Mayın 17-si – LGBTİQ+fobiyaya qarşı mübarizə günü Azərbaycan mediasında necə əks olundu?
Monitorinq zamanı 17 May 2020 tarixində LGBTIQ+ ilə əlaqəli fobik yaxud LGBTIQ+ dəstəkli kontent paylaşan xəbər platformalarına nəzər salmışıq. Sözü gedən tarixdə LGBTIQ+ dəstəkli kontent paylaşan ancaq Mikroskop Media və Amerikanın Səsi olub. Digər saytların 17 May 2020 tarixli LGBTIQ+ ilə əlaqəli fobik kontentləri bu cürdür:
1) News24.Az saytı “Bakıda səfirlik qarşısında homoseksualların bayrağı UCALDILDI – FOTO” başlığı ilə Britaniya Səfirliyinin binası önündə göyqurşağı bayrağı asılmasına dair 3 cümləlik xəbər yazıb, xəbərdə qırmızı və böyük hərflərlə “ucaldıldı” sözünü vurğulayaraq bunu sensasion xəbər kimi təqdim edib. Xəbərin içərisində göyqurşağı sözünü dırnaq içərisində təqdim etməklə məsələyə dırnaqarası mövqe nümayiş etdirdiyini təsdiqləmiş olub. Bu xəbər bir neçə sayt tərəfindən olduğu kimi köçürülüb.
2) News24.Az növbəti xəbərini “Gürcüstanın ortodoks kilsəsi və Homofobiyanı dəstəkləyənlər qarşı-qarşıya gəldi” başlığı ilə verib. Başlıqdakı məntiq xətası onu düşünməyə əsas verir ki, qurum homoseksuallıq yazmaq istəyib, amma mövzudan xəbərsiz olmaları nəticəsində məntiqsiz bir sərlövhə alınıb. Xəbərin özü isə Gürcüstanın LGBTİQ+fobik kilsə xadimlərinin “ailə müqəddəsliyi günü” ayinlərinə həsr olunmaqla, homofobiyanı bəsləyib.
3) “Tankın qabağında dayanmağı bacaranlar LGBT önündə…” kimi militarist, etatist, fobik xəbər başlığını axtarışa versəniz, görərsiniz ki, bu vlogu yayımlamaq üçün çoxsaylı xəbər saytı sırada durubmuş… Yeniçağ.Az saytının Aqil Ələsgər adlı vloggeri öz çıxışını Milli Şuranın faşist və LGBTİQ+fobik iclası ətrafında gedən söhbətlərə həsr edib. İclasda səsləndirilən nifrət nitqinə qarşı sonradan bəzi Şura üzvlərindən gələn açıqlamaları qınamaqla LGBTİQ+ləri öz “firqə davalarına” alət edib, alçaldıcı kontekstə qoyub.
4) Eyni kontekstdə LGBTİQ+ləri yada salan digər mətbuat qurumu Dövlət Neft Şirkətinin “iki sahil” qəzetidir. Xəbər hökumətyönlü Böyük Azərbaycan Partiyasının sədri Elşən Musayevin insanları alçaldan leksikonundan ibarətdir.
5) Konkret.az saytı dünən Əbu Bəkr Məscidi dini icmasının rəhbəri Qamət Süleymanova müraciət edib, ondan LGBTİQ+lərin varlığını analiz etməyi istəyib. Nifrət nitqi xəbərin başlığından başlayır: “Mavilər cəmiyyəti korlayır və bunlar irəli çəkilərək təbliğ olunur”. Süleymanovun təmsil etdiyi baxış bucağını nəzərə alaraq bu nifrət nitqinə təəccüblənməyə əsas yoxdur. Lakin xəbəri tamamilə bir nəfərin diskriminativ çıxışı üzərində qurmaq və tirajlamağa jurnalist və redaktor məsuliyyət daşıyır. Müsahibin işıqfor ilə müqayisəsini şərh etməyi isə sizə buraxırıq: “Hər bir şeyin həddi var. Bu o demək deyil ki, hər nə etsən icazəlidir. O zaman işıqforlarda dayanmaq qadağası götürülsün. Əlbətdə ki, yox, buna ehtiyac var. Bəli, buna da ehtiyac var, qadağan olmalıdır”.
6) “Bundan daha böyük fəlakət ola bilməz” – Məşhurlar geylər haqqında nə deyir? Başlığı ilə Milli.Az – Xəbər Portalı dünən filosof və siyasət adamlarının homoseksuallıqla bağlı fikirlərini yada salıb (Kulis.az saytlna istinadən). Müsbət və mənfi rəyləri bir araya yığmaqla balanslı, peşəkar bir mətn irəli sürdüklərini düşünürlərsə, yanılırlar. Xəbərin başlığı öz sözünü deyir: fobik sitatı önə çıxarmaqla sensasional kontekst yaratmaq, başqa sözlə, fobiya ilə “click” qazanmaq. Üstəlik, mətnin içində “müsbət” deyə təqdim olunan fikirlər LGBTİQ+lərə dair köhnə stereotiplər və “həyat tərzi” stilindədir, “mənfilər” isə açıq-aşkar nifrət nitqi və etibarsızlaşdırmadır.