Necə danışırıq: LGBTİQ+ lüğəti

LGBTİQ+ lüğəti

Defamasiyaya qarşı Gey və Lezbiyanların Alyansı (GLAAD) və Kaos GL-nin materialları əsasında hazırlanıb.

 

Bu siyahıda biz daha çox istifadə edilən terminlərin açıqlamasını vermişik. Növbəti dəfələrdə digərlərini də təqdim edəcəyik. Onu da vurğulamaq istəyirik ki, LGBTİQ+ aktivizmin sayəsində bu sahəyə dair termin və ifadələr canlıdır, davamlı dəyişikliyə məruz qalır. Ona görə də oxuduğunuz müddətdə  burdakı ifadələrin queer mübarizə prosesində dəyişilmə ehtimalını nəzərə almağınızı xahiş edirik.

Cins

Bioloji hesab edilən cinsiyyəti ifadə edir. Mainstream, dominant fikrə əsasən, cinsiyyət qadın və kişi olmaqla ikiyə bölünür, lakin belə deyil. İntersekslərlə birlikdə 3 cins var – qadın, kişi və interseks. Şəxsin fiziki, bioloji və genetik xüsusiyyətlərinin bütününə cinsiyyət deyilir.


Cinsiyyət kimliyi

Şəxsin özünü hansı cinsiyyətdə hiss etdiyini və başqaları tərəfindən necə görünmək istədiyini ifadə edir.


Gender

Fərqli mədəniyyət, zaman dilimi və coğrafiyalarda insanlara verilən rollardır. Məsələn, qadından “qadın kimi”, kişidən “kişi kimi” olmağı tələb etmək və s.


Gender rolu

Şəxsin özünü aid hesab etdiyi cinsdə göstərmək üçün etdiklərinin və dediklərinin cəmidir.


Cinsi oriyentasiya

Hər hansı bir fərdin eyni cinsin və/və ya əks cinsə, eləcə də lezbiyan, gey, biseksual və ya heteroseksual və digər oriyentasiyadakı şəxslərə qarşı cinsi, romantik və/və ya emosional istəyini ifadə edən  bir termin. İnsanın cinsi oriyentasiyası stabil olmadığı üçün fərdin gey, lezbiyan və ya biseksuallığının anadangəlmə ya sonradan olduğu müzakirəyə açıq deyil. Fərdin öz cinsi oriyentasiyasını bilməsi üçün illah cinsi təcrübəyə ehtiyac yoxdur. Faktiki olaraq, onların bu baxımdan heç bir cinsi təcrübəyə ehtiyacı yoxdur.


Homoseksual

Həmcinsinə və/və ya qarşı cinsə qarşı cinsi, romantik və/və ya emosional istəyi olan insanları təqdim etmək üçün istifadə olunan termin. Son illərdə homoseksual sözü “queer” termini ilə də əvəzlənir.


Heteroseksual

Qarşı cinsə cinsi, romantik və/və ya emosional istəyi olan insanları bildirmək üçün istifadə olunan termin. İngilis dilində bu termin yerinə “straight” sözü də qarşınıza çıxa bilər.


LGBTİQ+

Lezbiyan, gey, biseksual, trans, interseks və kuir sözlərini ifadə edən akronim. Müxtəlifliyi düzgün olaraq əks etdirə bilmədiyindən “gey icması” terminindən istifadə olunmamalıdır. Bunun əvəzində isə LGBTİQ+ ifadəsinə üstünlük verilir.


Lezbiyan

Digər bir qadına qarşı cinsi romantik və/və ya emosional istəyi olan hər hansı bir qadını bildirir.


Gey

Əvvəllər homoseksualları ifadə etmək üçün istifadə olunurdu. Lakin indi əsasən hansısa kişiyə qarşı cinsi, romantik/emosional istəyi olan kişiyə deyilir.


Biseksual, Bi

Eyni cinsdən və ya başqa cinsdən olanlara qarşı cinsi, romantik və/və ya emosional istəyi olan şəxs. Həyatı boyunca insanlarda bu istək müxtəlif formalarda və müxtəlif dərəcədə ortaya çıxa bilər. Biseksual olmaq üçün biseksual şəxslərin seksual təcrübəyə malik olmasına ehtiyac yoxdur.


Trans

Cinsiyyəti doğum zamanı təyin edilən cinsiyyətlə eyni olmayan şəxslərə trans deyilir. Trans termini oriyentasiya yox, cinsiyyət kimliyi ilə əlaqəlidir. Buna görə də biseksual, lezbiyan, gey və digər oriyentasiyalardan ola bildikləri kimi, hər hansı bir oriyentasiyanı seçməyə də bilərlər.

Dünyaya gələndə şəxsə təyin edilən cinsiyyət “kişi” olmağına baxmayaraq, əslində qadın olan şəxslərə “trans qadın”, dünyaya gələndə şəxsə təyin edilən cinsiyyət “qadın”, əslində kişi olan isə “trans kişi” deyilir. Trans cinsiyyət kimliyidir və şəxs özünü cinsiyyəti olan və ya ümumiyyətlə, cinsiyyətsiz biri kimi bəyan edə bilər. Transgender və transsekssual terminləri artıq köhnə termin sayıldığı üçün o terminlərin yerinə “Trans” işlətmək daha adekvatdır.


Transseksual (köhnəlmiş termin)

Artıq istifadə edilməsə də, adaptasiya periodunda olan şəxsləri ifadə etmək üçün istifadə edilən termin idi. Həm kişi, həm də qadın üçün istifadə edilir.


