Gürcüstanda kompakt şəkildə yaşayan etnik azlıqlar arasında mövcud olan dil baryeri və bu icmalara məxsus mühafizəkarlıq etnik azlıqların kuir nümayəndələrinin təcrid olunmasına, həssas bir vəziyyətə düşməsinə və ölkədəki kuir hüquqlarının müdafiəsi üzrə təşkilatlar üçün görünməz olmasına gətirib çıxarır.
28 yaşlı Namiq (ad şərtidir) Gürcüstanın Kvemo Kartli regionunda yaşayan etnik azərbaycanlıdır. O, hələ məktəbliykən uzun saç saxladığına görə əmisi onun oxuduğu məktəbə gəlib və sinif yoldaşlarının gözü qarşısında zorla saçlarını kəsərək onu təhqir edibmiş. Sinif yoldaşları isə onun bu cür təhqir olunmasına baxıb gülüşüblər…
“O vaxtlar heç kim mənim homoseksual olduğumu başa düşə bilmədi. Heç kimə bildirmədim. Çünki qorxurdum.”
“ILGA Europe” təşkilatının illik hesabatlarına əsasən, üç Cənubi Qafqaz respublikası arasında kuirlərə qarşı ən tolerant ölkə Gürcüstandır. Bu ölkə öz qonşularından sosial münasibətlərdə ayrıseçkiliyin daha az olması və gender kimliyi və cinsi orientasiyasına görə ayrıseçkiliyi qadağan edən mütərəqqi qanunveciliyin mövcudluğu ilə fərqlənir.
Lakin Namiqin və Gürcüstanda etnik azlıqlar arasındakı kuirlərin həyat təcrübəsi onu göstərir ki, bu ölkənin “İLGA” təşkilatı tərəfindən müəyyən edilən reytinqi bəzi hallarda daha çox rəmzi xarakter daşıyır.
Maneələr
Azərbaycanlılar Gürcüstanda ən böyük etnik qrupdur. 2014-cü il siyahıyaalınmasına əsasən, Gürcüstanda 233 mindən çox etnik azərbaycanlı yaşayır ki, bu da ölkə əhalisinin 6.3%-nə bərabərdir. Azərbaycanlılar əsasən Kvemo-Kartli, Kaxeti, Msxeta-Mtianeti və Acariya regionlarında, eləcə də Tbilisi və Rustavi şəhərlərində kompakt şəkildə yaşayırlar.
“Kvemo Kartli bölgəsində homoseksual olduğunu rahatca söyləmək və ya sosial şəbəkədə paylaşmaq bir xəyaldır sadəcə”, Namiq deyir. “Bizim icmada homoseksual kişilərə “petux” deyirlər və həmin insanları “daşlayırlar”. O əlavə edib ki, təkcə kuir şəxslər deyil, onların ailələri də hədəfə çevrilir.
Dil baryeri isə bu zorakılığın daha da adiləşməsinə və qaçılmaz olmasına səbəb olur. Gürcüstandakı azərbaycanlıların əksəriyyəti gürcü dilini bilmir və nəticədə ölkədəki mövcud proqramlardan və xidmətlərdən xəbərsiz qalırlar. Ölkədə baş verən hadisələrdən təcrid olunma isə bir çox hallarda icmanın ölkənin digər yerlərində baş verən mütərəqqi proseslərdən kənar qalmasına gətirib çıxarır.
Lakin bu o demək deyil ki, həmin icmalar tam şəkildə təcrid olunublar. Misal üçün, Namiq kuir təşkilatların mövcudluğu barədə 16 yaşında, əmisi ona kompüter alanda xəbər tutub. “O andaca araşdırmağa başlamışdım. Mənim kimi insanların olduğunu öyrəndim”, deyə o xatırlayır. “Çox sevinmişdim. Çünki xəstə deyildim. Bu, xəstəlik deyildi. Hüquqları qoruyan təşkilatların olduğunu öyrənəndə çox sevinmişdim və bu, özümü qəbullanmaqda böyük rol oynamışdı”.
