2017-ci ilin polis reydlərindən qalanlar…

15 sentyabr, 2017-ci il. Həyatımda siyasətlə, siyasətin qəddarlığı ilə tanış olduğum ilk gecə. Siyasəti bədənimdə hiss etdiyim tarix… Beş ildən sonra həmin tarixi xatırlamaq asan deyil, amma unutmaq daha çətindir.

Həmin gün dostlarımla Şamaxinka adlanan ərazidəykən qəfildən bir qrup polis üstümüzə düşdü – bizi saxladılar və çox ağır söyüşlərin müşayiəti ilə zorla maşına mindirdilər. Nəsimi rayon 19-cu bölməsinə aparıldıq – hara aparıldığımızı sonradan öyrəndik, zorla izahat yazmağa məcbur edilənədək hansı polis bölməsində olduğumuzu bilmirdim. Bölməyə çatdığımız zaman orada bir neçə transın saxlanıldığına da şahid oldum. Ayaqüstü qulağıma çatan söhbətlərə görə, Bakı şəhərində 200-ə yaxın gey və transı həbs etmişdilər.

Həbsin səbəbini bilmirdim, amma bu qədər insanı bir neçə gecədə topladıqları üçün planlı bir iş idi; translar nəyinsə, yaxud kiminsə hədəfinə çevrilmişdi. Hər ağızdan bir səs çıxırdı, amma heç bir məntiqli görünmürdü bu kütləvi həbs üçün.

Bölməyə çatıb rəisin qəbuluna aparılanda bizi sorğu-suala tutdu. Pul verəcəyimiz tədqirdə bizi buraxacağını dedi. Bəziləri yerindəcə rüşvəti ödədi, digərlərinin isə pulu yox idi. Mən də pulsuz idim. Bütün əşyalarımızı əlimizdən alaraq məcburi sənədlər imzalatdırdılar. Məni tutan polisin haqqımda yazdığı raportu aşağıda paylaşıram. Sonradan məhkəmə prosesində bu sənədlə tanış olmaq imkanım olmuşdu. Biz “anti-milli” ünsürləri təmizləyən milli polisin ana dili biliyini göstərmək üçün bəzi sözləri işarələyirəm. Raportda cümlələr arasında nöqtə işarələri olmasa da, asan oxunması üçün mən əlavə etmişəm.

“… xidmət apararkən Moskva prosbekti Şamaxinka deylən yerdə saat 04:00 radələrndə cinsi azlıq kimi tanınan bir nəfər şəxsin ətrafdan keçən adamlara söz ataraq əxlaqsız təkliflər etdiyini gördüy. Həmin şəxsin hərəkətləri insanlar arasında narazılığa səbəb olurdu. Biz ona yaxınlaşıb özümüzü təqdim etdikdən sonra şəxsiyətini təsdiq edən sənədi təqdim etməyi tələb etdiy. O öz növbəsində bizim qanuni tələbimizə məhəl qoymayaraq kobudluq etməyə başladı (siz kimsiz, gedin işinizlə məşğul olun deyərək əl-qol atırdı.) Biz həmin şəxsi XXX çağrışlı xidməti afdomaşna əyləşdirip qanuni tələblərimizə riayət etmədiyi üçün onu 19-cu polis bölməsinə dəvət etdiy. Xahiş edirik bu şəxs barəsində qanuni tədbir görülməsinə gösdəriş verəsiniz”.

Əlbəttə, bu raportda bir dövlət məmurunun dövlət dilində buraxdığı xətalar saxta ittihamın, eləcə də məni bölmədə məruz qoyduqları zorakılığın qarşısında heç bir əhəmiyyət kəsb etmir.

Daha sonra Binəqədidə İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saçlarımızın qırxılması və bir çox sadalamaq istəmədiyim alçaldıcı hərəkətlər təxəyyülümdə canlandıra bilmədiyim şeylər idi. Sırf trans qadınam deyə, 20 gün içərisində başıma gəlməyən qalmadı. 20 gün illərlə uzandı sanki. Ağır bir cinayətkara qarşı belə, qeyri-insani davranışa yol verməməli olan dövlət nümayəndəsi trans qadınlara 2017-ci ildə divan tutmuşdu. Aldığımız travmalardan uzun müddət özümüzə gələ bilmədik. Hətta marketə gedib çörək almağa belə qorxduğumu xatırlayıram…

2017-ci ilin sentyabrında cəmi 18 yaşım var idi. Azərbaycan Neft və Sənaye Universitetində 3-cü kursa başlayırdım ki, bu misli görünməmiş polis reydi məni təhsildən də məhrum qoydu. Düzdür, gender kimliyim səbəbilə ali təhsilimə əngəllər yaradılmayacağına dair zəmanət yox idi, amma həbs damğası bu prosesi sürətləndirdi. 

Təhsilin ilk ili hər şey yaxşı idi, lakin növbəti ildən problemlər yaranmağa başladı. Mən gender kimliyimi büruzə verməyə və özümü olduğum kimi aparmağa başladıqca ətrafdan təzyiqlər də özünü göstərirdi. Tələbələrin geyimlərinə rəsmi şəkildə heç bir qadağa olmasa da, rəhbərlik mənim feminin geyimlərimə qarışır, gözümçıxdıya salırdı.