Transgender (köhnəlmiş termin)

Adaptasiya əməliyyatı olub olmamasından asılı olmayaraq, hansısa formada artıq adaptasiya perioduna başlayan şəxsləri ifadə edir.


İnterseks 

Cəmiyyətin tipik “erkək” ya “dişi” kateqroiyasına uyğun gəlməyən, ya da hər iki kateqoriyaya da uyğun gələn xromosomlar, genital orqanlar və/və ya hormonlarla doğulan şəxslərdir. Əksər intersekslərin bəyanı qadın və ya kişidir. İntersekslik cinsiyyəti ifadə etdiyi üçün intersekslərin də cinsi oriyentasiyası heteroseksual, homoseksual, biseksual və ya digər oriyentasiyada ola bilər. İnterseksləri “anormal” bədənlər kimi görən tibb və siyasətin intersekslər haqqında istifadə etdiyi “hermafrodit” sözünü istifadə etmək olmaz.


Kuir (Queer)

Bəzi insanlar, xüsusi ilə də cinsi oriyentasiyası müstəsna olaraq heteroseksual olmayanlar tərəfindən sifət qismində istifadə olunan söz (kuir şəxs, kuir qadın). Adətən özünü kuir kimi ifadə edən şəxslər lezbiyan, gey və biseksual kimi sözləri həddən artıq məhdudlaşdırıcı və ya özlərinə yad hesab etdikləri mədəni konnotasiyalarla dolu terminlər kimi görürlər. Bəzi insanlar öz cinsi mənsubiyyətini təsvir etmək üçün “kuir” və ya daha geniş yayılmış “genderkuir” sözlərindən istifadə edə bilərlər. Bir vaxtlar təhqiramiz ifadə hesab olunan “kuir” sözü artıq LGBTİQ+ aktivizmi sayəsində mənimsənilərək, kuirlərin lehinə və kuirləri ifadə edən söz kimi isitfadə edilir. LGBTİQ+ abbreviaturasının sonunda Q hərfi gəlirsə, bu, bir qayda olaraq “kuir” sözünü və ya çox az hallarda “questioning”, yəni gender mənsubiyyəti ilə bağlı axtarış mərhələsində olanları ifadə edir.


Kaming aut (Coming out)

Kimliyi haqqında kiməsə və ya kimlərəsə məlumat verilməsi. Kimliyin geniş və ya kiçik qrupda – şəxsi, ictimai və/və ya peşəkar həyatında – gizlədilməməsi, açıq bəyan edilməsi.


LGBTIQ+fobiya

LGBTIQ+fobiya lezbiyan, gey, biseksual, trans, interseks və ümumilikdə kuirlərə qarşı mənfi fikir və davranışları cəmləşdirən məfhumdur. LGBTİQ+lərə və LGBTİQ+liyə qarşı duyulan nifrət, təşviş, narazılıq və ayrı-seçkilik olaraq izah edilir.


Adaptasiya əməliyyatı (cinsiyyət dəyişmə əməliyyatı – köhnəlmiş termin)

Bu, adaptasiya prosesinin yalnız kiçik bir hissəsini təşkil edir. “Cinsiyyət dəyişmə əməliyyatı” ifadəsindən çəkinmək lazımdır. Kiməsə münasibətdə “əməliyyatdan əvvəl” və ya “əməliyyatdan sonra” sözləri işlədilməməlidir. Transların adaptasiya əməliyyatı keçirtmək məcburiyyəti olmadığı kimi, kimliyi haqqındakı bəyanının da əsasını adaptasiya əməliyyatı müəyyənləşdirmir. Jurnalistlər cərrahi əməliyyatların adaptasiya prosesində rolunu həddən artıq vurğulamaqdan çəkinməlidirlər.


Crossdresser (CD)

Fərqli cins ilə assosiasiya olunan paltlarları hər kəs geyinə bilər, lakin “crossdresser” termini bəzi hallarda qadınlarla assosiasiya olunan paltar, makiyaj və aksessuarlardan istifadə edən kişiləri bildirir. Lakin şəxs həm kişi, həm də qadın ola bilər. Bu kimi davranış gender ifadəsinin bir formasıdır və əyləncə məqsədi daşımır. Crossdresserlər öz cinslərini həmişəlik dəyişmək və ya daimi olaraq qadın kimi yaşamaq arzusunda olmurlar.


Cisgender

Trans olmayan şəxsləri təsvir etmək üçün istifadə olunan termin. “Cis” latın mənşəli prefiks olub “eyni tərəfdə” deməkdir və bu səbəbdən də “trans” sözünə antonimdir. Əvvəl “natrans” istifadə edilirdi, lakin sonradan trans aktivizm sayəsində termin “cisgender” ilə əvəzlənməyə başlayıb.


Qeyri-binar və/və ya genderkuir (Non-binary, genderqueer)

Gender mənsubiyyətlərinin və/və ya gender ifadələrinin kişi və qadın kateqoriyaları xaricində olduğunu hiss edəninsanlar tərəfindən istifadə olunan terminlərdir. Onlar öz cinslərinin haradasa kişi və qadın cinsləri arasında olduğunu təyin edə və yaxud onu bu terminlərdən tamamilə fərqli bir cins kimi təyin edə bilərlər. Bu termin transgender və ya transseksual terminləri ilə sinonim deyil və yalnız hər hansı bir şəxsin özünü qeyri-binar və/və ya genderkuir kimi təqdim etdiyi halda istifadə oluna bilər.


Qarşılaşdığınız/eşitdiyiniz, amma bu siyahıya salınmamış və bizdən açıqlamasını istədiyiniz bir termin varmı? Sual və təkliflərinizi bizə yollaya bilərsiniz: info@queeradar.com