Gürcüstanda qadın hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış “Sapari” təşkilatının fəalı Şəlalə Əmircanova “OC Media”ya bildirib ki, etnik azlıqların yaşadıqları ərazilərdə heç bir böyük təşkilat və ya ictimai xadim LGBT mövzusunda açıq şəkildə danışmır və belə bir işlə məşğul olmaq istəyən azərbaycandilli təşkilat yoxdur.
“Təəssüf ki, icmanın hətta açıq fikirli, savadlı üzvləri belə LGBT+ ilə bağlı məsələlərə mənfi yanaşırlar və öz icmalarında bu mövzu ilə bağlı heç bir sosial iş aparmırlar”.
“Bərabərlik Hərəkatı” Tbilisidə fəaliyyət göstərən və kuirlərin hüquqlarının müdafiəsi və onların gürcü cəmiyyətinə sağlam inteqrasiyasının təşviqi ilə məşğul olan bir təşkilatdır. Təşkilatın nümayəndəsi İra Silanteva “OC Media”ya müsahibəsində bildirib ki, bu təşkilat tərəfindən etnik azərbaycanlılar arasındakı kuirlərlə bağlı hər hansı bir layihə və ya araşdırma həyata keçirilməyib.
“Etnik azərbaycanlı olan yanlız bir neçə LGBTİQ+ şəxs dəstək üçün bizim təşkilata müraciət edib”, Silanteva deyir. “Biz bu məsələ ilə bağlı nə edə biləcəyimiz barədə fikirləşəcəyik”.
“OC Media” Gürcüstandakı azərbaycanlı icması əlaqədar hər hansı bir işin həyata keçirilməsi ilə maraqlanmaq üçün kuirlərin hüquqlarının müdafiəsi üzrə ölkədəki digər aparıcı təşkilatlara sorğu göndərib. Məlum olub ki, heç bir təşkilat tərəfindən belə bir iş görülməyib.
“Aşiq oldum”
19 yaşlı İbrahim (ad şərtidir) də Kvemo-Kartlidə yaşayır. O, uşaqlığından bəri öz həmcinslərinə qarşı istək və marağını başa düşsə də, qorxu hissi onu hərəkət etməkdən həmişə çəkindirib.
“Uşaqlıqdan bəri hər zaman hisslərimi gizlətməyə çalışmışam. Çünki yaşadığım yerdə və ailədə bu çox pis, qəbulolunmaz, yolverilməz bir səhv olardı. Bilmirdim nə edim. İnsanlar bir şeylərdən şübhələnməsin deyə, qızlarla əlaqə qurmağa çalışırdım”, o, “OC Media”ya deyib.
18 yaşına çatanda isə İbrahim aşiq olur. “Tbilisi küçələrində onun əlini tutdum, hətta kəndimizdə, insanların olmadığı bir yerdə, biri gələr deyə qorxmadan dəlicə öpdüm onu. Necə xoşbəxt olduğumu anladım, necə olmaq istədiyimi, özümü necə sevdiyimi anladım”.
Amma içindəki utanc hissi onların münasibətinin pozulmasına səbəb olur. “Amma bir müddət sonra aradan itdim və onunla görüşmədim, sanki psixologiyam mənimlə oynayırdı. “Bunu edə bilməzsən, axı ailən nə edər, nə düşünərlər” deyirdi beynimdəki adam”.
İbrahim qeyd edir ki, tələbə olub Tbilisiyə oxumaq üçün köçənədək öz cinsi orientasiyasını kimləsə bölüşmək onun üçün qeyri-mümkün olub.
“Qorxurdum ki, məni evdən qovarlar”, o deyir. “Qorxurdum ki, sevgimə şübhə edərlər, məni psixoloqa götürməyə çalışarlar, məni ondan ayırarlar, ya da ona bir şey edərlər. O zaman elə ölmüş kimi bir şey olardım”.
İbrahim ölümdən və homofob zorakılığın qurbanı olmaqdan da qorxub.
O “OC Media”ya bildirib ki, homofob və qatı mühafizəkar olan təkcə azərbaycanlı icması deyil və hətta Tbilisidəki mütərəqqi insanlar hələ də homofob fikirlər bəsləməkdə davam edirlər.
