanmayıb. Diqqətçəkən məqamlardan biri trans qadınların bu il daha çox mediada görünməsi idi, lakin bu təqdimatlar nadir hallarda inkluziv və nüanslı olub – əksəriyyəti sensasiyaya yönəlib. Həmçinin bir çox media qurumunun yanaşmasının hələ də rusdilli media narrativləri əsasında formalaşdığı müşahidə olunub.
Gürcüstana keçməzdən əvvəl qeyd etmək lazımdır ki, burada baş verənlər Azərbaycan və Ermənistan mediasında geniş işıqlandırılıb. Qonşuda anti-kuir müstəvidə baş verənlər “bizlik deyil” deyə ötüşdürülməyib, oradakı hadisələr regionda media gündəmi və siyasi ritorikaya ciddi təsir göstərib.
Gürcüstanda 2024-cü il LGBTİQ+ hüquqları üçün ciddi geriləmə ili kimi yadda qalıb. Repressiv “Ailə dəyərləri” qanunu həm göy qurşağı bayraqlarını, həm də mediada kuir reprezentasiyasını qadağan edib. Hökumətyönlü media “Qadın qadındır, kişi kişidir” kimi kuirfob şüarları tənqidi yanaşma olmadan dəfələrlə təkrarlayıb. Trans model Kesaria Abramidzenin qətli isə yerli KİV-lərin çoxunda siyasi kontekstdən tamamilə ayrılaraq təqdim olunub.
Medianın dili niyə vacibdir?
Media sadəcə cəmiyyəti əks etdirmir, onu formalaşdırır. Jurnalistlər dövlət təbliğatını təkrarladıqda və ya kuir vətəndaşların səslərini gözardı etdikdə cəmiyyət daha yanlış məlumatlandırılmış və daha düşməncəsinə yanaşan bir mühitə çevrilir.
Media yalnız hekayə danışmır, həm də hansı hekayələrin danışılacağına qərar verir. LGBTİQ+ vətəndaşların ciddi stiqma və zorakılıqla üzləşdiyi bir regionda medianın kuirliyi necə çərçivələməsi təhlükəsizlik və təhlükə arasındakı fərqi müəyyən edə bilər.
Hesabatda nələr var?
- Ölkələr üzrə qərəz, inklüzivlik və media azadlığına dair təhlillər;
- Medianın dili və üslubu barədə vizual məlumatlar;
- Zərərli xəbər nümunələri;
- Sərlövhələrin quruluşu, senzura və medianın siyasi repressiyadakı rolu barədə analizlər.
Bu hesabatı yazıb bir kənara qoymaq üçün dərc etmirik.
Oxuyun. Paylaşın. İstifadə edin. Media qurumlarını cavabdehliyə çağırın.
“QueeRadar”ın İllik Hesabatını buradan yükləyin.