Qrup yoldaşlarımın da münasibəti rəhbərlikdən o qədər fərqli deyildi. Məni qadın və yaxud trans kimi istəmirdilər, ona görə də hər zaman tək qalırdım. Onlar qrup halında universitetin kafesində yemək yeyərkən mənə təhqiredici sözlər deyirdilər. “Ona baxın, gey buradadır”, – deyirdilər. Müəllimlərdən ən homofob olanı mənə qarşı xüsusi canfəşanlıq göstərirdi. Mənim trans olduğumu, camaatı pozduğumu, universitet qaydalarına uyğun gəlmədiyimi əsas göstərərək universitetdən kənarlaşdırılmağımı istəyirdi. Lakin hansı qaydalar olduğunu anlamaqda çətinlik çəkirdim. O boyda universitetdə mənimlə yaxşı rəftar edən sadəcə fizika müəllimimi xatırlayıram. Qrupdakı 23 tələbə içərisində hər gün dərsdə tapşırıqlar edən 5 nəfərdən biri idim, həmin müəllim isə yalnız dərsə qiymət verərdi. Geyimə, tərzə, görünüşə və cinsi kimliyə deyil…

Özümü gizlətməməyə başladığım tələbəlik illərində üzləşdiyim transfobik aktlar belə, məndə qorxu yaratmağa kifayət etməmişdi. Hansı cəmiyyətdə yaşadığımı başa düşürdüm, ona görə də başqa münasibət gözləmirdim. Ailəm, qohumlarım, qonşularım, həmyerlilərim – hamısı homofob idi, onlar tərəfindən gördüyüm təzyiqlər qarşısında belə, ciddi sarsılmamışdım.

Lakin olduğum kimliyə görə dövlət tərəfindən cəzalandırılmağım Azərbaycana dair bütün ümidlərimi dəfn etdi. Kürəyimi söykəyəcəyim bir ədalət sistemi yoxdursa, başıma bir bəla gələndə üz tuta biləcəyim və hüquqlarımı qoruyacağına əmin olacağım bir dövlət yoxdursa, məni necə gələcək gözləyir vətənimdə? Və nə etməliyəm bu halda? Bu suala nəinki LGBTİQ+ların, hətta bütün dədə-baba qaydalarına və sosial normalara tabe olan heteroseksual vətəndaşların da bir cavabı var, məncə. Baş götürüb getmək!

Mən də belə etdim. Həbsdən sonra Azərbaycanda qorxu altında keçirdiyim, gizlənə-gizlənə yaşadığım dövrdə sadəcə bir suala cavab axtarırdım: mən burdan hara, necə gedə bilərəm?

2019-ci ildə öz şəxsi maddi vəsaitim və bəzi tanışların dəstəyi ilə Avropa ölkələrindən birinə gəldim. Ölkənin adını çəkməyə ehtiyat edirəm, sanki arxamca gəlib geriyə qaytaracaqlar…

Burda ilk günlərim, aylarım olduqca çətin keçdi. Qaçqın həyatını yaşayanlar bilər evsiz-eşiksiz qalmaq nə deməkdir. Siyasi sığınacaq üçün müraciətimə baxılanadək bir çadır alıb küçədə yatırdım… Bütün məhrumiyyətlərə baxmayaraq, bir dəfə də olsun burda trans olduğuma görə döyülə, təhqir oluna biləcəyimi ağlıma gətirməmişəm. Kurslara gedərək yerli dili də öyrəndikdən sonra yeni dostluqlar, tanışlıqlar ilə yeni mühitə adaptasiya olmağa başlamışam. Artıq bu ölkədə ömürlük yaşamaq icazəsi də var əlimdə. 

Azərbaycandan arxamca sürünüb gələn qorxularımdan da yavaş-yavaş arınıram. Ölkəmlə olan bağım sadəcə anam və bacılarımdır – onlar üçün çox darıxıram. Bacılarım ailəlidir deyə, onlarla danışmaq imkanım yoxdur; ailələrində problem yaranmasın deyə, əlaqə saxlamıram.

Təkcə anamla gizli danışırıq. Hər gün danışmaq istəyir və çox ağlayır. Anam mənim trans kimliyimi bildikdən sonra da münasibətimiz pozulmadı, sadəcə dayılarımın onun üzərində təzyiqi var, ona mənimlə əlaqə yaratmağa icazə vermirlər.

***

2017-ci il hadisələri mən siyasətlə görüşdürən ilk hadisə oldu. LGBTİQ+un siyasi mahiyyətini o zorakı hadisədən sonra anlamağa məcbur oldum. O vaxt siyasət və siyasətçilər düşmüşdü dalımızca, amma indi biz o siyasətçilərin yaxasından yapışmışıq. İnsan haqları hüquqşünasları dəstəyi ilə müraciətimiz Avropa İnsan Hüquqları Məhkəməsindədir. Əvvəllər də trans qadınlar polis reydlərindən zərər çəkmiş olsalar da, 2017 hadisələri vaxtı ilk dəfə bizim səsimizə səs verənlər tapıldı, məhkəmədə müdafiəmizə qalxanlar oldu. Bu, həm də Azərbaycanda LGBTİQ+ aktivizminin böyük nailiyyəti idi. Gec də olsa, səlahiyyətindən sui-istifadə edən dövlət nümayəndələrinin bizə etdiyi haqsızlığa görə cavab almağını görməyə tələsirəm…

Məqalə “Minority Azərbaycan” üçün QueeRadarın mentorluq proqramı (2022) çərçivəsində hazırlanıb.

İllüstrasiyalar: Aydan Həsənova