“Çox təhsilli tanışım var, deyirlər ki, biz tolerant yanaşırıq”, o deyir. “Ancaq adicə fərqli geyimli şəxsə rast gələndə narahat olurlar, o insanlarla ünsiyyətdən uzaq dururlar”.
“Onlar hesab edirlər ki, tolerant olduqlarına görə, o insanları öldürmürlər və döymürlər. Həmin insanların fikrincə tolerantlıq anlayışı həmin “anormal” şəxsləri döyməməklə formalaşır”.
Bütün çətinliklərə baxmayaraq İbrahim ümidini itirmədiyini deyir.
“Xoşbəxtəm ki, insanlara yavaş-yavaş açıla bilirəm. Ümid edirəm ki, cəmiyyətimizdə aktiv gənclər daxillərindəki homofobiyanı və baryerləri aradan qaldıraraq, bu sahədə də işlər görərlər”.
İkili həyat
Namiqin ilk münasibəti 17 yaşında olub. Məktəbi qurtarana yaxın müəllimləri onu və sinif yoldaşlarını Tbilisiyə ekskursiyaya aparır. Orada o, başqa bir azərbaycanlı – Əli (ad şərtidir) ilə tanış olur.
“Əli Tbilisidən idi. Elə tanışlığımızın ilk zamanından qəribə hisslər keçirmişdim”, Namiq xatırlayır. “Ekskursiya zamanı mənlə maraqlanır, söhbət etməyə çalışırdı. İlk zamandan fərqli olduğumu anlamışdı”.
“Sonradan daha yaxın olduq və həyatımda kiməsə homoseksual olduğumu söylədim. Bir müddət sonra münasibətimiz özü formalaşmağa başladı”.
Əli ilə Namiqin münasibəti 5 il davam edib. Onların ayrılmasına səbəb isə bir çox kuir azərbaycanlılar kimi, Əlinin də məcbur olaraq evlənməsi olur.
“Elə bir cəmiyyətdə yaşayırsan ki, onlar sənin həyatının ən önəmli qərarlarını verir”, Namiq şikayətlənir. Əlinin başına gələn axırda onun da başına gəlir.
“ “Qız kimi” hərəkətlərim ətrafda yavaş-yavaş söz-söhbətə səbəb olurdu. Ailəm artıq narahat olmağa başlıyırdı. Son zamanlarda hiss edirdim ki, anam hər şeyi hiss edir. Onlar mənim evlənməyimi istəyirdilər. Mən isə buna qarşı çıxırdım”.
Bir gün Namiqin anası ciddi xəstələnir. Təkid edir ki, oğlu evlənsin və o, nəvə görsün. “O anlar həyatımda ən çətin anılarım idi”, o xatırlayır. “Həyatımda ən çox sevdiyim varlıq anamdır”.
O, hətta öz cinsi oriyentasiyasını dəyişmək üçün seksoloqa da müraciət edib və yanlış olaraq inanıb ki, hormon terapiyası yolu ilə düz ola bilər.
Sonda Namiq peşman olub. “Təsəvvür edirsiz, öz şəxsiyyətimə xəyanət etdim. Evləndim”.
“Artıq ikili həyatım var. Bir tərəfdə cəmiyyətin mənim üçün yaratdığı həyat, harada ki, həyat yoldaşım və mən bədbəxtəm. İkincisi isə, gizlin həyatımdır ki, onu isə mən özüm yaratdım və orada çox xoşbəxtəm. Onu çox sevirəm, o da məni çox sevir”.
Qeyd: OC-Media platformasında ingiliscə dərc olunmuş məqalə 2020-ci il üzrə “Ən yaxşı məqalə” nominasiyasında QueeRadar tərəfindən həvəsləndirici mükafatla təltif edilib. Məqalədə LGBTİQ+ üç versiyada təqdim olunub. Yazının orijinalına toxuna bilmədiyimiz üçün mətndə dəyişiklik etmədik. Lakin doğru ifadənin LGBTİQ+ olduğunu vurğulamaq istəyirik.
Müəllif: Gülgün Mamedxanova